vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 aprel 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
01:45 | 10 mart 2017 | Cümə Məqaləyə 845 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkelin taxtını kim laxladır?

2 il sinifdə qalan, içki düşkünü, «rahibəni kilsədən çıxarmağa qadir» siyasətçi...

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəmi bir neçə ay əvvəl heç kim şübhə etmirdi ki, sentyabrda Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkel və onun rəhbərlik etdiyi siyasi blok (Xristian Demokratik İttifaqı) qalib gələcək. Lakin Martin Şults Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) rəhbərliyinə gələndən sonra Merkelin federal kansler seçilmək şansı gündən-günə azalmağa başladı.

Strateq.az xarici mətbuata istinadən Merkeli kansler kürsüsundən salmağa çalışan 61 yaşlı rəqibinin seçkidə qələbə şansının nə dərəcə real olduğunu aydınlaşdırmağa çalışacaq.

Sosioloji sorğular göstərir ki, hazırda Şults xanım rəqibindən bir-iki faiz geridədir. Gənclik illərində alkoqolla bağlı ciddi problemlərinin olması belə, Şultsun bu marafonda uğur qazanmasına mane olmur.


«Merkelin izlərinə ayaq basır, hətta onu ötüb keçir»


«Onun gəlişi illərdir seçkilərdə qalib ola bilməyən Sosial-Demokrat Partiyasında bir növ, «viaqra» rolunu oynadı. Bu illər ərzində Xristian Demokratik İttifaqının kiçik tərəfdaşı və «böyük koalisiyanın» bir parçası olan sosial-demokratlar çarəsizcəsinə Merkelin uğurlarını seyr edirdilər. Merkel partiyasını modernləşdirmək və mərkəz meylli etməklə solçuların da elektoratını cəlb edə bilmişdi«, deyə «The Washington Post» Şultsun ASDP rəhbərliyinə gəlişindən sonra Almaniyanın daxili siyasətində baş verənləri şərh edib.

Şults seçki kampaniyasına bu ilin yanvarında qoşuldu və cəmi bir ay sonra partiyanın reytinqini 10 bənd yuxarı qaldırdı. İctimaiyyətdə belə fikir yaranıb ki, hazırda Şults nəinki Merkelin izlərinə ayaq basır, hətta onu ötüb keçir də.

Almaniya KİV-lərinin yazdığına görə, əgər seçki bu gün keçirilsəydi, sosial-demokratlar səslərin 32, xristian demokratlar isə 31 faizini toplayardı.

Almanların 50 faizi Şultsu, cəmi 39 fizi isə Merkeli kansler postunda görmək istəyir.

Qerxard Şrederin istefasından sonra və Şultsun gəlşinə qədər Sosial-Demokrat Partiyasında faktiki olaraq xarizmatik liderlər yox idi.

Sosial-demokratlar arasında ən populyar siyasətçi Frank-Valter Ştaynmayer hesab olunurdu. Lakin o da 2009-cu ildə Merkelə uduzandan sonra kansler kürsüsü uğrunda mübarizədən çəkilmişdi.

Almaniya Sosial-Demokrat Partiyasının keçmiş lideri Ziqmar Qabrielin populyarlığı olduqca aşağı idi.

«Deutsche Welle»nin yazdığına görə, 25 faizi keçən istənilən nəticə ASDP-də sensasiya kimi qəbul olunurdu.

Şults gələndən sonra sosial-demokratların öz namizədlərini dördüncü dəfə (Villi Brandt, Qelmuta Şmidt və Qerxard Şrederdən sonra) kansler kürsüsündə əyləşdirmək üçün real şansı yarandı.

«Der Welt» yazır ki, Şults həm də çox yaxşı natiqdir: "Hər şeyi çox ağıllı, emosional, bir qədər də yumoristik tərzdə izah edir. Üstəlik həmişə fikirlərini tarixi faktlarla əsaslandırır. Bəzən də çox yüksəkdən və kəskin danışır".

Yaxın dostu Axim Qrossman isə Şultsu belə xarakterizə edib: «Martin fikirləri ilə insanları alovlandırmağı bacarır. O bu qabiliyyəti ilə hətta rahibəni kilsədən uzaqlaşdırmağa qadirdir».

«Süddeutsche Zeitung» Şultsu populist adlandırıb və kampaniyasının əsas şüarının  MEGA (Make Europe Great Again – Avropanı yenidən qüdrətli edəcəyik) olduğunu yazıb.

«Sosial-demokratların «Brioni»dən kostyum geyinən, Kuba siqarlarını sevən sonuncu lideri Qrexard Şrederdən fərqli olaraq 61 yaşlı Şults klassik sosial-demokrata bənzəyir», – deyə «The Washington Post» yazır.


Qeyri-ənənəvi bioqrafiya


Martin Şultsun bir siyasətçi üçün ənənəvi olmayan bioqrafiyası var. Almaniyanın balaca kəndlərindən birində anadan olub.

Atası polis, anası evdar qadın olan Şults məktəb illərində iki dəfə sinifdə qalıb. Və bundan sonra attestat almadan məktəbi atıb.

«Elə də yaxşı şagird olmamışam», deyə Şults özü etiraf edib.

Məktəb illərindəki uğursuzluğunun əsas səbəbi isə futbola aludəçiliyi olub.

«O vaxtlar futbola çox aludə olmuşdum. Mənim «İncil»im «Kicker» jurnalı, tanrım Volfqanq Overat (alman yarımmüdafiəçi) idi», - deyə Şults bildirib.

Yalnız dizindən ağır zədə alandan sonra Şults futbolla vidalaşmalı olub. Lakin bundan sonrası da ürəkaçan olmayıb və Şults alkoqola meyllənib.

Özünün dediyinə görə, 18 yaşından 24 yaşınadək içki şüşəsindən demək olar ki ayrılmayıb. Bu pis vərdişdən onu birdəfəlik uzaqlaşmağa kömək edən həkim qardaşı olub.

Bundan sonra Martinin karyerasında yüksəliş başlayıb. 1982-ci ildə o, «Martin Şultsun kitab mağazası»nı açıb. Sonradan Avropa Parlamentinin deputatı, ardınca da sədri olub.

Almanlar nümunəvi ailə başçısı, iki uşaq atası olan Şultsa hörmətlə yanaşırlar.

Şultsa rəğbət yaradan cəhətlərindən biri də onun 5 əcnəbi dilə sahib olmasıdır – ingilis, fransız, ispan, holland və italyan.


Şults nə təklif edir?


Şults seçicilərinə konkret nə təklif edir və Merkeldən fərqli hansı baxışları var?

Hələlik bu suala cavab vermək çətindir. Bu mənada ASDP tezliklə öz proqramını müəyyənləşdirib onu ictimaiyyətə açıqlamalıdır.

O məlumdur ki, Şults Avropa Birliyindən islahatların aparılmasını və sosial-demokratların öz gerçək dəyərlərinə qayıtmasını istəyir.

Hələlik əsas vədləri alman cəmiyyətində qeyri-bərabərliyi aradan qaldırmaq, yaşlılar arasında işsizliyin sayını azaltmaq və pensiyaları artırmaqdır.

Hazırda Avropadakı sosial-demokratlar o qədər də yaxşı günlərini yaşamırlar. Bir çox alman ASDP-ni Merkelin partiyasının təkrarına çevrilməkdə ittiham edir.

Xüsusən də Berlinin miqrasiya siyasəti, milli təlükəsizlik məsələləri, terrora qarşı mübarizə və Rusiya ilə münasibətlərə yanaşması baxımından.

Hələ Avropa Parlamentinin sədri ikən Şults Rusiyanı beynəlxalq vəziyyəti destabilizə etməkdə ittiham etmiş və Moskvaya qarşı sanksiyaların saxlanılmasına tərəfdar olmuşdu.

Alman KİV-ləri 20 il Almaniyadan kənarda yaşayan Şultsun ölkə siyasətində özünə yer tapmaqda çətinlik çəkəcəyini də istisna etmirlər.

Bu illər ərzində Brüsseldə yaşayan Şultsun hələlik şansı onda gətirir ki, ifrat sağçı «Almaniya üçün Alternativ» partiyasının reytinqi sürətlə aşağı düşür. Üstəlik o, cəsarətlə Merkeli tənqid edə bilir.

Əgər Şultsun hazırkı yüksək reytinqi 24 senytabrdakı səsverməyə qədər aşağı düşməsə və ya seçkidə Merkelin siyasi bloku ilə eyni səs yığmalı olsa, o, xanım rəqibi ilə birgə koalisiya qurmalı olacaq.

Hələ ki sosial-demokratlar belə bir ittifaqa qəti şəkildə qarşı çıxırlar. Bundansa, Bundestaqda çoxluğu ələ keçirmək üçün «solçular» və «yaşıllarla» birləşməyə üstünlük verirlər.

Politoloqlar dəqiq proqnozlardan çəkinsələr də, bir məsələdə həmfikirdilər – Almaniyadakı bu seçki kampaniyası ən maraqlılardan biri olacaq… (strateq.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *