vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:17 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3015 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Alverə gedirlər»

Xaqani Məmmədov: «Qayıtmaq istəyənə qapımız həmişə açıqdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddətdir mətbuatda görünməyən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov axır ki, ölkə futbolu, xüsusən də hakimliyin vəziyyəti ilə bağlı geniş müsahibə verib. VAXT.AZ həmin söhbəti oxucularına təqdim edir:


- Hakimlikdəki hazırkı mənzərə - necə təsvir edərsiz?

- Çempionatın ekvatoruna yaxınlaşırıq. Bu mövsümü ötən illərdən fərqli olaraq daha uğurla başladıq. Yalnız son turda kobud səhv qeydə alındı. Düzdü, bu, yekun nəticəyə təsir etmədi, ancaq kobud səhv idi və ona yol verən hakim cəzalanacaq. Ümumən çempionatın gedişinə xələl gətirən səhvlər yoxdur. Razılaşaq ki, bu dəfə subyektiv deyiləm.

 

- Doğru dediniz, hakimlər mövsümə yaxşı başlamışdı. Ancaq son 2-3 turda problemlər gözə dəyir. Xüsusilə, Rəvan Həmzəzadənin bəsit və qabarıq səhvləri geniş müzakirə olundu. Yay hazırlığı keçilməməsinə baxmayaraq, fiziki baxımdan problem də görünmür. Belə səhvləri nə ilə əlaqələndirirsiz?

- Fiziki baxımdan hakimlərimiz çox güclüdür. Hətta komandaların futbolçuları da bu barədə onlarla rəqabətə girə bilməz. Rəvan Həmzəzadəni yaxşı yadıma saldınız; geniş müzakirə edildi. Ancaq elə də kobud səhvləri olmadı. Onun əsas səhvi penalti təyin etməməsiylə, bir də simulyasiyaya görə Pedro Enrikeyə sarı vərəqə göstərməsiylə əlaqəli oldu. Qalan epizodlarda «Qarabağ»ın nüfuzlu futbolçularının qarşısında çəkinmədi və qətiyyətli hərəkətlər etdi. Bu, mənim çox xoşuma gəldi. Bəlkə də başqa hakimlərin bir çoxu həmin epizodda Ansi Aqollini meydandan qovmazdı. Başqa məqamı qabartmaq istəyirəm. Həmin oyunda hesab açılmadıqca «Qarabağ» futbolçuları əsəbiləşməyə başlayırdı, hakimdən nəyisə tələb edirdilər və s. O, yalnız sonda səhvə yol verdi. Nə yaxşı ki, «Qarabağ» qol vurub qalib gələ bildi. Ümumilikdə, Rəvan oyunu zəif idarə etmədi. Qeyd elədiyim iki epizoddan başqa qərarları doğru idi. Həmin matçda digər mübahisəli epizodlar da oldu və hamısında Rəvan düz idi. Axırıncı kobud səhv «Sumqayıt» – «Keşlə» oyununda oldu. «Keşlə»nin oyundankənar vəziyyətdən vurduğu qol qeydə alındı. Ola bilər ki, hansısa santimetr məsələsində hakim səhvə yol verib, ofsayddan vurulan qolu qeydə alsın. Səhvlər həmişə olur. Yeri gəlmişkən, qeyd edim, futbol yaranandan ilk dəfə «Futbol oyununun qaydaları» kitabının giriş hissəsində belə bir cümlə var ki, hakim də insandır, səhv edə bilər və onu da başa düşmək lazımdı.

 

- Bunu əvvəllər də deyirdiz...

- Deyirdim. Amma ilk dəfə indi kitaba salınıb. Demək istədiyim odu ki, həmin oyunda yol verilən səhv bağışlanmaz idi. Biri var santimetr məsələsi, biri də var iki metr ofsayddan qol vurulur. FIFA referisi belə səhv etməməlidir. Təbii ki, buna görə ciddi cəza olacaq. Qalan epizodlar bu qədər ciddi deyil. Düzdü, klublar narazılıq edir. Amma buna əsas varmı? Məsələnin kökü bundadır. Çox narazılıqlar olur, hansısa epizodları göstərirlər, ancaq biz də onun əksini sübut edə bilərik.

 

- «Kəpəz» – «Qarabağ» oyununda Viktor Oseqeylin epizodu oldu. Hətta bununla bağlı UEFA da məlumatlandırılacaq. Həmin vəziyyətdə Rəhim Həsənovun davranışını necə dəyərləndirirsiz?

- Bu, Rəhim Həsənovun səhvi idi. Bir şeyi qeyd edim, futbolçudan əvvəl ehtiyat hakim də qışqıraraq Rəhimə penalti olmadığını deyib. Sonradan o məlumat verdi ki, eşitməyib. Futbolçunun da etiraf etməyi qayda pozuntusunun olmadığına şübhə yeri qoymadı. Biz yandan baxırıq və görürük ki, penalti yoxdur. Ancaq hakim arxadan müşahidə edir epizodu və ona elə gəlir ki, qapıçı hücumçuya toxunub. Mən onu sığortalamaq istəmirəm, səhvdir və metodiki xətaya görə qiyməti bir qədər aşağı düşüb. Bu da çox aşağı deyil. Çünki, son qərar düzgün olub. Futbolçunun belə etiraf etməsi isə çox yaxşı haldır.

 

- Premyer Liqa klublarının hakim idarəçiliyindən narazılığından bəhs etdiz. Kənardan belə görünür ki, ən çox narazı olan «Qəbələ»dir...

- «Qəbələ» bu mövsüm yalnız bir epizoddan narazılıq edib. Bu, «Zirə» ilə oyunda penalti verilməməsiylə bağlıdır. Ancaq biz sübut edə bilərik ki, həmin epizodda hakim düzgün qərar verib. Bəli, «CBC Sport»un çəkilişindən mən də elə düşündüm ki, penaltidir, ancaq PFL-in kameralarından olan görüntülər başqa şey deyir. Ona görə də etirazlar yersizdi. Bu il «Qəbələ»yə qarşı heç bir haqsızlıq olmayıb. Əksinə, bir oyunda – özü də «Qarabağ»la ev matçında «Qəbələ»nin vurduğu qolda ofsayd var idi. Çox çətin epizoddur, orda santimetr söhbətidir, ancaq oyundankənar vəziyyət var idi.

 

- Ən çox və ən az şikayət edən komandalar hansılardı?

- Açığı, bu mövsüm hələlik heç bir şikayət yoxdur. Əvvəllər açıq deyirdim, bu il isə həqiqətən bunadək hansısa şikayət olmayıb.  Bir az əvvəl haqqında bəhs etdiyim iki oyunda problem olub. Ancaq onlarla bağlı da hər hansı müraciət yoxdur. «Səbail»lə oyundakı epizoda görə Qurban Qurbanov emosiyalarını cilovlaya bilmədi. Onu da başa düşmək olar. Ancaq bizə rəsmi şikayət olmayıb. «Keşlə» ilə oyundakı epizoda görə isə «Sumqayıt»dan müraciət edilmədi. Yəqin ki, bu da komandanın yekunda qələbə qazanması ilə bağlı oldu.

 

- Yay toplanışının olmaması qışda hazırlığın necə keçəcəyi məsələsini aktuallaşdırıb. Bununla bağlı konkret fikir varmı?

- Toplanış olacaq. Biz bunu yanvarın 20-dən fevralın 5-dək planlaşdırmışıq. Hazırlıq Antalyada keçiriləcək. Bu məsələ artıq həllini tapıb. Son tolanışlarda media təmsil olunmurdu, bu dəfə mətbuat da prosesi yerindən izləyəcək.

 

- Hakimlərin indiyə qədərki idarəçiliyi onu göstərir ki, ölkə daxilində keçilən hazırlıq fiziki cəhətdən kifayət edir, ancaq praktiki axsamalar qalır. Qışda oyunların idarə edilməsiylə bağlı indidən müəyyən fikirlər varmı, yoxsa bu məsələ yerində həll edilir?

- Çox əhəmiyyətli mövzudur. Çempionatın qışdan sonrakı hissəsi daha gərgin olur. Çünki üzü medallara, avrokuboklara doğru komandalar daha aqressiv olurlar və hər görüş həlledici xarakter daşıyır. Bu baxımdan qış hazırlığında hakimlərin oyun idarə etməsi vacibdir. Biz 50-55 oyun nəzərdə tutmuşuq. Ancaq bütün bunlar yerində həll olunur. Çünki oyunlar bir gün əvvəldən müəyyənləşdirilir. Bu il əvvəlkilərdən fərqli olaraq yanvarın 10-da yox, 20-də gedəcəyik. Bu da çempionatın ikinci hissəsinin yanvarın 30-u deyil, fevralın 10-da başlaması ilə əlaqədardır. Belə olması yaxşıdır ki, güclü komandalar Antalyaya adətən yanvarın sonundan «axışırlar».

 

- Hiss olunaraq, yaxud olunmayaraq hakimlikdə bir nəsil dəyişikliyi, gəncləşmə getdi. Siz də köhnə nəslin nümayəndəsi. Müqayisə etsəz, üstünlüyü hansına verərdiz?

- İndiki nəsil bizim nəsildən güclüdür. Bunu açıq söyləyirəm. İndiki hakimlər Avropa meydanlarında ölkəni daha yaxşı təmsil edirlər. Əliyar Ağayevdən sonra UEFA nümayəndələri Ömər Paşayevə də «göz qoyurlar». Artıq onun da irəli getməsi üçün şərait yaranır. Bundan sonra hər şey özündən asılı olacaq. İndiki nəsil üçün oyunları idarə etmək daha çətindir. Əslində, hər dövrün öz problemləri var. Bizim vaxtımızda təzyiqlər çox idi. Bölgələrdə oyun idarə etmək çətin olurdu, hətta fiziki təzyiqlərlə üzləşirdik. Ancaq indi AFFA və PFL elə şərait yaradıb ki, hakimlər üçün heç bir təhlükə, qorxu yoxdur, xüsusi mühafizə dəstələrinin müşayiəti ilə oyunlara gedib, qayıdırlar. Bu baxımdan problem qalmayıb. Qalır yaradıcılıq amili barədə fikirləşmək. Biz o vaxt fikirləşirdik ki, necə edək, oyundan sağ-salamat çıxaq, yaradıcılıq yada düşmürdü. İndi başqa çətinlik var. Görürsüz, hər oyun neçə kamera ilə çəkilir. Buraxdığın ən xırda səhv də nəzərdən yayınmır. O vaxt isə Azərbaycan Televiziyası ayda bir oyun göstərərdi, ya yox. İndiki nəsil daha yaxşıdır. 2008-ci ildən bu hakimləri yetişdirməyə başladıq. Dünyanın hər yerində belədir ki, yaxşı hakim 4 ildən tez yetişmir. 2009-cu ildə Əliyarın 21 yaşı var idi və mən ona təyinat verəndə çox tənqid edirdilər. Deyirdim ki, tələsməyin, bu uşağı bir neçə ildən sonra görəcəksiz. 4-5 il keçəndən sonra artıq Əliyarın səsi Avropadan gəlirdi. İndiki qabaqcıl hakimlərin hamısını həmin vaxt mən «Sabahın ulduzları» yarışında seçmişəm. Belə deyək də, həmin vaxt seleksiya aparıb yaxşıları seçirdim. Hələ onları da demək olmaz ki, tam yetişiblər. Məncə, hər il 1-2 nəfər yeni hakim də gəlməlidir ki, müəyyən rəqabət hiss edilsin. Gəlir də. Ad çəkmək istəmirəm, iki cavan hakimimiz var ki, onlara böyük ümid bəsləyirik. Növbəti mövsümə qədər debüt edə bilərlər. Əgər rəqabət yaratmasaq, bu gün üzdə olan 10 nəfər fikirləşəcək ki, səhv eləsəm də, yenə təyinat alacam da. Ona görə də 12-14 hakim olsa daha yaxşıdır. Düzdü, biz konvensiyanın tələbinə riayət etməliyik. Orda göstərilib ki, yuxarı Divizonda neçə komanda varsa, o qədər də hakim olmalıdır və iki nəfər də ehtiyat. Bizdə 8 komandadır, 10 hakimimiz var. Əgər komandaların sayı artsa, hakimləri də çoxaltmalıyıq. Ona görə də fikirləşirik ki, 2-3 nəfəri Premyer Liqaya cəlb edək.

 

- Əliyar Ağayevin yayda I kateqoriyaya yüksələcəyi ehtimal edilirdi, ancaq alınmadı. Növbəti cəhddə ehtimal nə qədərdi?

- Həmin vaxt mən kiminsə sözünə arxayın olub məlumat vermişdim. Bunu bəzi KİV düzgün qəbul eləmədi və mənə qarşı hücumlar başladı. Ad çəkməyəcəm, bir neçə nəfər demişdi ki, Əliyar I kateqoriyaya yüksələcək. Bu baş verməyəndə mən UEFA-dakı kuratorumuz Levnikovla danışdım. Mənə dedi ki, Əliyarla bağlı heç bir problem yoxdur, biz hamımız onun yüksəlməsini istədik, ancaq Pyerluici Kollina (UEFA Hakimlər Komitəsinin sədri - red.) bir il də gözləməyi lazım bildi.

 

- Yəqin ki, bunda yaş məsələsi də rol oynayıb...

- Bunu sizdən başqa heç kim demir. Mən belə desəm, fikirləşəcəklər ki, özünü sığortalayır. Sağ olun ki, doğru qeyd edirsiniz. Əlbəttə, yaş məsələsi rol oynayıb. UEFA-da baxırlar ki, 29 yaş hələ Çempionlar Liqası, elit oyunlar üçün çox azdı. Fikir verin, hər il yanvarda elit hakimlər üçün toplanış təşkil olunur. Ora II kateqoriyadan 2-3 nəfər dəvət olunur. Bu il Malaqada keçirilən toplantıda 3 nəfərin içində Əliyar da var idi və çox yaxşı da özünü göstərmişdi. Orda eləsi var idi ki, fiziki hazırlıqdan normativləri verə bilməmişdi, biri heç iştirak etməmişdi, amma Portuqaliya və Polşadan olan həmin hakimləri I kateqoriyaya keçirdilər. Deməli, orda başqa faktorlar da rol oynayır. Levnikov dedi ki, bu yay çox güman ki, Əliyar yüksələcək. Mən ona istinad edib, məlumat verirəm. Sonra deyəcəklər ki, Xaqani Məmmədov yenə aldatdı camaatı. Əliyar idarəçiliyinə, fiziki göstəricilərinə, dil biliyinə görə onların heç birindən geri qalmır. Yaşına görə isə ordakıların hamısından perspektivlidir. Güman edirəm ki, bu il I kateqoriyaya yüksələcək. Aldığı qiymətlərin də hamısı çox yüksəkdir. Bəlkə də ümumi hesablasalar, ən yüksək olan nəticə Əliyardadır.

 

- Son illər hakimlər karyeralarını səssiz bitirirlər. Hansısa bir ad varmı ki, onun hakimlikdən gedişi ilə bağlı tədbir keçirilsin?

- Son iki ildə iki köməkçi hakim karyerasını bitirdi. İlham Əliyev və Yunis Abdullayevdən gedir söhbət. Onları kubokun finalına təyin etməklə bir növ hədiyyə ilə, təntənəli şəkildə yola saldıq. Referilərdən hələ ki karyerasını başa vuran yoxdur. Yəqin ilk olaraq Fariz Yusifov karyerasını bitirəcək. Onu da lazımi qaydada yola salacağıq.

 

- Hakimlər Komitəsi olaraq media və ictimaiyyətlə əlaqələriniz necədi? İnkişaf edir, durğunluqdadı, yoxsa?

- Deməzdim ki, inkişaf edir, ya durğunluqdadır. Mən tənqidi yox, təhqiri, yaxud qeyri-obyektiv tənqidi görüncə özümdən çıxıram və ya həmin jurnalistlə əlaqəni kəsirəm. Tənqid olursa, obyektiv edilməlidir, yaxud əgər kiminsə fikirləri yer alırsa, əks tərəfin mövqeyi də olmalıdır. Bəzən bu olmur və mən hesab edirəm ki, yanaşma qərəzlidir. Belədə həmin jurnalistlə əlaqə saxlamağı özümə rəva bilmirəm.

 

- Əks tərəfin mövqeyi demişkən, son zamanların ən qalmaqallı açıqlamalarından birini hakimlikdən qovulmuş, hazırda televiziyalardakı çıxışı ilə gündəmdə olan Anar Salmanov verdi. O dedi ki, son 8 ildə hakimlərin forması dəyişdirilmir. İndi qarşı tərəf kimi bu barədə nə deyə bilərsiz?

- Onun nə dediyi mənə maraqlı deyil. Ancaq bu irad düzgündü. 1 ilə yaxındı ki, AFFA bu məsələ ilə bağlı iş görür. İstər «Adidas», istərsə də «Nike»la danışıq aparılır. Yaxın zamanda geyimlər yenilənməlidir. Mən özüm də bu barədə iradımı bildirmişəm. Hakimlərə geyim alınmalıdır.

 

- Hakimlərin qış toplanışına yeni forma dəstiylə qatılması mümkündümü?

- İnanmıram. Biz 2018-ci ilin dizaynını sifariş veririk. Ya «Nike» olacaq, ya da «Adidas». Bu məsələ ilə bağlı iş gedir.

 

- Bu qədər gecikməyə səbəb nə oldu?

- Açığı, biz özümüz bunun üstündə çox möhkəm dayanmamışdıq. Bir neçə il qabaq məsələni qaldırmaq lazım idi. Ancaq siz dediyiniz o tənqidə qədər biz artıq bununla bağlı fəaliyyətə başlamışdıq.

 

- Yəni bu mövsüm ərzində formalar yenilənəcək?

- Bəli. 3-4 aya yeni formalar olacaq.

 

- Ölkə futbolunda komanda sayının azalması artıq tendensiya halını alıb. Əksəriyyət bunu tənqid edir. Siz HK sədri kimi necə düşünürsüz, Premyer Liqada az komanda olması hakimliyə təsir necə olur?

- Komanda sayının az olması bizə ziyandı. Nə qədər çox olsa, hakimlik daha tez inkişaf edər. Ən azından oyunların sayı daha çox olar. İndi hakimlər üçün oyun tapa bilmirik. Eləsi var ki, ayda 1, maksimum 2 təyinat alır. Ancaq hakim hər tur iş başında olmalıdır. Komanda sayının çoxluğu həm hakimlərin praktiki bacarıqlarının yüksəldilməsi, həm də maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətlidir. Qısaca, azalmanın bizə ziyanı var ki, xeyri yoxdur.

 

- Şərti bölgü aparsaq, hakimləri iki yerə ayıra bilərik: sərt oyuna imkan verənlər və tez-tez fit çalmaqla sürəti azaldanlar. Bu haqda sizin mülahizələriniz necədir?

- Bu mövsümə qədər oyunun sürətini azaldan hakimləri deyirdim, ancaq indi yoxdur. Hakimlər oynamağa imkan verirlər.

 

- Məsələn, Ramil Diniyevlə, Rauf Cabbarov...

- Deməzdim ki, Rauf oyunun sürətini azaldır. Ümumiyyətlə, o hakim tez-tez fit çalır ki, özünün fiziki hazırlığı yaxşı olmasın. Adlarını çəkdiyiniz hakimlərin fiziki hazırlığı yüksəkdir. Mən neçə ildir hakimlərə deyirəm ki, imkan verin, oyun getsin. Bu istiqamətdə təbliğat aparırıq. Problem başqa şeydədir – komandalarda.

 

- Yəni sürətli oyuna imkan verdikdə meydanda anarxiya baş verir?

- Məsələn, çiyin-çiyinə toqquşma olanda futbolçunun biri yıxılır yerə və hakim davam işarəsi verir. Ancaq futbolçu hesab edir ki, qayda pozuntusu idi. Başqa epizodda digəri kobudluq edəndə və hakim oyunu saxlayanda deyir ki, orda niyə saxlamadın? Başa düşmür ki, birinci vəziyyətdə çiyin-çiyinə oynamağa icazə verilir. Eləcə də məşqçilər. Hamısı istəyirlər ki, hər toxunuşa görə fit verilsin. 1-2 məşqçi deyər ki, imkan verin, oyun getsin. Biri elə Qurban Qurbanov. O, Rəvan Həmzəzadəni xoşlayırdı ki, oynamağa imkan verir. Biz istəyirik ki, oyun sürətli getsin, amma komandalar başa düşmürlər və bu, anarxiyaya səbəb olur. Futbolçu və komanda rəhbərliyi kobud oyunla sərt oyunu ayıra bilmirlər. Bəzən televiziya şərhçiləri belə bir ifadə işlədirlər ki, hakim sərt oyuna reaksiya vermədi. Axı sərt oyuna icazə var, kobudluğa yoxdur...

 

- Səhv eləmirəmsə, bununla bağlı bir ideyanız var idi ki, şərhlərdə hakimlik karyerası olan biri də iştirak etsin. Sonrası nə oldu?

- Mən bunu hər dəfə deyirəm. Amma televiziyalardan heç bir reaksiya gəlmədi. Şərhçi qaydanı hakim kimi bilmir. Əgər yanında mütəxəssis olsa, onun səhvini düzəldər və 9 milyona qərar düzgün çatdırılar. Mən həmişə demişəm ki, şərhçilərin yanında danışıq qabiliyyəti olan keçmiş hakim, yaxud inspektor olsa, daha yaxşı nəticə verər.

 

- Hakimlər Komitəsinin media üçün açıq günləri ideyası da var idi...

- Mən bunu da neçə illərdi deyirəm. Hələ də reaksiya verən yoxdur. Biz həmişə hazırıq. Klub nümayəndələri, jurnalistlər «CBC Sport»un çəkdiklərindən gördüklərini deyirlər. Amma əks tərəfdən çəkilənlər də var. PFL-in kameralarında fərqli görünən epizodlar olur. Mütləq gəlib baxmalıdılar. Mən istəyirəm ki, onlar da öyrənsinlər.  Biz mübahisəli epizodların hamısını göstərməyə hazırıq. «CBC Sport»da görünməyən bütün məqamları göstərə və izah edə bilərik.

 

- Bununla bağlı konkret gün var?

- Jurnalistlər istəsələr, biz şənbə də, bazar da hazırıq. Məncə, bunda yalnız 1-2 nəfər maraqlı olar. Çünki heç də hamısına sərf eləmir.

 

- Bir neçə il əvvəl adlı-sanlı hakimlərdən bəziləri sübutlu-sübutsuz qovuldu. İndi onlardan kimsə yenidən hakimliyə qayıtmaq, yaxud mütəxəssis kimi gəlmək istəsə, bağışlanacaq həddə olanı varmı?

- Bu gün Azərbaycan futbol hakimliyində ən böyük çatışmazlıq təlimatçıların olmamasıdır. Bu cəhətdən çox axsayırıq. UEFA-nın tələblərinə cavab verən maksimum 1-2 mütəxəssisimiz var. Bəzən mən nəsə deyirəm, danışırlar ki, Xaqani Məmmədov bunu özündən çıxardı. Halbuki mən özümdən heç nə demirəm, hamısı UEFA-nın son təlimatlarıdır. Hər il UEFA təlimatçılar üçün seminar keçirir. Orda nə təlimat verilirsə, onların hamısını hakimlərə çatdırıram. Ancaq bir sıra hakim-inspektorların və ya digər mütəxəssislərin bundan heç xəbəri olmur. Bu da hətta hakimlərin qiymətləndirilməsində fikir ayrılığı yaradır. İkinci bir bəla da odu ki, hakimliyi başa vuran şəxs birdəfəlik gedir. Biznesə də yox, alverə gedir. Heç kim qalmır, maraqlanmır. Bu da elə peşədir ki, hər an dəyişikliklər olur.

 

- Təlimatçı kimi gəlir imkanları varmı?

- Təbii ki, onun marağı olsa, gəlsə, inspektor kimi təyinat alar. Təlimatçı kimi qrup yığıb pul qazana bilər. Məsələn, Ceyhun Haşımovun iki qrupu var. O, məvacib də alır. Elçin Məmmədovun, Əli Hüseynovun qrupu var.

 

- Babək Quliyev, Azad Mütəllimov və ya bu yaxınlarda yenidən hakimlikdən qovulan Anar Niyazov ehtiyac olarsa, geri çağırıla bilərmi?

- Heç kimin üzünə qapımız bağlı deyil. Ancaq onların indiki hazırlıq səviyyəsi də əhəmiyyətlidir. Vaxtında, bəli, hər şey yaxşı olub. Ancaq hakimlik belədir ki, 1-2 ay kənar qalsan, geri düşürsən.

 

- Öz üzərlərində çalışsalar necə?

- Əlbəttə. Problem yoxdur. Mən deyim ki, hakim bir ay oyun idarə etməsə və meydana çıxsa, elə bilər ki, ilk dəfədir. Hər an gərək oyun praktikası olsun.

 

- Deyək ki, qovulan Quliyev...

- Bəli, dediyim kimi, qapımız açıqdır.

 

- AFFA-nın martdakı hesabat-seçki konfransında Hakim-İnspektorlar Komitəsində sədr dəyişikliyi baş verdi. Əli Hüseynov Gülağa Cabbarovu əvəzlədi. Kadr dəyişikliyi ümumi bir fərq yaratdımı?

- Hər halda biz kənardan baxırıq. Amma fərq hiss olunur. Müəyyən islahatlar aparılıb. 30-a yaxın inspektor var idi ki, artıq onlar uzaqlaşdırılıb. Səviyyələri lazımi tələblərə cavab vermirdi. Qiymətləndirmə məsələləri ilə bağlı çox işlər görülür. Başqa bir məsələ var ki, epizodları izləyirik. İnspektorun verdiyi qiyməti bir yerdə müzakirə edirik.

 

- Qısası, Əli Hüseynovun gəlişi fərq hiss etdirdi...

- Belə deyək də, Gülağa Cabbarov sıfırdan başlamışdı. Müəyyən işlər görüldü. Bunu Əli Hüseynov daha da inkişaf etdirdi və yüksək səviyyəyə qaldırdı. («FutbolPress»)