vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QASTROL-TURNE  
18:11 | 10 iyul 2013 | Çərşənbə Məqaləyə 4682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sirk artistimizin dünya şöhrəti

Avropanı şəhər-şəhər gəzən Araz Həmzəyevin səsi bu dəfə Amerika qitəsindən gəldi

sia.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Təkrarsız çıxışları ilə uzun illər boyu Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən həmyerlimiz Araz Həmzəyev indi də dünyanın bir nömrəli Kanadanın Cirque du Soleil (“Günəş sirki”) sirkinin Las-Veqasdakı proqramına dəvət alıb. SİA-nın məlumatına görə, baş ofisi Kanadanın Monreal şəhərində yerləşən Cirque du Soleil dünyada analoqu olmayan nəhəng bir sirk korporasiyasıdır. Bu sirkin hər bir proqramı üzərində böyük yaradıcı qrup çalışır. Sirk artistləri, rejissor, xoreoqraf, geyim və qrim ustaları, səs rejissorları və başqa sənət sahibləri bir araya gələrək maraqlı süjetə malik baxımlı, rəngarəng, qeyri-adi tamaşalar yaradırlar. Əsası 1984-cü ildə qoyulan Cirque du Soleil sirkinin tamaşaları dünyanın 280-dən artıq şəhərində nümayiş edilmişdir. Hazırda “Günəş sirki”ndə 40 fərqli millətə mənsub 4 min adam çalışır.

Cəmi 26 yaşı olduğuna baxmayaraq, zəngin yaradıcılıq bioqrafiyası olan Araz Həmzəyev çox kiçik yaşlarından etibarən sirkdə çıxış etməyə başlayıb, gərgin məşqlər nəticəsində öz bədəninin yüksək dərəcədə elastikliyinə və çevikliyinə nail olub. Xarici ölkələrdə “Sümüksüz oğlan”, “İlan - adam” ləqəbi ilə məşhurlaşan Araz, son 15 il ərzində Avropanın ən məşhur sirklərinin – İtaliyanın “Medrano”, “Circo Embel Riva”, “Lidia Togni”, “Rony Roller”, “Circo di Francia”, ” Circo di Mosca”, “Bellucci”, İspaniyanın “Raluy”, Norveç Krallığının “Arnardo”, Finlandiyanin “Sirkus Finlandia” və digər bu kimi sirklərinin heyətində müvəffəqiyyətlə çıxış edib.
Arazın istedadı teatr rejissorlarının da diqqətini cəlb edib. 2001-ci ildə məşhur İtaliya rejissoru Romeo Kastelluçi onu hazırladığı “Genezis” tamaşasına dəvət edib. Tamaşa Moskvada A.P.Çexov adına IV Beynəlxalq teatr festivalında uğurla nümayiş olunduqdan sonra dünya turuna çıxaraq, Los-Anjeles, Melburn, Pert, Honq Konq, Seul şəhərlərində də göstərilib.
Araz Həmzəyev mütəmadi şəkildə müxtəlif beynəlxalq sirk festivallarına da dəvət olunur. Bu il İjevskdə keçirilən festivaldakı uğurlu çıxışından sonra o, noyabrda Fransanın Sen-Pol-le-Daks (Saint-Paul-lès-Dax) şəhərində keçiriləcək beynəlxalq sirk festivalına, eləcə də dekabr ayında Almaniyanın “Circus Flic Flac” sirkinə dəvət alıb.