vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
PROBLEM  
23:18 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 4089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erotik «xalq nağılları» ...

... yaxud uşaqlarımız nə oxuyur?

MÖVZU İLƏ ƏLAQƏLİ

İnternet dövrünün uşaqlarını «Cırtdan»la, «Şəngülüm-şüngülüm»lə, «Tıq-tıq xanım»la aldatmaq mümkün deyil. Onları, ümumiyyətlə, aldatmaq mümkün deyil, müasir uşaqlar daha dolğun, daha həyati ədəbi nümunələr axtarır, orada öz dünyalarını, fantaziyalarını görmək istəyirlər. Lakin kitab mağazalarında satılan uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti, təəssüf ki, bu tələblərə cavab vermir.

Araşdırdığımız uşaqlar üçün nəzərdə tutulan xalq nağılları nümunələrinin əksəriyyətinin redaktə olunmadan çapa verdiyinin şahidi oluruq. Müasir müəlliflər tərəfindən yaradılan uşaq ədəbiyyatı nümunələrinin böyük hissəsi isə bəsit, dayaz, bir çox hallarda isə qeyri-etik ifadələrlə dolu, bəzən müxtəlif dini təriqətlərin təsiri ilə yaradılmış nümunələrdir.

Bəs erotik elementlərin, qeyri-etik ifadələrin, zorakılıq səhnələrinin uşaq ədəbiyyatında yer almasına görə kim məsuliyyət daşıyır? Ümumiyyətlə, uşaqların oxuduğu kitablara nəzarət edən qurum varmı? Virtualaz.org bu suallara cavab axtarıb.


«Azərbaycan xalq nağılları»nı uşaqlarıma qadağan eləmişəm…»


9-10 il əvvəlki dövrlə müqayisədə uşaq ədəbiyyatı nümunələrinin çox olması yaxşı hal olsa da, kitablara nəzarətin olmaması ciddi problemlər yaradır. Elə bu səbəbdən də əksər valideynlər uşaqlara kitab alarkən seçim qarşısında qalırlar. Valideyn Lətafət Musayeva deyir ki, uşaqlarına Azərbaycan xalq nağıllarını oxumağı qadağan edib:

«Uşaqlara «Azərbaycan xalq nağılları» kitabınının I və II cildlərini almışdım. Alanda sevindim ki, daha onları televizor və internetdən uzaq tuta biləcəyəm. Amma 9 yaşlı oğlum birinci nağıla başlar-başlamaz anlaşılmaz dialekt sözlərinin mənasını soruşdu. Doğrusu, onları heç özüm də bilmirdim. Amma bu hamısı deyil, oxuduğu nağılda elə dəhşətli səhnələr var idi ki, ondan sonra kitaba qadağa qoydum».

Həmsöhbətim deyir ki, əgər nağıllar uşaqlar üçündürsə, onda qeyri-etik ifadələr, dialekt sözləri, zorakılıq səhnələri oradan yığışdırılmalıdır.

Valideynlər həm də müasir müəlliflər tərəfindən yaradılan uşaq ədəbiyyatı nümunələrindən narazıdırlar. Onların sözlərinə görə, müəllif nağıllarının böyük əksəriyyəti mənasız söz yığınından ibarətdir. Əslində, uşaqlar üçün kitablar xüsusi qaydada hazırlanmalı olsa da, nə müəllif, nə tərtibatçı, nə redaktor, nə də nəşriyyat özündə məsuliyyət hiss etmir.

«Kitabevim.az» mağazasının əməkdaşı Elnur Novruzov da bizimlə söhbətində eyni problemlə üzləşdiklərini deyir. Onun sözlərinə görə, dəfələrlə uşaq nağıl kitabları alan valideynlərin şikayətləri ilə rastlaşıblar.

«Valideynlər ən çox uşaq nağıllarında qeyri-etik ifadələrin işlənməsindən narahatdırlar. Bəzən uşaqların yaşına uyğun olmayan «18+» kateqoriyalı ifadələrlə yanaşı, qəddarlıq, zorakılıq səhnələri də olur. Biz də hesab edirik ki, valideynlər haqlıdırlar, amma belə hallarla mübarizə aparmağın yolunu bilmirik. Bilmirik hara, kimə şikayət edək», - deyə E.Novruzov bildirir.


«Əksər özəl nəşriyyatlarımızda redaktor yoxdur»


Ədəbiyyatşünaslar hesab edirlər ki, istər böyüklər, istərsə də uşaqlar üçün nəzərdə tutulmuş nağıl kitablarında pornoqrafik səhnələr olan hissələr varsa, bunlar ya boş buraxılır, ya da onların əvəzinə nöqtələr qoyulur. Ümumi kütlə üçün nəzərdə tutulan və satışa buraxılan nağıl kitablarında Azərbaycan mentalitetini, mədəniyyətini bilən mütəxəssislər tərəfindən həmin bu bölmələrin ixtisarı aparılır.

Təhsl eksperti Əjdər Ağayevin virtualaz.org-a bildirdiyinə görə, uşaqlar üçün nəzərdə tutulan nağıllarda nəinki qeyri-etik ifadələr, ümumiyyətlə, kobud sözlər belə işlədilə bilməz. Belə ifadələr «Min bir gecə nağılları», «Kəlilə və Dimnə» və digər böyüklər üçün olan nağıllarda istinadır.

«Bu məsələdə nəşriyyatlar məsuliyyət daşıyır. Əslində, nəşriyyatlar nəşriyyat rolunu oynamır, kitab çapı mexaniki funksiya daşıyır. Bizim özəl nəşriyyatlarımızın böyük əksəriyyətində redaktor yoxdur. Onlar belə ifadələri çıxarmalıdırlar. Bundan başqa, ictimai nəzarət olmalıdır. Nəşriyyat redaktorları ştatları işləməli və onların məsuliyyəti artırılmalıdır».

Ə.Ağayevin sözlərinə görə, elmi əsərlərin çapında elmiliyin gözlənilməsi, plagiatın olmaması, elmiliyə söykənən əsərlərin yazılmasına nəzarət edilməlidirsə, ədəbi-bədii əsərlərdə onun sənətkarlıq xüsusiyyətlərinə, ideyasına, dilinə nəzarət edən qurum olmalıdır.

«Sovet dövründə nəzarət əslində siyasi mahiyyət daşıyırdı ki, hökumət əleyhinə, partiya əleyhinə ifadələr olmasın. Bunlar doğru deyildi, dövlətin siyasi nəzarəti yox, amma sənətkarlığa bədii şura nəzərati olmalıdır. Ya nəşriyyatların özünün bədii şurası olsun və ya respublikada bir bədii şura olsun. Bu özəl təşkilat da ola bilər. Bu məsələ ciddi şəkildə hökumət səviyyəsində qaldırılmalıdır. Əgər nəzarət lazım deyilsə, qanunlar, konstitusiya nəyə lazımdır? Qanun ədəb dairəsini, elmi, siyasi dairəni göstərir, formalaşdırır. Deməli, burada da qanunlar, nəzarət olmaldır. Biz bu məsələni başlı-başına buraxmışıq və ona görə də, neçə illərdir ədəbi nəşrlərin hazırlanmasında geri gedirik. Bununla bağlı hökumətə təkliflər verilməlidir».

Ekspertin sözlərinə görə, qonşu ölkələrdə bu baxımdan vəziyyət fərqlidir.

Rusiyanın, ABŞ, İngiltərənin, elə Türkiyənin elmi mədəniyyəti o qədər yüksəkdir ki, orada 1-2 elmdən kənar əsər və ya bu tip bədii əsər meydana gələ bilər. Orada bizim rastlaşdığımız problem olmadığına görə, belə nəzarətə də ehtiyac yoxdur.


Dövlət nəzarəti olmalıdır


Tənqidçi Elnarə Akimova da mətbuata müsahibəsində hesab edir ki, bütün digər məsələlərdə olduğu kimi, uşaq ədəbiyyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir. Nəşriyyatlar idxal etdikləri məhsula kommersiya maraqları səviyyəsindən yox, gələcəyimiz üçün atılan müqtədir addımın bir nümunəsi kimi baxmalıdır. Bunun üçün: a) ciddi, peşəkar uşaq ədəbiyyatı nümunələri yaradanlarla əməkdaşlıq eləməli; b) uşaqlardakı obrazlı yaddaşın möhkəmlənməsinə xidmət edən rəssamlıq işlərinə önəm verməli, mətnlə rəsm işlərinin harmonik tamlığı bərpa olunmalıdır.

Mütəxəssis hesab edir ki, yazılan mətnlərdə, çəkilən cizgi filmlərində mətnə milli, ideya baxımından sağlam düşüncənin hopmasına diqqət edilməlidir. Yalnız bu halda yad təsirlərdən qoruna, əndişələrimizi yenə bilərik. 


«Biz icazəsiz heç nəyi dəyişə bilmərik» – nəşriyyat


«Azərbaycan xalq nağılları» çoxcidlik kitabını nəşr edən «Şərq-Qərb» nəşriyyatı ilə əlaqə saxladıq. Bildirdilər ki, nəşriyyat müəllifin topladığı və ya yazdığı nağıllara heç bir dəyişiklik edə bilməz:

«Azərbaycan xalq nağılları kitabında toplanan nağıllar müəllifə məxsusdur və biz onlara heç bir dəyişiklik edə bilmərik. Hətta orada elə sözlər var ki, məsələn, «gələjəh» sözünü bizə gələcək kimi düzəliş etməyə icazə verməyiblər. Biz ancaq nöqtə-vergülündə düzəliş edə bilmişik. Bu nağıllar qədim nağıllardır və müəllif tərəfindən necə yazılıbsa, elə də saxlanılıb. Yəni, belə qalmasını müəllif istəyib, biz icazəsiz heç nəyi dəyişə bilmərik», - deyə nəşriyyatdan bildirdilər.

Təhsil Nazirliyindən bildirdilər ki, nazirlik ancaq dərsliklərə nəzarət edir. Təhsil nazirliyinə aid olmayan, özəl nəşriyyatlarda çap edilən nümunələrə cavabdeh deyil.

«Bunları hansı nəşriyyat nəşr edirsə, rəy verirsə, onlar cavabdehlik daşıyırlar», - deyə nazirlikdən bildirdilər.

Göründüyü kimi, bu məsələdə tənqidçilər nəşriyyatı, nəşriyyat isə müəllifi günahkar çıxarır. Olan isə təhsilə və gələcəyimizə olur. Belə vəziyyətdə ümid ancaq valideynin öz məsuliyyətinə qalır.