vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QASTROL-TURNE  
13:50 | 10 oktyabr 2013 | Cümə axşamı Məqaləyə 10218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənc tamaşaçıların siftəsi

Aktyorlarımız Rusiyadan mövsümün ilk qastrol səfərindən dönüb

Milli.Az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyadan mövsümün ilk qastrol səfərindən dönüb Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabr ayının 30-dan oktyabr ayının 7-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilib.

Qastrol çərçivəsində kollektiv teatrın repertuarında olan ən maraqlı 3 tamaşa ilə çıxış etmişdir. Oktyabr ayının 1-i və 2-də kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış alleqorik birhissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçılarının görüşünə gəlmişdir.
Kollektivin Həştərxan şəhəri ilə tanışlığı Volqa çayı boyunca salınmış Azərbaycan parkı və parkda ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsinin ziyarət edilməsindən sonra başladı.
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan “Ana qaz” tamaşası məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılandı və Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə də tamaşaçılar tərəfindən aktyorların peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənildi.
Uğurla keçən qastrol səfərinin bağlanışında Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirmiş, daha sonra Həştərxan vilayəti mədəniyyət nazirinin Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunmuşdur.
Oktyabr ayının 4-dən 6-dək kollektiv Kalmikiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında xalq şairi Rəsul Rzanın “Ana qaz”, İşveç dramaturqu “Lars Nurenin “Müharibə” və alman yazıçısı və ssenaristi Patrik Züskindin “Kontrabas” əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış etmişdir.
Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının mədəniyyət naziri xanım Amulanqa Uçurova, elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva, Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökumət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri-hökumət təşkilatının sədri Sabir Quliyev, B.Basanqov adına Milli Dram teatrının bədii rəhbəri, RF-nın əməkdar incəsənət xadimi Boris Mandjiyev və teatrın direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva Qalina Borisovna qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirmiş, kollektiv üzvlərinə fəxri diplomlar təqdim etmişlər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirmiş, Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulamışlar.
Məlumat üçün bildirək ki, ikitərəfli yaradıcılıq müqaviləsinə əsasən, bu ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, gələn ilin may ayında isə Kalmıkiya Milli Dram Teatrının ölkəmizdə qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunmuşdur.