vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
22:14 | 30 iyul 2020 | Cümə axşamı Məqaləyə 12890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk birliyinin NATO modeli

Azərbaycana hərbi yardım tək Ankaranın deyil, Şimali Atlantika blokunun qərarıdır

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün – iyulun 30-da Ermənistanın müdafiə naziri David Tonoyan İranın İrəvan böyükelçisi Abbas Babaxşan Zohuri ilə görüşüb. Ermənistan mediası yazır ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində baş verənləri, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin 11 minlik heyətlə Azərbaycana gəlişini müzakirə ediblər. Tonoyan Zohuriyə yaranan durumun bölgədəki təhlükəsizliyi təhdid etdiyini deyib. Zohuridən öncə isə Ermənistanın müdafiə naziri Fransanın İrəvan böyükelçisi ilə görüşüb.

Medianın “Komikslər” bölməsinə layiq xəbərdir… 30 ildir bölgənin təhlükəsizliyini təhdid planlarında ikinci rolu al, işğal etdiyin tərəf müdafiə addımı atanda çığır-bağır sal ki, qoymayın, bizim sabitliyimizə təhdid var.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişi, Bakı, Gəncə, Naxçıvan, Kürdəmir, Yevlaxda genişmiqyaslı təlimlər keçməsi həm içdə, həm kənarda düşmənlərimizin yuxusunu ərşə çəkib. Bütün güc Azərbaycan cəmiyyətində türk birliyi ovqatına kölgə salmağa yönəldilib. Azərbaycan mediasında hələ çoxları açıq mətnlərdən çəkinir, bacardıqca şübhə toxumları səpirlər. Hekayələrini ötən əsrdən başlayır, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və gedişi ilə bağlı prosesləri gerçək kontektstindən çıxararaq təqdim edirlər. İddiaları budur ki, ötən əsrdəki kimi dünya Türk ordusunu yenə bölgədən sıxışdıracaq, onlar çəkiləndən sonra Azərbaycan yenidən Rusiyanın təsir dairəsində qalacaq, buna görə də “gəldi-gedər” Türk Ordusuna görə şimal qonşumuzu qıcıqlandırmağa dəyməz.

Əslində belələrinin təlaşa düşən erməni nazir Tonoyandan heç bir fərqi yoxdur. Tonoyan və onun xalqı kimi bu qanıpozuqlar da Azərbaycanın müstəqillik ideyasını heç cür həzm edə bilmirlər. Min sifətə girib, min hiyləyə əl atsalar da unudurlar ki, Kreml diktəsilə quraşdırdıqları təbliğatı darmadağın etmək üçün çox demirik, Azərbaycan vətəndaşının Azərbaycan və Türkiyə bayraqlarını bir yerdə görməsi yetərlidir. O iki bayrağın eşqinə türklər dünyanın ən güclü ordusu ilə üz-üzə gəlməyi gözə alarlar.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan üçün ən gərəkli anda ən gərəkli yerdə olması 30 ildən çoxdur davam edən savaşdakı məğlubiyyətdən doğan əziklik hissimizi darmadağın edib. Millət olaraq sanki belimiz dikəlib, əzmimiz artıb. Düşmən bu iradənin qarşısında havalanacaq, səmaya kəllə atacaq, təbii.

Milli xəyanəti özlərinə peşə seçənlər unudurlar ki, bu gün Azərbaycana dəstəyə gələn hərbi qüvvə I Dünya Savaşında ağır döyüşlərin yorğunu Osmanlı İmperiyası ordusunun bölməsi yox, NATO ordusudur. Özü də ABŞ Silahlı Qüvvələrindən sonra 700 minlik sayı ilə ikinci ən böyük ordusu. Biz Türkiyə qardaş ölkə olduğu üçün məsələyə daha çox emosional baxsaq da, unutmaq olmaz ki, Azərbaycana hərbi yardım qərarı Türkiyənin deyil, Şimali Atlantika blokunun qərarıdır. Aydındır ki, NATO-nun baş katibi cənab Stoltenberq Rusiyan-Ermənistan qoşunlarının Azərbaycan ərazilərinə müdaxilə ilə Qafqazda durumu gərginləşdirməsinin qarşısını almaq üçün bura Almaniyanın yox, məhz həmin qardaşlıq faktoruna görə Türkiyənin ordusunu göndərəcəkdi.

Azərbaycanda təlim keçən ordu NATO ordusu olduğu üçün Ermənistanın Fransadan imdad gözləməsi də əbəsdir. Tonoyanın harayına Fransa ordusu yetişə bilməyəcək - Şimali Atlantika bloku Qafqazdakı savaşda hansı səngərdə dayanacağı qərarını artıq verib.

Erməni nazirin İran böyükelçisinə ayrılan zamanı da boşunadır. Heç şübhəsiz Kreml-Tehran tandemi yenə proseslərdə boy göstərmək istəyərdi. Ancaq… çağ o çağ deyil. ABŞ ötən ildən açıq deyir ki, 2 il sonra Yer üzündə İran İslam Respublikası adlı ölkə olmayacaq. O iki ilin biri gedib, biri qalıb. İqtisadiyyat üzərindən İİR-in necə çökdürüldüyü göz qabağında deyilmi? İran hər hansı qarışıqlıq yaratmaq istəsə, əhalisinin milli ruhu Quzey Azərbaycandan 50 dəfə güclü olan 40 milyonluq Güney Azərbaycanda Tehranı silkələyəcək hərəkətlilik yaratmaq Qərb üçün çətin olmaz. Kremlin bu yanğını yatırmaq üçün İrana əl uzadacağı inandırıcı deyil. Moskva 200 il öncəki bölgüyə sadiq qalaraq yalnız Arazın “bu tayı” ilə məşğuldur. Bir yandan da onun yeni, “məcburi” məşğuliyyətləri yaranıb.

Xabarovskda qubernatorun həbsinə onminlərlə vətəndaşın etirazı hər an ölkənin digər regionların yayıla bilər. Ötən gün Belorusda “Vaqner” Özəl Hərbi Birləşməsinin 32 üzvünün saxlanması Kreml üçün “xoş sürpriz” olub. Belorus qaynaqları iddia edir ki, Rusiya 9 avqust prezident seçkisini pozmaq üçün ölkəyə 200 muzdlu göndərib. Bundan başqa, Rusiyanın başını iç proseslərlə bir qədər də məşğul etmək üçün Quzey Qafqazda məzhəbçilik üzərindən fırtına əsdirməyi Qərb mümkünsüz proje saymaz. Neft qiymətlərinin “oynadılması”, Krımın işğalına görə davam edən iqtisadi sanksiyalar da öz yerində.

Biz az da özümüzdən söz açaq. İndi biz Tiflisdə elan olunub hökuməti Gəncədə yerləşməyə məcbur gənc cümhuriyyət deyilik. Paytaxt Bakı dünyanın neft mərkəzlərindəndir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin önəmli ölkəsidir. Gürcüstan və Türkiyə xətti üzrə yaradılan nəqliyyat dəhlizləri ölkəni dünyaya bağlayır. Sayımız, ordumuz, dövlət institutlarımız, sərvətimiz, milli gəlirlərimiz düşməni narahat edəcək qədərdir. Çağ Sovetlər Birliyinin dağılması zamanı daha az ərazi itkisi üçün müstəqilliyini yeni bərpa edən, ordusuztək Qafqazın deyil, dünyanın qara yarası olan ermənilərin planlarına dəstək verib bizdən torpaq qoparan Rusiyanın da çağı deyil. Zaman daim güclənən, regionda söz sahibinə çevrilən türk dövlətləri birliyinin zamanıdır.

Mövqeyimizi gücləndirən başqa faktorlar da var. Azərbaycana hərbi-siyasi dəstəyini əsirgəməyən Pakistan İslam Respublikasının Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin təlimlərinə qoşulmasının mümkünlüyü kimi... Bu, mövqelərimizi daha da möhkəmləndirməklə yanaşı, din ilə pərdələnsə də din qardaşlarının deyil, din düşmənlərinin yanında olan dövlətə ibrət olar.

Biz Qarabağı itirəndən sonra ona bu qədər yaxın olmamışıq. Son iki gündə davam edən təlimlər 27 ildir cəmiyyətimizə hakim “Ermənistanın arxasında Rusiya dayanır, biz ona bata bilmərik” psixoloji səddini sürətlə dağıdır. Biz 27 ildə Qarabağı düşməndən geri almaq planlarını bu qədər aydın, bu qədər əmin qura bilməmişik. İndi Azərbaycanın milli maraqları Türkiyə ordusunun Azərbaycanda qalıcılığı üçün dərhal hüquqi əsaslar yaradılmasını tələb edir. Yubanmamalıyıq.

İki qardaş ölkə arasında müqavilə imzalanmalı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda da bazaları yaradılmalıdır. Bu, Azərbaycan qədər Türkiyənin strateji maraqlarına da xidmət edir – hərbi bazalar Türkiyəyə Aralıq, Mərmərə, Egey, Qara dənizlərindən sonra Xəzər dənizinə çıxış imkanı qazandırar. Beləliklə, Türkiyə Azərbaycan üzərindən Orta Asiyaya – Qazaxıstana, Türkmənistana bağlanar. “Bir əli” də Volqaboyu türk xalqlarının üzərində olar. Hər zaman böyük hədəflər və böyük məqsədlər uğrunda savaşan Türkiyə belə fürsəti əldən verməməlidir. Verməz…

Aygün MURADXANLI