vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
11:30 | 10 iyun 2020 | Çərşənbə Məqaləyə 12765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Mən belə “Şura hökuməti”ni tanımıram

İşləri medianı kiminsə qarşısında günahkar çıxarmaqdırsa, ...

Elnur MƏMMƏDLİ

Dünən (09.06.2020) Mətbuat Şurasında bir şikayətçinin “Yeni Sabah”a qarşı ərizəsi ilə bağlı toplantı keçirildi. Qarşı tərəfin ərizəsində mənim haqqımda ağlıma belə gəlməyən ittihamlar yazılsa da, bunun heç biri haqda danışmadı və suallara da cavab vermədi. Tək istəyi haqqında saytda gedən yazının silinməsi idi. Müzakirə zamanı MŞ üzvləri də onun iddialarının boş olduğunu anladılar deyə düşündüm. Hətta şikayətçi tərəf o qədər əsassız danışırdı ki, bu şura üzvlərinin gərginliyinə də səbəb oldu. Müzakirələr sonucunda heç bir nəticə əldə olunmadı və əslində, mən bu iclasdan pozitiv şəkildə ayrıldım.

Amma sonradan MŞ bu haqda açıqlama yaydı. Bu açıqlama saytlarda “Bir neçə sayta xəbərdarlıq edildi” başlığı ilə yayımlandı. Açıqlamada bizim sayt haqda qeyd edilir: “komissiya üzvləri bildiriblər ki, sayt materialı hazırlayarkən qarşı tərəfin rəyini öyrənməmiş, bununla da balans prinsipi pozulmuşdur. Komissiya tövsiyə edib ki, qarşı tərəfə öz fikirlərini ifadə etmək üçün şərait yaradılsın”.

Düşünürəm ki, bu açıqlamanı hazırlayan şəxs iclasda iştirak etməyib. Edibsə də, nə şikayətçinin ərizəsini, nə də şikayət olunan yazını oxumayıb. Haqqımda yazılan o 3 səhifəlik şikayət ərizəsində “qarşı tərəfin rəyinin öyrənilməsi” haqda bir cümlə belə fikir, narazılıq yoxdur. Hətta şikayətçi iclasda ən azı 10 dəfə dedi ki, biz bu məsələ haqda mövqe bildirmək istəmirik.

İndi mən nə etməliyəm? Qarşı tərəfdən zorlamı açıqlama almalıyam? Belə qənaətə gələn Şura üzvləri mövqe bildirmək istəməyən tərəfdən mövqe almağın hansı yolunu bilirlər, bizə də öyrətsinlər. Ümumiyyətlə düşünürəm ki, bu qarşı tərəf söhbəti medianı haqsız çıxarmaq üçün ortaya atılan bir boş arqumentdir. Yəni adam ərizəsində haqqımda onlarla iddia irəli sürüb. Şura bunların heç birini araşdırmır, cavab almaq istəmir. Yaydığı açıqlamada bu haqda bir cümlə yoxdur ki, şikayətçinin irəli sürdüyü bu iddiaların heç biri öz təsdiqini tapmayıb. O zaman ərizədə olmayan bir məsələ ilə bağlı “Yeni Sabah”ı hansısa qondarma prinsipi pozmaqda günahlandırmaq nə deməkdir?

Bu haqda Şuraya rəsmi olaraq da müraciət edəcəyəm. Buradan da haqlı olaraq düşündüyüm üçün tələbimi bildirirəm. Ayrıca açıqlama yayılmasını, həmin şikayətçinin mənim haqqımda səsləndirdiyi iddiaları – hətta o iddiaların açıq yazılmasını (çünki orada hüquqi baxımdan çox ağır ittihamlar var), o ittihamlar haqda gəldiyi qənaəti paylaşmasını istəyirəm. Şikayətçinin istəmədiyi bir məsələ haqda bizi borclu çıxarıb hansısa qaydaları pozmaqda günahlandırmasın.

Yox, qurumun işi medianı kiminsə qarşısında günahkar çıxarmaqdırsa, (hansı ki, bunu iclasda hiss etmədim, amma yayılan açıqlama tam əks oldu) media haqda yanlış təəssürat yaratmaqdırsa, o zaman bu qurumla heç bir işimiz yoxdur. Bundan sonra ediləcək hər hansı dəvətlərdə iştirak etməklə vaxtımızı itirməyək.