Abort aksiyaları
Hüququn tərəfdarları və əleyhdarları qərarın açıqlanmasından sonra Ali Məhkəmə önündə toplaşıb
ABŞ-ın bir çox şəhərlərində etirazçılar Ali Məhkəmənin 50 ildir mövcud olan konstitusion abort hüququnu ləğv etmək qərarına qarşı nümayişlər keçirirlər.
Məhkəmənin qərarı 1973-cü ildə qadınları hamiləliyin ilkin mərhələsində abort hüququ ilə təmin edən “Roe v. Wave” qərarını ləğv edərək, aborta icazə verib-verməməyi ştatların öhdəsinə buraxır.
Etirazçılar Nyu-York, Atlanta, Deyroyt və Los-Anceles daxil olmaqla bir çox şəhərdə nümayişlər keçiriblər.
Cümə günü Ayova ştatının Sedar Rapids şəhərində etiraz zamanı bir nəfəri yük maşını vurub. Polis zərərçəkənin xəsarətlərinin yüngül olduğunu bildirib.
Nyu-Yorkda yüzlərlə etirazçı “Roe-nu ləğv etmək olmaz” və “Abort hüquqları üçün ayağa qalxın” kimi şüarlar səsləndiriblər.
Vaşinqtonda isə abort hüquqlarının həm tərəfdarları həm də əleyhdarları cümə günü qərarın açıqlanmasından sonra Ali Məhkəmə binasının önündə toplaşıb.
Həftə sonu onların sayının artacağı gözlənilir.
Bir qrup Demokrat qanunverici ABŞ Konqresinin binasının önündə abort hüquqları nümayişçiləri qarşısında çıxış edib. Mütərəqqi ABŞ nümayəndəsi Aleksandria Okasio-Kortez insanları “küçələrə” çıxmağa çağırıb.
Abort hüquqlarının əleyhdarları cümə günü məhkəmənin qərarını musiqi, rəqs və “Əlvida, Roe” şüarı ilə qeyd ediblər.
Vaşinqtonun meri Muriel Bouser deyib ki, şəhərin polis idarəsinin rəisi “insanların Birinci Düzəlişdəki [nümayiş etmək] hüququndan təhlükəsiz şəkildə istifadə etmələrini təmin etmək” üçün federal rəsmilərlə işləyir.
Bu arada isə Vaşinqtonun yerli polis idarəsi cümə günü qüvvələrinin tamamilə aktiv vəziyyətə gətirildiyini bildirib.
ABŞ Prezidenti Co Bayden cümə günü amerikalıları Ali Məhkəmənin qərarına dinc etiraz etməyə çağırıb.
O deyib ki, bir çox amerikalının “məyus və ümidsiz” olduğunu bilsə də, zorakılığa əl atılmamalıdır.
“Zorakılıq heç vaxt qəbuledilməzdir. Təhdidlər və hədə-qorxular nitq deyil. Biz əsaslandırmanızdan asılı olmayaraq, zorakılığın hər formasına qarşı çıxmalıyıq”, – o deyib.