Allahın oğludur daha…
Ramiz Rövşənin 70 illiyinə dost ismarışı
Məmməd İSMAYIL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Seyidcahanın poetik cərəyanı
Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
-
Simvollaşan şair
İndi hər kəsin öz Ramiz Rövşəni var
-
«Əfsuslar ki, çox siyasiləşdi…»
Ramiz Rövşən: «Mən o sözü deyirəm ki, onu başqa heç kim ya deyə bilmir, ya da…»
-
«Mən o əxlaqın yiyəsi deyiləm»
«Ramiz Rövşənə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram»
-
«Acizlikdir...»
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
-
«Düşmənlərimi özüm qazanmışam, dostlarımı sözüm»
Ramiz Rövşən: «Allah bizi başdan qocalmağa qoymasın, başqa hər şey düzələr»
-
Ramiz Rövşənə ad günü təbriki
«O bir məhək daşıdır»
-
«İçərişəhər» üçün xilaskar axtarışı
Müşfiq Hətəmov, Ramiz Rövşən, Aydın Dadaşov, Ayaz Salayev bir yerə toplaşdılar
-
«Elə bilirlər, yağ içində böyrək kimiyəm»
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
-
«Başa düşürəm ki, Məmməd İsmayıl narazıdır»
Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»
-
«Ən böyük bəlamız hikkədir»
«Bu, mənim qismətim olub»
-
«O şairlərin heç biri yox idi»
Körpüsüz kənd çaylarını keçmək üçün adamlar addım aralıqlarıyla bu taydan o taya daşdan addamaç salırlar. Bu cümlənin vəzifəsi sözlüklərdə arasanız bulamayacağınız elə bu «addamac» sözünün izahı üçündür. Gözəgörünməz sənət tanrısı da ədədi boşluqları doldurmaq üçün addamaçsız keçinmir, keçinə bilmir. Bu «addamac»ları salan sənət karvanının əbədiyaşar təmsilçiləri onlara bəlkə heç özlərinin də xəbəri olmadan verilən görəvi yaşadıqları zamanlardan yaşayacaq zamanlara daşıyırlar. Və çox zaman dəyəri bilinməyən bu dəyərbiçilməz «addamaclar»dan neçə-neçə sənət fədaisi keçib gedir.
Yadıma bir sənət adamının sözü düşür: Ədəbiyyat
çəmənlik deyil, ormandır və bu orman ağaclarının boyu da eyni deyil, böyüyü
var, kiçiyi var. Böyük olanların missiyonu da böyük olur. Torpaq dərd-sərini
yarpaq dilləriylə dünyaya yaymaq üçün o ormanda çox yox, bir-iki ağacı seçib
böyüdər. Seçilən ağacdır (bəndədir), seçən Allahdır. Şübhəsiz bu günlərdə 70
illik yubileyini qeyd etdiyimiz Ramiz Rövşən o nadir seçilən bəndələrdən
biridir. Yaşlarımız arasında bir xeyli fərq olsa da, bu yaş fərqi dostluğumuza əsla
əngəl olmadı. Moskvada mən Ali ədəbiyyat kurslarında oxuyanda, Ramiz də Ali
ssenari kurslarında oxuyurdu. Tez-tez bizim Dobrolyubov küçəsində yerləşən
yataqxanamızda görüşər, bir-birimizə yeni şeirlərimizdən oxuyardıq. Belə görüşlərimizdən
birində Ramiz mənə o zamankı üslubuna uymayan bir şeir oxuyacaqdı:
İlahi, öldü bu adam
Gözləri bağlıdır daha.
Onu nə sevmək qorxudur,
Nə ölmək qorxudur daha.
Kimi var salsın yada ki…
Bu gün, sabah, dünyada ki,
Bir yaşıl otdur, ya da ki
Bir quru qarğıdır daha.
Ağlamağa bir kəsi yox,
Ağacı yox, kölgəsi yox.
Nə evi, nə ölkəsi yox,
Allahın oğludur daha…
Şeir ilk oxunuşda yaddaşıma necə qazınıbsa, eləcə də qalıb,
ola bilsin, orijinaldan bir qədər fərqli də xatırlamış olaram, məsələ bunda
deyil. O zamana qədər mən Ramizin yalnız səs gətirən ilk kitabını - «Bir yağışlı
nəğmə»sini oxumuşdum və o kitab müəllifinin nə zamansa, belə bir şerin
yazılacağına kiçik bir ipucu olmadığından mənə oxuduğu «Daha» ilahisinin müəllifini
soruşacaqdım. Ramiz, görünür mənim türklük sövdalısı olduğumu bildiyindən adını
söyləmədən-bir türk şairinindir, cavabını verəcəkdi. Beləcə günün günortası
aldanılmış olacaqdım. Füzulu dədəmiz «Aldanma ki, şair sözü əlbəttə yalandır»
deməmişdimi? Və beləcə, yeri oldu, olmadı sonralar Ramizin kitabında yer alacaq
əzbərimdə qalan o şeri bir türk şairinin şeri kimi tez-tez söyləyəcəkdim…
Qumsalda batan su, əslində batmayıb başqa bir yerdən çıxa bildiyi kimi on
üçüncü yüzilin Yunus Әmrə ruhu Ramiz Rövşən şerində başqa bir biçimdə yeni və fərqli
çalarlar qazanaraq şahlanacaqdı. Şahlanmağı ilə də qalmayıb R.Rövşən «addamaçından»
yüzlərlə cığırdaşın keçməsinə vəsilə olacaqdı. Çünki;
Adilər illərə qoşulub itər,
Zamandan zamana dahilər qalar…
Uzun sözə nə hacət uzaqdan uzağa da olsa, Azərbaycan şerini fərqli ritimlər, fikirlər və ruhi hallarla zənginləşdirən və tam fərqli bir yolun yolçusu olan dostumu 70 illik yubileyi münasibəti ilə canı könüldən təbrik edir və bağrıma basıram. Bəlkə bağrıma basmaq üçün qollarım vücuduna çatmayacaq, zarafatyana özü demişkən o kökəldikcə mən arıqlayıram, amma olsun, kim bilir bəlkə bu da, bir tür keçid və yerdəyişmədir.