

Venesuela prezidenti Nikolas Maduro Türkiyənin “CNN Türk” telekanalına müsahibə verib: “Planım Venesuelanı idarə və müdafiə etmək, insanlarımız üçün sağlam və firavan həyatla dolu bir ölkə yaratmaqdır”.
Madorunun varisi olduğu Çavizim deyilən siyasi kurs 20 ildən artıqdır hakimiyyətdədir.
Sadə venesuela camaatı haqlı olaraq sual edir: Bəs bu indiyə qədər niyə yaradılmayıb?
Azərbaycanda da bəzi solçuların və sovet nostaljisi ilə yaşayanların Venesuelada baş verənlərə münasibəti adam təəccübləndirir.
“Maduro, vətən, millət, Sakariya” tipli statusları oxuyanda adamı gülmək tutur.
Lenin deyirdi ki, “faktlar yaman tərs şeydir”.
Ay millət, Venesuelada adamlar yeməyə çörək tapmır! Bu neftlə zəngin ölkədə Uqo Çavesin sosializm qurmaq ideyası ispan mənşəli bu xalqı aclığa gətirb çıxarıb.
Bu ölkəyə ərzaq idxal olunur. Kənd təsərrüfatı ölkənin tələbatının ancaq üçdə birini ödəyə bilir. 2018-ci ilin iyulunda Venesuelada illik inflyasiya 82 min 766 faiz olub.
Sosioloji sorğuya görə, camaatın 93 faizi yetərli sayda ərzaq ala bilmir.
Ölkənin xarici borcu 100 milyard dollardır.
Bütün bunlar Uqo Çavesin iqtisadiyyata dövlət nəzarətini təmin etdikdən sonra başlayıb. Özəl sektor dağıdılıb. Neftin qiymətinin qəfil düşməsi Uqo Çaves və Maduronun apardığı bu səhv siyasətin fonunda kəskin böhrana gətirib çıxarıb.
Ölkə aclığın bir addımlığına gəlib çatıb.
Ölkənin mağazalarında yeməyə makaron belə yoxdur.
P.S. ABŞ faktiki bu ölkənin yeganə “çörək ağacıdır”. Venesuelanın ixrac etdiyi məhsulların əsas alıcısı ABŞ-dır - 35 faiz. İdxalda da əsas ölkə ABŞ-dır - 25 faiz.
Maduro bunları bilə-bilə özünü artistliyə qoyub.