vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
12:22 | 27 iyul 2020 | Bazar ertəsi Məqaləyə 12416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Döyüşən söyüş ...

Yaxud prosesləri tərsinə çevirən əl

Aygün MURADXANLI

Unutmusunuzsa, yadınıza salım – 2 həftə öncə Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndinə hücum etdi. Biri general, 4 zabit, 8 əsgər, 1 mülki şəxs qurban verdik. Dildə demək asandır... 3 gün çəkən, işğalı 1 addım da azalda bilmədiyimiz döyüş üçün çox böyük itkidir. Təsəllimiz Ermənistan Silahlı Qüvvələrinin almağı çox istədiyi Qaraqaya yüksəkliyində Azərbaycan ordusunun bir qədər də möhkəmlənməsidir.

Savaşla paralel Bakıda yüzminlərin qatıldığı yürüş oldu – vətəndaşlar orduya dəstək üçün küçələrə çıxdılar. Xalq Ermənistanın Azərbaycan torpaqlarının işğalını genişləndirmək planına Qarabağda cavab verilməsini istədi. 27 ildə heç zaman görünməyən milli birlik yarandı. Siyasi kimliyindən, ictimai fəallığından asılı olmayaraq minlərlə insan ərazi bütövlüyünün bərpasının zamanı gəldiyini düşündü. Əlindən gələni etməyə hazır olduğunu bildirdi.

Sonra... hardansa bir əl prosesləri tərsinə çevirdi. Bir həftədir bir-birimizi didib-dağıdırıq... Bakıda yürüşü kim təşkil etmişdi, parlamentə hücum provokasiyasının arxasında kimlər dayanır, xaricdə küçələrə niyə çıxdıq, niyə erməniləri döydük, niyə erməniləri daha yaxşı döymədik, niyə xaricdəki aksiyaları hökumət təşkil etmir, hanı diaspora ayrılan pullar, niyə səfirliklər azərbaycanlıları aksiyaya çıxarır... Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağdan kənar ərazilərini hədəf alması, ölkənin qan damarları olan enerji xətlərini savaşın ortasında qoymaq istəyi, Rusiyanın yenidən Qarabağa ordu yeritmək cəhdi, keçmiş SSRİ ərazilərini yenidən nəzarətinə keçirmək üçün konstitusion zəmin yaratması – dövlət müstəqilliyimiz üçün ÇOX ciddi təhdid olan bunca ciddi məsələlərin hamısı yadımızdan çıxıb. “Başımızı aşağı salıb” ən sevdiyimiz işlə məşğuluq – içimizdə düşmən axtarırıq. İqtidarlı, müxalifətli...

Heç şübhəsiz o düşmən var. Ancaq biz hələ onu üzə çıxara bilməmişik, bilərəkdən, bilməyərəkdən onun planına xidmət edirik.

Prezident Administrasiyasının siyasi partiyalarla dialoq təşəbbüslərindən, tərkibini tam bəyənməsək də müsbət addım kimi qiymətləndirdiyimiz ziyalılarla görüş keçirməsindən elə hakimiyyətin öz içində rahatsız olanlar var. Belə olmasaydı, savaş başlayan kimi siyasi fəaliyyəti dondurduğunu elan edən Azərbaycan Xalq Cəbhəsinin üzvləri, ictimai fəallar kütləvi iğtişaş yaratmaq ittihamı ilə həbsxanalara doldurulmazdılar.

Prezident İlham Əliyevdə “müxalifət ermənidən də pisdir” fikri yaradan qüvvə xarici təcavüz zamanı ölkə daxilindəki milli birliyin təcavüzə qarşı ən güclü faktor olduğunu çox yaxşı bilir və bütün gücünü bu birliyin alınmamasına yönəldir. COVİD-19-un gətirdiyi sosial gərginlikdə əzilən, sabaha baxmaq üçün əlində çıraq ümid axtaran insanlarda idarəetməyə qarşı etimadsızlıq və aqressiya yaradanların Azərbaycanda müstəqil dövlət, güclü cəmiyyət qurulmasına qətiyyən imkan vermək istəməyən qüvvələrə bağlılığı gün kimi aydındır. Bir məsələni dərk etməliyik – ölkə içərisində gərginliyin yüksəlməsinə, toplumun daha çox parçalanmasına xidmət edən hər bir hərəkət o qüvvəni gücləndirir.

Xarici təcavüz davam edir. Aktiv hərbi əməliyyatların Azərbaycanın hansı bölgəsində bərpa ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. “Nəcməddin Sadıxov Baş Qərargah rəisi postunu qoruyursa, ehtimal olunan savaş Azərbaycan üçün məğlubiyyətdir” fikrinə inananların sayı hər keçən gün artır. Azərbaycan diplomatiyasının bu gün nisbətən xeyrimizə olan fürsətləri hara qədər yürüdə biləcəyi bilinmir. Ölkədə sürətlə dəyişən proseslər zamanı toplumun fikrini xarici təcavüzə qarşı yönəltməli olan vətəndaş cəmiyyəti institutlarının səsi heç Turgenyevin lal qəhrəmanın səsi qədər gəlmir. Biz isə mənasız iç didişmələrimizlə bizimçün qurulan tələyə doğru qaçırıq...

Siyasi məsuliyyət anlayışının hakimiyyətdən daha artıq olduğunu iddia edən müxalifət də çıxılmaz duruma salınıb. Ağdam kəndinə hücumdan dərhal sonrakı mövqedən əsər-əlamət qalmayıb. Sürətli həbs dalğası yalnız müxalifətdə təmsil olunan vətəndaşlarda deyil, Azərbaycanda müsbət dəyişiklik arzulayan, hakimiyyətin islahat vədlərinin nəhayət günlərin bir günü gerçək olacağına inananlarda da ümidsizlik, aqressivlik yaradıb. Ölkə döyüş yox, söyüş meydanına çevrilib...

Görünən odur ki, Azərbaycanın zəifləməsini, parçalanmasını istəyənlər eyni zamanda iki cəbhədə -daxildə və xaricdə savaşı durmadan körükləyirlər. Azərbaycan iki cəbhədə savaşmaq gücündə deyil. Nə daxili, nə xarici faktorlar buna imkan vermir. Çarə xarici qüvvəyə qarşı möhkəmlənmək üçün daxildəki cəbhədə üz-üzə duran tərəflərin hər ikisinin geri çəkilməsidir. İqtidar-müxalifət savaşında geriyə ilk addımı kim atacaqsa, həmin qüvvə Azərbaycanın gələcəyi üçün məsuliyyətini daha çox dərk etdiyini sübut etmiş olacaq.
“Hesabımız işğaldan sonraya qalsın“ demədən olmayacaq.

Aygün MURADXANLI