vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:09 | 15 mart 2019 | Cümə Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstan səhvindən dönür?

Zurabişvilidən Ermənistana sərt reaksiya

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan Prezidenti Salome Zurabişvili mart ayının 13-də Ermənistana rəsmi səfər edib. Zurabişvilinin İrəvan səfəri Bakı səfərindən daha maraqlı və səs-küylü olub. Zurabişvili deyim yerindəysə açıq bir şəkildə Ermənistanı öz paytaxtında kəskin tənqid edib və Azərbaycanda sərgilədiyi mövqeyi dəyişməyib.

Belə ki, Zurabişvili Bakıda olanda Azərbaycan və Gürcüstanı ortaq faciələrin birləşdirdiyini və bu faciələrin işğal faktoruyla bağlı olduğunu bəyan etmişdi. Zurabişvili bu sözlərlə rəsmən Ermənistanı işğalçı adlandırmışdı.

Zurabişvilinin Bakı səfərindəki bu mövqeyi Ermənistanda böyük narahatlıq doğurdu. Hələ Zurabişvili İrəvana gəlib çatmadan bəzi erməni millət vəkilləri “Zurabişvilidən bu məsələdə izahat almağı” hökumətdən tələb edirdi. Ancaq tam tərsi baş verdi. Zurabişvili Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyanla görüşü zamanı erməni ictimaiyyətini şoka salan bəyanatlar verdi.

Beləki, Zurabişvili “Görüş zamanı xəbərdarlıq edib ki, onun ölkəsi üçün Gürcüstanın ərazi bütövlüyünün Ermənistan tərəfindən sözdə deyil, əməldə tanınması çox vacibdir. Dövlət başçısı burda aydınlaşdırıb ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. “Səfərlərin təşkilatçıları bununla nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir”,- Gürcüstan prezidenti narazılığını gizlətməyib. “Bu, çox təəssüf doğuran və ağrılıdır”, - Salome Zurabişvili eyni əhval-ruhiyyədə sözlərinə davam edib. “Biz hesab edirik ki, burada (Ermənistanda) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

Zurabişvili bu bəyanatla əslində Ermənistana Bakıdakı açıqlamalara izahat vermək üçün yox, Qarabağ ermənilərinin Gürcüstanın işğal edilmiş ərazilərinə səfəri barədə izahat almaq üçün gəldiyini nümayiş etdirdi. Təbii ki, Gürcüstan bu bəyanatlarla Ermənistanla əlaqələrini pozmaq istəmir, ancaq Azərbaycana rəğmən əməkdaşlıq etdiyi bir dövlətdən sözdə yox, əməldə dəstək gözləməyi də təbii haldır.

Zurabişvili bütün bunları media önündə, gərgin əhval-ruhiyyəylə nümayiş etdirərək bəyan etməsi təsadüfi deyil. Azərbaycanla son bir ayda münasibətləri xeyli gərginləşən Gürcüstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etdiyini açıq bir şəkildə göstərdi. Zurabişvilinin Ermənistanı media önündə qınaması isə iki hədəfə istiqamətlənirdi: Gürcüstandakı daxili siyasi auditoriyaya və Azərbaycana.

Biz, Zurabişvilinin İlham Əliyevlə görüşü zamanı da qeyd etmişdik ki, təkbətək görüşlər zamanı Əliyev Zurabişviliyə gərəkli xəbərdarlığı edib. Zurabişvili də İrəvanda bu xəbərdarlıqdan dərs aldığını göstərdi. Bunlar son aylarda Azərbaycanın səbrini sınayan Gürcüstanın gərginliyi azaltmaq və yenidən əməkdaşlığı intensivləşdirmək üçün göstərdiyi cəhdlərdir.

Əlbəttə ki, Gürcüstan Azərbaycan kimi bir müttəfiqi itirməmək üçün hər şeyi edəcək. Ancaq Ermənistandakı bəyanat Paşinyana ciddi bir mesaj idi. “Gürcüstan separatizmi dəstəkləmir və qulağının dibində Qarabağ separatçılarıyla abxaz-osetin separatçılarının əməkdaşlığına göz yuma bilməz”.

Düzü, Zurabişviliyə “çox sağ ol düşmür”. O, əsas öz ölkəsinin milli maraqlarını qorumaq üçün bu addımı atıb. Təbii ki, bunu həm də Azərbaycanın könlünü almaq üçün edib. Əsas da Gürcüstanda siyasi aktivliyini intensivləşdirən Gürcüstan azərbaycanlılarını öz tərəfinə çəkmək üçün Zurabişvili “İrəvan səfərindən” məharətlə istifadə etdi.

Bütün bunlarla birlikdə Paşinyanın siyasətinin uğursuzluğunu da qeyd etməliyik. Paşinyan istər Avakyana heykəl ucaldılması, istərsə də Gürcüstanın “Qazprom”dan qaz alması məsələsini sevinclə qarşılayıb. Azərbaycanla Gürcüstanının münasibətlərində gərginlik yaşandığı bir vaxtda Gürcüstanı ələ alıb, onu daimi müttəfiqə çevirməyə çalışdı. Ancaq Paşinyanın planını pozan öz kabineti və Qarabağ erməniləri oldu. Abxaziyanın və Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndə heyətlərinin görüşünün təyin edilməsi və erməni hökumətinin Rusiyanın da təzyiqiylə Abxaziyayla əlaqələrini intensivləşdirməsi Gürcüstan prezidentinin hiddətinə və Paşinyan siyasətinin iflasına səbəb oldu.

Diqqət yetirilməli olan digər bir məsələ Azərbaycan hökumətinin mövqeyidir. Belə ki, həm Gürcüstandakı “abidə böhranı” həm də İranda Paşinyanın iştirak etdiyi toplantıda yaşanan “selfi böhranı”nı Azərbaycan çox soyuqqanlı və qətiyyətli bir şəkildə sovuşdurdu. Gürcüstan və İrana lazımı cavab verilməklə birlikdə hər iki dövlətlə müttəfiqlik münasibətləri qorunub saxlanıldı. Bu son aylarda Azərbaycanın regiondakı mövqeyini zəiflətməyə çalışan və onunla müttəfiqləri arasında “süni böhranlar” yaradan güclərə də ən gözəl cavab oldu.