vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
20:42 | 15 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 2527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ilk dəfə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində

Azərbaycan Prezidenti dəvətə görə Özbəkistan rəhbərinə təşəkkürünü bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanın Səmərqənd şəhəri 15-16 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə ev sahibliyi edir. Azərbaycan ilk dəfə bu təşkilatın zirvə toplantısında təmsil olunur.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. Sentyabrın 15-də Səmərqənddə İranın ŞƏT-ə üzv olması ilə bağlı memorandum imzalanıb.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, habelə təhsil, enerji, nəqliyyat, turizm və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu var.

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib Azərbaycanla təşkilat arasında 2016-cı ildə əməkdaşlığa dair memorandum imzalanıb.

***


Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə ŞƏT sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə gəlib.

Dövlət başçısı rəsmi görüşlərdən öncə Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib. Prezident məzar önünə gül dəstəsi qoyub. Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub.

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin iyunda Özbəkistana dövlət səfərini xatırladaraq bu səfər zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu vurğulayıb. Qarşıda duran əsas məsələnin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan rəhbəri iki ölkənin mədəniyyət xadimlərinin qarşılıqlı təltif olunmasını müsbət hal kimi dəyərləndirib.

İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Şavkat Mirziyoyevə təşəkkürünü bildirib. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlət başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində təşkilatın zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti qardaş Özbəkistanın Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd edib. Bildirib ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.

Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.

***


Sentyabrın 15-də Səmərqənddə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.

Prezident Çinin lideri ilə əvvəlki görüşlərini məmnuniyyətlə xatırladıb, xüsusilə 2019-cu ildə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çinə səfərini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

İlham Əliyev COVİD-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib.

Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğulayıb, buna görə Si Cinpinə təşəkkürünü ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb, tələbə mübadiləsinin artırılması, ölkələrimizin şəhərləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

Qeyd edək ki, ŞƏT-in dövlət başçıları səviyyəsində zirvə toplantısı sentyabrın 16-da olacaq. Sammit çərçivəsində Azərbaycan Prezidentinin bir sıra görüşləri də nəzərdə tutulub.