vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
16:18 | 23 fevral 2019 | Şənbə Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Faydasız qurumun faydalı limiti

Daha nələr etmək olar?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ancaq tənqid etmək yaramaz, bəzən yaxşıları təbliğ etmək lazımdı. Ölkə futbolunda təqdir ediləsi o qədər az şey var ki, əksər yazılarımız neqativə bürünüb, amma müsbət məqamlar da deyilməlidir.

Premyer Liqa klublarının matçlar zamanı start heyətinə tətbiq edilən limit daim müzakirə olunur. AFFA ölkə futbolunun inkişafı naminə, klubları incitmədən bəzi qaydalar tətbiq etməlidir. Ümumiyyətlə, müəyyən çərçivələr həmişə lazımdı, onsuz olmaz, lakin klubları inkişafdan saxlayan, onların böyüməsinə, uğur qazanmasına əngəl olan şərtlər də yolverilməzdir. Elə etmək lazımdı ki, ondan həm klublar, həm milli komandalar, həm də bütün ölkə futbolu xeyir görsün.

Hazırda Premyer Liqada mövcud olan limit var:

“6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdir”.

Xüsusilə 23 yaşa qədər 1 futbolçunun heyətə salınması bəzi çətinliklər yaradır. Klublar bu səbəbdən rotasiyalara gedir, əvəzetmələr zamanı problem yaşayır. Lakin zaman keçdikcə bunun xeyirli tərəfini də görürük. Bir neçə ildir tətbiq olunan bu limit artıq klubların özlərinə hazır futbolçu qazandırır, gələcəkdə legioner asılılığını azaldır.

Yaxşı olardı ki, klublar özləri heç bir limit tələbi olmadan gənclərə heyətdə yer versinlər. Bu gün Premyer Liqada baş məşqçi olanların əksəriyyəti özləri də vaxtilə 19-20 yaşlarında heyətə düşüb və məşqçiləri onlara heç bir limit tələbi olmadan güvənib. Və indi də onların borcu yeni nəslə yol açmaqdı. Amma hamı nəticə həvəsindədir, daha təcrübəlilərlə qələbə qazanmağı lazım bilir.

Etiraf edək ki, limit tələbi olmasaydı, “Qarabağ” Mahir Mədətova bu qədər güvənməzdi, heç yavaş-yavaş əsas heyətə uyğunlaşan Hacıağa Hacılı da Riçard Almeyda ilə yanaşı oynamazdı. Arabir meydana çıxan İsmayıl İbrahimli də onun kimi. Hələ Qurban Qurbanov gənclərə ən çox güvənən, dəstək verən məşqçilərdəndir. O da əldə bu qədər legioner var ikən, tələb çempionluq ikən daha təcrübəlilərə güvənmək istər.

“Qəbələ” bu gün məhz limit tələbi üzündən 2 gəncə üstünlük verir. Heyət seçilərkən yaş həddi nəzərə alınıb, zaman keçdikcə bəlli olub ki, hətta 2 nəfər eyni vaxtda start heyətə layiqdir. Bəhlul Mustafazadənin ilk turlarda etdiyi səhvlər yadınızda olar, o da oynadıqca püxtələşdi, indi komandanın vazkeçilməz üzvlərindəndir. Amin Seydiyev isə mövsümün tapıntılarındandır. Sağ cinah müdafiəçisi gələcəkdə milli komandaya yüksələcək potensiala sahibdi. Bu rəqabətdə uduzan Qismət Alıyevsə hətta limit tələbi varkən oynamırsa, onun gələcəyi sual altındadır.

“Neftçi”də də vəziyyət oxşardı. Ayrı-ayrı vaxtlarda Anton Krivotsyuka, Ömər Buludova güvənən məşqçilər ilk vaxtlar limit doldurudusa, indi bəzən onların hər ikisinin xidmətindən eyni vaxtda yararlanır, üstəlik, Elvin Sərkərov da əlavə qüvvə kimi döyüşə atılır.

“Zirə” İlkin Muradova daha çox güvənir. O, məhz yaş həddinə görə transfer edilən Budaq Nəsirovu sıradan çıxara bilib. Qışda icarəyə götürülən Rafael Məhərrəmli isə rəqabəti artırıb. Hələ İbrahim Aslanlı da hər an forma şansı gözləyir.

“Sumqayıt”da əsas limit oyunçusu Yusif Nəbiyevdir. Amma baş məşqi Ayxan Abbasov 16-cı turun “Qarabağ”la ev oyununda Xəyal Nəcəfovla Ülvi İsgəndərovu da meydana buraxıb, əla üçlük yaratmışdı. Süleyman Əhmədov daha cavandır, bununla belə, hərdən o da oynamaq şansı qazanır. Limit olmasaydı, bəlkə onlara debüt etməyə belə şans verilməzdi. Güvənildi, bərkə-boşa düşdülər, səhv edə-edə oynamağı öyrəndilər.

“Keşlə”də 2 belə oyunçu var. Cabir Əmirli ilə Sertan Taşkın növbəylə güvənilənlərdir. Problem ondadır ki, bu klubda gənclərə çox etibar edilmir, onlar yalnız limit tələbinə görə meydana buraxılır. Halbuki hər iki oyunçu ilk vaxtlarla müqayisədə xeyli inkişaf edib.

“Səbail”də Fəhmin Muradbəyli start heyətində yerini təmin edib. Onun əvəzediciləri olan Ürfan İsmayılovla Aqşin Qurbanlı təsadüfi hallarda meydana çıxır, Fəhmin zədəli və ya cəzalı olanda məşqçilərdən etimad görür.

“Sabah” da gənclərin inkişafı baxımından önəmli işlər görür. Eltun Turabov bir ara vazkeçilməz oyunçuya çevrilmişdi, amma zamanla o, rəqabətə tab gətirmədi. Belədə Elgün Nəbiyev şansı qaçırmadı, məşqçinin etimadını doğrultdu. Elşad Əhmədov Şakir Seyidov və Emil Qasımovun timsalında limit eşelonunu geniş tutur, bəzən onların 2-3-ü eyni vaxtda meydana buraxır.

Tətbiq olunan bu limit indiyə qədər də xeyli gənci üzə çıxarıb. Coşqun Diniyev, Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Ehtiram Şahverdiyev, Elvin Camalov, Elxan Əhmədov, Məqsəd İsayev, Namiq Ələskərov, Elşən Abdullayev, Vadim Abdullayev, Tərlan Əhmədli, Roman Hüseynov, Mirabdulla Abbasov, Sadiq Quliyev, Tellur Mütəllimov, Müşfiq İlyasov, Bəxtiyar Həsənalızadə, Kamal Mirzəyev, Vüqar Mustafayev, Rəşad Əzizli, Adil Nağıyev, Fuad Bayramov, Azər Salahlı, Seymur Əsədov, Vüsal İsgəndərli və başqalarının adını çəkmək olar. Bu futbolçulardan bir qismi indi də əsas heyət oyunçusudur, rəqabətə dözə bilməyənlər kölgəyə çəkilib.

Əslində, məhz bu məqama diqqət yetirmək lazımdı, həmin oyunçuların sonrakı inkişafı üçün də nəsə düşünmək lazımdı. İstedadı olanlar onsuz da hansısa komandada özünə yer tapacaq, amma hazırda meydana çıxan elə futbolçular var ki, gələcəkləri qaranlıqdır. Limitə düşdüyü üçün arxayınlaşan bu futbolçular gələcəyini fikirləşmir, öz üzərilərində işləmirlər. Sadiq Quliyev, Abbas Hüseynov, Vadim Abdullayev, Ehtiram Şahverdiyev belələrindəndir. Elvin Camalov, Tellur Mütəllimov, Şahruddin Məhəmmədəliyev, Namiq Ələskərov isə çətin dövrdən sonra yenidən toparlana bilib.

AFFA-nın tətbiq etdiyi bu limitin vacibliyini UEFA-nın addımı da təsdiqləyir. Gənclər Liqasının keçirilməsi, hətta 19 yaşlılar üçün avrokubok təşkili əbəs deyil. Qitə futbol qurumu klubları onların özündən çox fikirləşir, ehtiyat qüvvənin hazırlanması üçün stimul yaradır.

Bununla kifayətlənmək olarmı? Təbii ki, yox. AFFA-nın bu addımı qurumun düzgün qərar verdiyini göstərməklə yanaşı, onun üzərinə əlavə məsuliyyət də qoyur. Deməli, istəyəndə daha yaxşı işləmək olur. Uşaq liqalarında da səliqə yaratmaq, onlara diqqəti artırmaq üçün rıçaqlar fikirləşmək lazımdı. Axı, bu limit milli komandada rəqabətin artmasına, layiqli ehtiyat qüvvənin yetişməsinə yardım edir.

İndi AFFA növbəti addımları atmalıdır. 2 həftədən sonra AFFA-nın Növbəti Konfransı, İcraiyyə Komitəsinin iclası baş tutacaq. Orada yeni təkliflərə baxılmalıdır. Assosiasiya futbolun, həm də klubların inkişafı naminə yeni təkliflər verməli, qaydalar müəyyənləşdirməlidir.

Yeni mövsümdən klubların heyətində mütləq öz yetirməsi olması ilə bağlı şərt yerinə düşərdi. Say, həmin oyunçuların əsas heyətdə olması, yoxsa adının protokola salınması müzakirə mövzusu ola bilər, lakin bu da futbol adına xeyirli olardı. O zaman klublar uşaq futboluna diqqət ayırmağa, istedadlı yetirmələrinə dəstək verməyə məcbur olardı.

Lazım gəlsə, hətta klublara öz yetirmələrini start heyətdə oynatdığı üçün pul mükafatı da vermək olar. Onsuz da divizionda perspektiv vəd etməyən neçə kluba maliyyə yardımı ayrılır. Həmin vəsaiti daha yaxşı istiqamətləndirmək, deyək ki, oyunların 50 faizindən çoxunda iştirak edən gənclərə görə həvəsləndirici mükafat vermək olar. Bu, daha yaxşı təcrübə olar, nəinki ölkə futboluna heç bir faydası olmayan “Ağsu”, “Qaradağ Lökbatan” kimi komandalara yüz minlər xərcləmək.

Təsadüfi deyil, avrokuboklarda buna oxşar bənd var və klublar sifariş ərizəsində müəyyən sayda öz yetirməsinin adını göstərməli olur. Eyni qayda bizdə də tətbiq olunmalıdı. O zaman vecsiz legioner bolluğundan qaçmaq, klubların əcnəbilərə dağıtdığı pul israfından yayınmaq olar, həmin vəsait gənc nəslin yetişdirilməsi üçün məcburi xərclənər. Belədə klublar sabah kadr ehtiyatından da əziyyət çəkməz, eyni zamanda futbol inkişaf edər, milli komandalar üçün daha çox namizəd yetişər.

FƏRİD