115 ton neft həbs olunub
Yunanıstan ələ keçirilən gəmidəki yükü ABŞ-a göndərəcək
Yunanıstan liman polisinin bildirdiyinə görə, ABŞ məhkəmə sisteminin tələbi ilə ələ keçirilən Rusiya bayraqlı tankerdəki İran nefti ABŞ-a göndəriləcək. Qərar Tehranın qəzəbi ilə qarşılanıb.
Keçən ay Yunanıstan rəsmiləri Türkiyənin Mərmərə terminalına getdiyi deyilən “Pegas” tankerini ələ keçirib. Gəmi göyərtəsində rus olduğu bildirilən ekipajı ilə Karistos lövbərində dayanmışdı.
Yunanıstan sahil mühafizəsi gəminin adının dəyişdirilərək “Lana” qoyulduğunu bildirib. Səlahiyyətlilər gəmini Rusiyanın fevral ayında Ukraynaya müdaxiləsindən sonra Aİ-nin tətbiq etdiyi sanksiyalara uyğun olaraq ələ keçirib.
Həmin vaxt verilən məlumata görə, tankerdə 115 min ton İran nefti olub. Yunanıstan liman polisinin sözçüsü AFP-yə deyib: “ABŞ-ın ədliyyə sisteminin tələbindən sonra neft bu ölkənin hesabına köçürüləcək”.
Tehran qərara kəskin etirazını bildirib və bunu “beynəlxalq soyğunçuluq” adlandırıb. İranın Limanlar və Dəniz Təşkilatının internet saytında dərc edilən bəyanatda əlavə edilib: “İran İslam Respublikası qanuni hüquqlarından imtina etməyəcək və Yunanıstan hökumətindən dənizçilik və gəmiçilik sahəsində beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyir”.
İranın Xarici İşlər Nazirliyi Beynəlxalq Dəniz Təşkilatı vasitəsilə Yunanıstan hökumətini tankeri və onun heyətini azad etməyə çağırıb və əlavə edib ki, “amerikalılar gəminin yükünü boşaldıblar”.
Afina İranın etirazlarına hələ cavab verməyib.