vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
10:19 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 2952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kitab qiymətləri əl yandırır»

Azərbaycanda tələblər hansı imtiyazları istəyir?

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbələr cəmiyyətin ən çox ehtiyac sahibi olan təbəqələrindən biri sayılır. Onlar cəmiyyətə faydalı şəxslər olaraq yetişirlər. Tələbəlik illəri həyatın səhifələrinə qızıl hərflərlə yazılır. Ancaq zamanla tələbələrin problemləri, qayğıları, ehtiyacları meydana gəlir. Tələbələr əksər hallarda az maliyyə ilə keçinməyə çalışırlar.

Bəs tələbəyə nələr lazımdır? Tələbə hansı sahədə imtiyazlar əldə etmək istəyir? Çətinlikləri nələrdən ibarətdir?.

Bir neçə tələbə Modern.az-ın suallarını cavablayıb.

Azərbaycan Dillər Universitetinin 4-cü  tələbəsi Gülrux Əliyevanın sözlərinə görə,  tələbələrə daha çox keçdiyi ixtisasa uyğun təcrübələr lazımdır.

«4 ilin 7 semestrini oxuyub 1 semestr təcrübə keçmək o qədər də müsbət olmur. Lakin bunu hər semestr, yaxud hər il müəyyən aylarda etmək olarsa, hazırlanan kadrlar gələcəkdə daha da uğurlu çalışarlar

Nəqliyyat sahəsində güzəştlər olarsa, tələbələr üçün daha yaxşı olar. Çünki tələbələr arasında iki və daha artıq nəqliyyat vasitəsindən istifadə edənlər var ki, bu da aylıq tələbə büdcəsində problem yaradır. Bununla yanaşı, daha ucuz qiymətə müəyyən uzaq məsafələrdən tələbələr üçün nəqliyyat vasitəsi də açıla bilər ki, bu metro və avtobuslarda olan sıxlığı aradan qaldırar. Həm də tələbələrin bəzən nəqliyyatın gec gəlməsi və yaxud sıxlığa görə dərsə gecikməklərinin qarşısı alınar deyə, düşünürəm.

Qarşılaşdığım əsas problem indiyədək kitablarla bağlı olub. Bəzi kitablarımız kitabxanada ya az olur, yaxud heç olmur. Nəzərə alsaq ki, ən ucuz kitab 4-5 manatdan başlayır və bəzi dərslər üçün bir neçə kitab lazım olur, onda tələbənin çətinliyini təsəvvür edin. Kitabxanada olan bəzi kitablarımız köhnə nəşrlərdir. Bu kitablardakı bəzi informasiyalar müasir tələblərdə dəyişikliyə uğrayır ki, nəticə bizim təhsildə aldığımız biliklərimiz üçün problem yaradır».

Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Tural Abbasov deyib ki,  tələbəyə  ən əsası savad lazımdır.

«Bu arada savadı artırmaq üçün də pul lazımdır. Tələbəyə 1000 manatlıq telefonu 980 manata tələbə güzəşti adı ilə satmaq lazım deyil. Ondansa kitabların qiymətini endirsinlər. Ən azından universitetin özündə bunu etməlidirlər ki, rahat təhsil ala bilək.  Tələbəyə bahalı telefondansa, kitablar lazımdır. Kursların qiymətində endirim olsa, daha yaxşı olar. Çünki 2 ildir kursa gedib dil bilgimi artırmaq istəyirəm. Ancaq kursların ödənişi çox baha olduğu üçün hələ də  xarici dil öyrənə bilməmişəm. Kurslar ən azından tələbələri başa düşməlidirlər.

Çətinlik çəkdiyim məqamlardan biri lazımsız kitabları almaqla bağlıdır. İllərdir rahat evdə valideyn himayəsində yaşadıqdan sonra birdən-birə yataqxanada yaşamaq bir az çətinlik yaradır. Bundan başqa, Tibb Universitetinin tələbəsi olaraq həm oxuyub, həm də işləmək  ilk zamanlarda çətinlik yaradırdı. Amma indi öyrəşmişəm».

Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Rəşad Bayramov tələbələrin ehtiyaclarından bəhs edərkən bunları deyib:. 

«Bu gün bir tələbə üçün ən vacib ehtiyac onun keyfiyyətli təhsil almasıdır. Doğrudur,  universitetimizdə təhsilin səviyyəsi yaxşıdır,  amma biz məsələyə öz gözümüzlə deyil,  tələbələrin gözü ilə baxsaq,  onda ehtiyaclar var. Əvvəla tələbələrin keyfiyyətli təhsil alması üçün onların səmərəli kitab və dərsliklərə ehtiyacı var. Bir çox tələbələr bununla bağlı problemlər yaşayır.  Bəzən həmin dərsliklərin çətinliyi,  digər tərəfdən isə qiymətlərinin baha olması,  onların təhsillərinə problem yaradır. Başqa bir ehtiyac tələbə yataqxanalarının azlığıdır.

İctimai nəqliyyatla bağlı çətinliklər də var. Unutmayaq ki, bütün tələbələr Bakıda yaşamır və onların gün ərzində xərclədiyi pulun böyük hissəsi nəqliyyata gedir. Bu səbəbdən,  tələbələr üçün ictimai nəqliyyatda müəyyən güzəşt edilməlidir. Buna bir çox ölkələrdə rast gəlmək olar. Geyim, restoran və sair məkanlarda tələbələr üçün müəyyən güzəştlər edilməsi tələbələrin motivasiyası üçün yaxşı olar.

Artıq bakalavr pilləsinin sonuncu kursunda oxuyuram. Tam səmimi olsaq, ciddi bir problemim olmayıb.  Problem o zaman yaranmalıdır ki,  təhsilinə fikir verməyən,  qeyri-etik davranışlar edən biri olasan. Bu gün universitetin mənə yaratdığı imkanlardan səmərəli istifadə edib,  irəlidə doğru addımlayıram». 

Tibb Universitetinin 3-cü kurs tələbəsi Cəlaləddin Nağızadənin fikrincə tələbəyə ən əsası pul lazımdır.

«Kursa getmək, lazımi kitabları almaq üçün pul lazımdır. Kitabxanalarda, nəqliyyatda və tələbələrin daha çox istifadə etdiyi digər yerlərdə güzəşt olunması çox yaxşı olardı. Qalmağa yer və yemək məsələləri tələbələrin çətinlik çəkdiyi sahədir».

Tibb Universitetinin 3-cü kurs tələbəsi Sercan Mirzəyevin sözlərinə görə, indiki dövrdə hamı kimi tələbələrə də pul lazımdır.

«Hər sahədə maliyyə dəstəyinə ehtiyac olur. Tələbə kafelərində, nüsxə çıxarılan yerlərdə, kitab mağazalarında tələbələrə güzəştlər edilməsi arzuolunandır. Tələbələrin çətinliklərinə gəldikdə isə rayondan gələn tələbələr daha çox çətinliklə qarşılaşır. Şəhərə uyğunlaşma, qalmağa yer problemi daha çox olur.  Universitetin yerləşdiyi şəhərdə evi olan, ailəsinin yanında olan tələbələrin çətinliyi başqa yerlərdən gələn tələbələrdən azdır».