vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
17:06 | 11 aprel 2020 | Şənbə Məqaləyə 1895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudiyyədə məsələ çox ciddidir

Sarayı koronavirus bürüdü, 150-dən çox şahzadə yoluxdu, kralın qardaşı oğlu reanimasiyadadır

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada tüğyan edən COVİD-19 pandemiyası Səudiyyə Ərəbistanı kralının ailəsinə də yol tapıb. “New York Times”ın tibbi mənbələrə istinadən verdiyi məlumata görə, təxminən 150 şahzadə koronavirusa yoluxub. Belə ki, Ər-Riyad valisi və Kral Salmanın qardaşı oğlu Şahzadə Feysəl Bəndər ibn Abdul-Əziz də artıq intensiv terapiya şöbəsinə yerləşdirilib.

“Mən hazırda xəstəxanada olan şahzadəni şəxsən tanıyıram”, - Səudiyyə Ərəbistanına mütəmadi səfər edən Yaxın Şərqdən olan iş adamı təsdiqləyib.  ”Digər şahzadələrin də xəstəliyindən xəbərdaram. Mənə tez-tez zəng edərək epidemiyanın yayılması barədə xəbərdar edirlər”, - iş adamı bildirib.

“Le Fiqaro” nəşrinin kral sarayındakı mənbəyi daha da irəli gedir: “Virusa 150-dən çox şahzadə, o cümlədən yüksək vəzifəli şəxslər yoluxublar.  Kral Salman və vəliəhd Məhəmməd ibn Salmanın ətrafı təşviş içindədir. Buna görə onlar radikal qərarlar qəbul ediblər."

Krallığın bütün böyük şəhərlərində gecə-gündüz komendant saatı tətbiq olunur, hava hərəkəti , həmçinin bölgələr arasında nəqliyyat dayandırılıb. "Bu indiyə qədər görünməmiş bir hadisədir. Hətta 1991-ci ildə Fars Körfəzi müharibəsi dövründə belə bu cür komendant saatı tətbiq olunmamışdı. Evi yalnız xüsusi icazə ilə tərk etmək mümkündür. Məsələn, mağazaya getmək üçün də icazə alınmalıdır”, - Ər-Riyadda olan mühacir bildirib.

Səudiyyə Ərəbistanı müqəddəs şəhərlərə, Məkkə və Mədinəyə ziyarətləri, hətta iyulun sonu, avqustun əvvəlində baş tutacaq islamın 5 vacib şərtindən olan həcc ziyarətini belə ləğv etmək niyyətindədir. Əgər bu baş verərsə, Napoleonun 1798-ci ildə Misirə hücumundan bəri tarixdə baş verən ilk belə hadisə olacaq. “The New York Times” nəşrindən sonra bir çox ərəb və mühacirlər də bu cür sərt tədbirlərin səbəbini anlamağa başlayıblar.  Adını çəkmək istəməyən ərəb deyir: “Görünür, vəziyyət hər gün bizə bildiriləndən daha pisdir”.

Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatlarına görə, krallıqda yalnız 3287 yoluxma hadisəsi qeydə alınıb ki, onlardan da 50 nəfəri vəfat edib. İlk yoluxma hadisəsinin ortaya çıxmasından 40 gün sonra (Körfəz ölkələrində bir həftə ərzində epidemiyanın pik həddə çatacağı  gözlənilir) virusun 200 min nəfərə yoluxa biləcəyi düşünülür.

Digər tibb mənbələri isə ölkənin 33 milyon əhalisi, 7 milyon qaçqını, xüsusilə də virusun çox tez yayıla biləcəyi ən azı iki milyon qanunsuz immiqrantın (əksəriyyəti afrikalılar) olduğunu xatırladaraq deyirlər ki, virusa yoluxma ən azı bu rəqəmlə məhdudlaşa bilər. Bundan sonra ölkənin küçələrini gəzəcək minlərlə yoxsul insanın xəstəliklərinin qarşısını almaq üçün Kral Salman görünməmiş qərar qəbul edib: o, krallığın xəstəxanalarında hər kəsə, o cümlədən qanunsuz miqrantlara pulsuz müalicəyə şəraiti yaradıb.

“New York Times” nəşrinin verdiyi məlumata görə, 84 yaşlı kral vəliəhd şahzadə Məhəmməd İbn Salman və bir çox nazirlərlə birlikdə Qırmızı dənizdəki Cədda limanının qarşısında yerləşən bir adada məskunlaşıb. Nəşr yazır ki, virusun şahzadələr arasında yayılması, onların arasında qəbul edilmiş adətlərə görə heç də təəccüblü sayılmamalıdır.

Şahzadələrin əksəriyyəti (onların sayı 5000-dən 10000-ə qədərdir) əsasən virusa səfər etdikləri Avropada yoluxublar. Bundan əlavə, Paris və Ər-Riyadda çalışan bir iş adamı deyir ki, orada “Məclis mədəniyyəti” var, yəni onlarla şahzadə bir fincan çay ətrafında müxtəlif mövzuları müzakirə edirlər. Vəziyyəti gərginləşdirən daha bir səbəb isə şahzadələrin yaşayışı ilə bağlıdır. Belə ki, hər şahzadənin öz sarayı var. Burada şahzadələri yedirən və geyindirən yüzlərlə işçi var. Ona görə də belə bir şəraitdə izolyasiya tədbirlərinin nəticə verəcəyinə inanmaq çətindir.

Kral ailəsindən başqa, epidemiya yüz minlərlə mühacirə də ağır zərbədir.

“Ər-Riyad və Əl Xubarda şirkətlərinin bağlanması səbəbindən bir ayda iş yerlərini itirən xeyli insan tanıyıram. Rəhbərlik onlara deyib ki, dövlətə müraciət edin! Bütün bunlar Səudiyyə hakimiyyətini böhranla mübarizə üçün 40 milyard avro ayırmağa məcbur edib, bu da çox ciddi nəticələrə səbəb olacaqdır. İşsizliyin kəskin artması gözlənilir”, - deyə bir bank işçisi bildirib. 

O, hesab edir ki, əgər Səudiyyə Ərəbistanı rəhbərliyi Yəməndə birtərəfli qaydada atəşkəs elan edibsə, deməli məsələ çox ciddidir.