vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
13:47 | 10 fevral 2018 | Şənbə Məqaləyə 4016 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ya yeni «Yol xəritəsi», ya da...

Bakı üçün seçkisonrası kritik bir ay; Ermənistanda Azərbaycandakı erkən seçkilərdən dolayı post-aprel xofu güclənir

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın son qurultayında Qarabağ mövzusunda son çıxışı əslində Bakının seçki sonrası «Yol xəritəsi» də adlandırıla bilər. Həmin çıxışda ölkə başçısı ermənilərin «miatsum» kimi absurd arzusu üçün heç bir şans, ümid saxlamadı və bir daha «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək» dedi, üstəlik, «tarixi Azərbaycan torpağı olan İrəvana, Zəngəzura, Göyçəyə qayıtmalıyıq» söylədi.

Bu açıqlama ATƏT-in Minsk Qrupu həmsədrləri bölgədə ikən verilməsi ilə xüsusi diqqət çəkir. Prezidentin çıxışı həmçinin, o anlama gəlir ki, apreldən sonra - nə vaxt ki, işğalçı Ermənistanda da seçki mərhələsi bitəcək və status-kvonu uzatmaq üçün İrəvanın da, vasitəçilərin də seçki bəhanəsi əldən çıxacaq, sülh danışıqlarında real dönüş olmalıdır. Əks halda, elə yaydaca müharibə qaçılmaz ola bilər. Təsadüfi deyil ki, İlham Əliyev həmin çıxışında Azərbaycanın hərbi potensialı barədə də kifayət qədər danışdı.


***

 

Gözlənildiyi kimi, ölkə başçısının apreldən sonraya hesablanmış mesaj-anonsları Ermənistanda əks-səda doğurub, xofu daha da artırıb. Yerli siyasi ekspertlərə görə, «Azərbaycan lideri seçkiləri 6 ay qabağa çəkməklə, prezident seçkisini tez başa vurmağa tələsməklə yayda Dağlıq Qarabağ məsələsi ilə daha aktiv məşğul olmaq niyyətindədir».

Bu qəbildən gözləntilər haqda danışan erməni rəsmiləri də narahatlıqlarını gizlətmirlər. Məsələn, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan dünən Azərbaycandakı növbədənkənar prezident seçkisi mövzusunda «Azadlıq» radiosuna (ermənicə) danışarkən təmas xəttində monitorinqin gücləndirilməsi vacibliyini önə çəkib, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində «əldə olunmuş razılaşmalara əməl olunmasının zəruriliyini» qeyd edib.

Yada salaq ki, 4 günlük aprel müharibəsindən az sonraya təsadüf edən həmin görüşlər zamanı atəşkəsin pozulması hallarına nəzarəti artırmaqla bağlı təkliflər səslənmişdi. Bu isə işğal rejiminin uzanmasında maraqlı olan və Azərbaycanın hərbi zərbələrindən sığortalanmağa çalışan düşməni tərəfini tam qane edir. Lakin Bakı bu təklifləri geri çevirib və konfliktin həllində real dönüş olmayınca faktiki cəbhə xəttinin rəsmi cəbhə xəttinə çevrilməsinə imkan verməyəcəyini bəyan edib.

Prezidentin son çıxışı da köçəryanların ümidlərinin reallaşmayacağının anonsu hesab oluna bilər. Erməni tərəfi ən əvvəl buna görə narahatdır. Yeri gəlmişkən, dünən təmas xəttində işğalçı qüvvələrin daha bir hərbçisi məhv edilib. Bu itkilər heç vaxt azalmayacaq - ta ki, İrəvan sülh danışıqlarında konstruktiv mövqe tutanacan.


***


Ermənistanda Qarabağ mövzusunda yaşanan daha bir təlaş barədə. Bu günlər erməni parlamentində yeni Milli Təhlükəsizlik Şurası haqda qanun layihəsinə baxmalıdır. Maraqlıdır ki, yeni qurumun tərkibinə prezident və parlamentin spikeri daxil olmayacaq. O, yalnız baş nazirin rəhbərliyi altında fəaliyyət göstərəcək. Prezidentliyə əsas namizəd olan Aram Sərkisyan isə artıq bununla bağlı öz narazılığını bildirib.

«Biz müharibə vəziyyətində olan ölkəyik və baş nazir ali baş komandandır. Allah eləməmiş, birdən müharibə zamanı ona bir şey oldu, bu məsələləri kim müzakirə edəcək - kənd təsərrüfatı və iqtisadiyyat sahəsi üzrə mütəxəssis olan vitse-baş nazir?» Erməni qaynaqların məlumatına görə, bunu o, deputatlarla görüşdə söyləyib.

Onun sözlərinə görə, prezidenti Şuranın iclaslarında iştirakdan məhrum eləmək yanlışdır. «Əgər mühüm müdafiə məsələləri müzakirə olunan zaman prezident orada iştirak eləmirsə, onsa o, kimə lazımdır», - deyə Aram Sərkisyan sual edib. O, parlamentin spikerinin də Şura tərkibinə daxil edilməsinin vacib olduğunu deyib.


***


Ancaq yeni prezident yeni Milli Təhlükəsizlik Şurasının tərkibində olsa da, olmasa da, bir şey dəqiqdir ki, işğalçı ölkənin rəhbərliyi apreldən sonra da Dağlıq Qarabağ münaqişəsinə dair mərhələli həlli nəzərdə tutan yeni «Yol xəritəsi»nə razılıq verməsə, müharibə variantından yayınmaq mümkün olmayacaq.

Yeri gəlmişkən, danışıqları intensivləşdirməyin vacibliyini Azərbaycan XİN-i də bəyan edib. XİN-in mətbuat katibi Hikmət Hacıyev həmsədrlərin son səfərin ilə bağlı bildirib ki, «apreldən sonra həmsədrlərin sülh danışıqlarını sürətləndirmək barədə razılığa gəlinib». Bu açıqlama da İrəvanda müəyyən təlaş doğurub.

Rusiyalı tanınmış analitik Qriqori Trofimçuk isə hesab edir ki, rəsmi Bakı prezident seçkisini qabağa çəkməklə ən əvvəl elə danışıqlar prosesinə təsir göstərmək niyyəti güdür. Politoloq 1 in.am nəşrinə müsahibəsində bu xüsusda deyib: «Bölgədə, bütövlükdə qlobal siyasətdə təhlükəli meylər müşahidə olunur. Azərbaycan rəhbərliyi də prezident seçkisini Ermənistandakı prezident və baş nazir seçkilərindən dərhal sonraya təyin eləməklə bu hadisələrə tam hazırlıqlı olmaq istəyir. Rəsmi Bakı öncəliklə də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şoferlə münasibətləri yaxşılaşdırıb onun mövqeyinə təsir eləmək niyyətindədir. Çünki o, ABŞ kimi bir dövləti təmsil edir - hərçənd, bütün həmsədr ölkələr vacibdir. Bakı hesab edir ki, Şofer yaxın zamanlarda Qarabağ nizamlanmasına dair Vaşinqtonun yeni baxışını əks etdirən sənəd hazırlayaraq Vaşinqtona təqdim edəcək. Seçkinin vaxtını dəyişməkdə də başlıca səbəb odur ki, Azərbaycan məsələdə ciddi irəliləyişin olmadığını görür və danışıqların daha 5 il, 10, 20 il uzanmasını istəmir».

Rusiyalı analitik bir maraqlı detala da toxunub: «Ermənistanda yeni prezident bəlli olan kimi, Bakı informasiya sahəsini idarə eləməkdə monopoliyaya malik olacaq. Məhz bu bir ay ərzində - nə vaxt ki, Ermənistanda parlamentli idarəçilik sisteminə keçid, hakimiyyət fiqurlarının yerdəyişməsi və rotasiyası baş verəcək, - Azərbaycan informasiya situasiyasına nəzarət edəcək və danışıqlar prosesinə nəzarət edən bütün strukturlara təzyiq edəcək. O sırada  Ermənistanın yeni prezidentinə də informativ və mümkündür ki, başqa növ təzyiqlər göstəriləcək ki, danışıqlar prosesi nəticəsiz şəkildə illərlə uzanmasın».

Ehtimal eləmək olar ki, Bakının təzyiqləri situasiyadan asılı olaraq, cəbhə xəttində  işğalçıya hərbi xarakterli lokal və daha geniş miqyaslı zərbələri də ehtiva edir...