vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
PROBLEM  
10:26 | 23 iyun 2013 | Bazar Məqaləyə 2965 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Küçə uşaqlarının sığınacağı və sındırılmış uşaqlar...

“Küçələr heç bir sənədi və getməyə yeri olmayan uşaqlarla doludur”

RÖYA

MÖVZU İLƏ ƏLAQƏLİ

Çox zaman onların yanından etinasız ötüb keçirik, onlarsa uşaqlıqlarını küçədə müxtəlif basqılar altında yaşamaqdadır. Onlar küçələrdə, tinlərdə yatır, dilənir, yayın istisinin, qışın soyuğunun fərqinə varmamağa çalışaraq yaşayırlar. Bu körpələrin qayğıya, sevgiyə və ən əsası bir qarın isti yeməyə ehtiyacı var. Bu cür uşaqların paytaxtda sığındığı mərkəzlərdən birindəyik. Uşaq Sığınacaq Mərkəzi üç il əvvəl yaradılıb. Paytaxtda, Balababa Məcidov, 78 ünvanda yerləşir.

Sığınacağın rəhbəri Kəmalə Ağazadə həm də Azərbaycan Uşaqlar Birliyi adlı təşkilatın sədridir. O deyir ki, əvvəlcə 2007-ci ildə küçə uşaqları üçün günərzi mərkəzi, 2010-cu ildə Uşaq Sığınacaq Mərkəzini yaradıblar: “Biz uşaqları küçədən təcrid edirik, dövlət müəssisəsinə gedənə qədər uşaq burada reabilitasiya keçir, ailəsinə qayıtmaq ehtimalı varsa, qaytarılır. Reabiltasiya qısamüddətli də ola bilər, aylarla da davam edə bilər. Əsas işimiz baxımsız şəraitdə olan uşaqlarla işləməkdir. Onların hüquqlarının müdafiəsi istiqamətində hüquqi yardım göstəririk, həmin uşaqların psixoloji problemləri olur, psixoloji yardım göstəririk. Uzun müddət küçədə yaşayan uşaq psixoloji cəhətdən sındırılmış uşaqdır. Onlarla uzun müddət işləməyə ehtiyac var. Uşaq sığınacağa gələndə çox zaman xəstə gəlir. Hətta cinsi xəstəlik aşkarlanan uşaqlar da olur. Uşaqlar sığınacağa qəbul ediləndən sonra müayinə və müalicə də edilir”.
K.Ağazadə bildirir ki, küçədən tapdıqları uşaqların əksəriyyətinin heç bir sənədi olmadığından, onları dövlət müəssisələrinə, uşaq evlərinə yerləşdirmək mümkün olmur: “Çətinliklər yaranır. Əksəriyyətində sənəd, bəzilərində yaş problemi olur. Məsələn, bir qızımız var, 16 yaşı tamam olacaq. 14 yaşından sığınacaqdadır. İndiyədək ona doğum haqqında şəhadətnamə düzəldə bilməmişik. Hətta bu yaxınlarda efirə çıxartdıq, uşaq efir vasitəsi ilə anasına müraciət etdi ki, onun sənədini tapmaqda yardımçı olsun. Efirə qoşulan anası söz verdi ki, sənədi göndərəcək, ancaq etmədi. Yalnız onu bildik ki, o Türkiyədə doğulub. Hazırda məhkəmə prosesi gedir, yaxınlarda qızımızın doğum haqqında şəhadətnaməsi olacaq. O qızı bardan tapmışdıq, yüngül həyat tərzi keçirən insanların əhatəsinə düşmüşdü. İllərlə fərqli insanların, tanışların yanında yaşayıb. Böyüdükcə, problemləri də böyüyüb, kimsə ondan canını qurtarmaq istəyib, kimsə istifadə etmək istəyib. Biz onu vaxtında tapdıq və xilas etdik. O, sığınacaqda reabilitasiya proqramı keçdi. Ondan başqa, sığınacaqda 15 yaşlı bir oğlan da var və onun da sənədi yoxdur. Anası sənədsiz də olsa onu məktəbə qoya bilib. O, vəfat edəndən sonra oğlan qohum-qonşunun himayəsində yaşayıb. O, uşaq evinə getmək istəmirdi, bizim sığınacağa öyrəşmişdi, həm də məktəbli dostları, çevrəsi vardı. Onlardan ayrılmaq istəmirdi, buna görə onu uşaq evinə vermədik, 18 yaşına qədər bizdə qalmasına çalışacağıq”.
Bu kimi problemli uşaqların sayı sığınacaqda 19 nəfərdir. Onlardan doqquzu körpədir, kiçiyi bir yaş doqquz aylıqdır.
“Kimliksiz, sənədsiz böyüyən uşaqlar çoxdur. Artıq üçüncü ildir da Daxili İşlər Nazirliyi və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin dəstəyi ilə bu cür uşaqların sənəd problemini həll etməyə çalışırıq. Əsas çətinliyimiz doğum haqqında şəhadətnamənin olmamasıdır, axtarmaq, tapmaq çətin prosedurdur. Son bir il ərzində yüzdən artıq uşağa doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi düzəltməkdə yardımçı olmuşuq. Bu, elə kiçik rəqəm deyil. Bir qadın var, dörd uşağından üçünü verib dövlət müəssisəsinə. Müəssisə onlara sənəd düzəldib. Ancaq özünün və kiçik körpəsinin sənədi yoxdur, əvvəlcə qadına, sonra uşağına sənəd düzəldəcəyik”, - deyə K.Ağazadə bildirir.
O qeyd edir ki, sənədləşmə işində onlara dövlət qurumları, sığınacağın fəaliyyət göstərməsində isə beynəlxalq təşkilatlar da köməklik göstərir: “Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik, uşaqlarımız daim həkim müayinəsindən pulsuz olaraq keçirilir, xəstə uşaqlar müalicə olunur. Küçə uşaqları arasında cinsi xəstəliyi olanlar kifayət qədərdir. Həmçinin vərəmli uşaqlar olur. Onlar dərhal müalicə prosesinə cəlb olunur. Hətta 2009-cu ildə 7-8 yaşlı bacı-qardaşda SPİD aşkarlanmışdı, onlar xəstəliyə ana bətnində yoluxmuşdu. Həmin uşaqlar hazırda uşaq evindədir və həkim nəzarəti altındadır. Küçədə olan uşaqlar toksik maddələrdən asılı vəziyyətdə olurlar, qorunmamış cinsi əlaqədə olurlar, zorlanma halları olur, pedofillərin qurbanı ola bilərlər. Buna görə sığınacağa gətirilən uşaqlar həm də cinsi yolla keçən xəstəliklərdən müayinə olunurlar”.
K.Ağazadə deyir ki, sığınacaqda kimsəsiz qadınlar da qalır: “İndiyədək sığınacağımıza beş yüzdən çox uşaq, 70-dən çox valideyn yerləşdirilib və yaşayıb. Qadınların körpə uşaqları var. Kiçik uşaqların bağça problemi var. Hazırda iki uşağımızı "Buta" özəl bağçası pulsuz qəbul edib. Sənədini düzəldib üçüncü uşağı da oraya yerləşdirəcəyik. Bəzi qadınlar tənhadır və uşaqlarını dövlət müəssisələrinə də yerləşdirə bilmirlər. Çünki bunun üçün atanın icazəsi olmalıdır, atanı isə tapmaq mümkün deyil. Bu cür uşaqlar da problem həllini tapanadək bizdə qalır. Hazırda iki və üç yaşlı iki qardaş bu səbəbdən sığınacaqda qalır. Ana ağır vəziyyətdə xəstədir".
Sığınacaqda uşaqlara tətbiq olunan reabilitasiya proqramına tibbi, hüquqi, psixoloji yardım və sosial dəstəklər daxildir. Buraya isə uşaqlar müxtəlif yollarla gətirilir: “Polis tapır, qeyri-hökumət təşkilatları kimsəsiz uşaq tapılanda bizə müraciət edirlər, qaynar xəttimizə zənglər olur. (012) 511 34 09 bizim qaynar xəttimizdir, SOS məqsədi daşıyır. Haradasa atılmış, kimsəsiz uşaq varsa, nömrəni bilən insanlar bizə müraciət edirlər”.
Həmçinin sığınacağın tərkibində günərzi mərkəzi də var: “Küçə uşaqları gün ərzində buraya gəlib yemək yeyirlər, paltar dəyişirlər, yuyunurlar. Amma davranışları imkan vermir ki, onların hamısına sığınacaq verə bilək. Biz xilasolma ehtimalı çox olanları xilas edirik. Bura mərkəz olduğundan, küçə uşaqları rahatlıqla buraya gələ bilirlər”.
Sığınacaq elə də böyük deyil, bir dəfəyə iyirmi uşaq qəbul edə bilər. Ancaq burada çox zaman bundan daha çox sayda uşaq yaşayır. “Ailə kimiyik, sadəcə böyük bir ailəyik”, - deyir sığınacağın rəhbəri. O həm də icarəyə götürdükləri mənzilin şəraitsiz olduğunu da söyləyir. Onun sözlərinə görə, sığınacaq üçün normal binanın dövlət tərəfindən verilməsi yaxşı olardı: “Öncə dövlətin dəstəyi lazımdır”. K.Ağazadə bizi uşaqlarla da tanış edir və hər birinin həyat hekayəsini qısaca danışır. Əksəriyyəti qanunsuz nikahdan doğulmuş, valideynləri xəstə, cəzaçəkmə müəssisəsində olan uşaqlardır. Körpələrin üzündə, kiçik gözlərində kədər qarışıq ümid də var. Bu körpələrin həm də normal insani münasibətə də cəmiyyətə ehtiyacı var...