İlk alqışın əks-sədası
Kamançanın yanıqlı səslə inildədən Şəfiqə Eyvazova
Rafael HÜSEYNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Kamança ilə ilk dəfə babamın ad günündə tanış oldum»
Londonda yaşayan Aida Məmmədova: «Qonşuluqda azərbaycanlı musiqi müəllimin yaşamasından təəccübləndik»
-
Bu da bir qismət, həm də içərisində alın yazısı daşıyan və yəqin ki, təsadüf olmayan bir bəxt hadisəsi idi ki, Şəfiqənin heç yadından çıxmır.
O gün, o hadisə Şəfiqənin də hafizəsində həmişəlik qalacaq və məhəllə sakinləri də həmin şad gündəki bu bir neçə dəqiqəlik ifanı heç vaxt unutmayacaq.
Bu, belə görünür ki, bir ömür naxışı imiş və o anlarda Şəfiqənin gələcək sənət taleyinin ilk təməl kərpici qoyulurmuş.
O vaxt Şəfiqənin 7-8 yaşı varmış. Məhəllələrində toy çalınırmış. Bu məclisə Nadir Axundov, Çingiz Mehdiyev kimi məşhur ifaçılar dəvət edilibmiş.
Balaca Şəfiqə pəncərənin taxçasında əyləşibmiş, ayaqlarını bir-birini əvəz edən gah yeyin, gah həzin musiqilərin ahənginə uyğun olaraq yelləyə-yelləyə aləmi unudaraq aludəliklə dinləyirmiş.
Birdən əmoğusu Ənvərin gözü sataşır Şəfiqəyə. Əlində tutub gətirir musiqiçilərin yanına və «Evdə oxuduqlarından burda da oxu», - deyir.
Bir neçə il keçəcək, Şəfiqə dindirməsən danışmayan, utancaq, başıaşağı, hətta bir az qaraqabaq kimi görünən sakit qız olacaq. Hələliksə uşaq idi, nə utanıb-çəkinmək vardı, nə sıxılmaq. Və başlayır bir neçə kərə baxdığı «Cənab 420» filmindən ayrı-ayrı ifadələri dillərdə əzbər olan bir hind mahnısını oxumağa.
Oxuyur, hamı əl çalır və qaçıb getmək istəyəndə bir tərəfdən Nadir Axundov, o biri yandan Çingiz Mehdiyev əl-ələ tutaraq onun yolunu kəsirlər: «Hara qaçırsan, ay dəcəl? Nə gözəl oxudun! Başqa nə bilirsən? Bəlkə birini də oxuyasan?».
1950-ci illərin ortalarında «Naməlum qadın» adlı ərəb filmi Bakı kinoteatrlarında yenicə nümayiş etdirilirmiş. Ancaq Şəfiqə artıq o filmə 2-3 dəfə baxıbmış. Başlayır həmin filmdən bir mahnını oxumağa.
Nadirlə Çingiz mənalı-mənalı baxışırlar.
Peşəkar musiqiçilər idilər, mahnının mürəkkəb melodiyasını, hər oxuyanın edə bilməyəcəyi çətin gəzişmələrini bu xırdaca qızın necə asanca, həm də gözəl canlandırdığını eşidincə həm heyrətlənir, həm sevinirdilər.
...Sonra yarım əsrdən uzun sürən sənət ömrü boyunca dönə-dönə ən ali mükafat kimi eşidib qəbul edəcəyi alqışlarının ilkini Şəfiqə o gün qazanır.
Azərbaycanın dörd bucağında, keçmiş SSRİ respublikalarında, ABŞ-da, Almaniyada, Fransada, İsveçdə, İtaliyada, Belçikada, Şərq ölkələrində... çıxışlar edəcək, kamançası ilə dünyanı gəzəcək və minnətdar, məmnun aıqışlar onun daimi yol yoldaşı olacaq.
Di gəl, bu alqışların heç biri 7-8 yaşında ikən Dağlı məhəlləsində ona doğmalarının, yaxınlarının bağışladığı ilk alqışın yerini verməyəcək.
O ilk alqışın şirinliyi ömrü boyu damağından getməyəcək, o birinci qazandığı alqışın əks-sədası həyatının hər anından gələcək, həmişə Şəfiqə Eyvazovaya dayaq olacaq, güc verəcək...