vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:03 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 3235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xatirimdəki Zəngilan

«Kim istəyir, mənimlə gəlsin, istəyən yoxdusa, tək gedəcəyəm»

Nurşən QULİYEV

Zəngilan mənim üçün çox doğmadır. 1992-ci ilə qədər yolum bu rayona heç düşməmişdi.

İş elə gətirdi ki, hərbi xidmət üçün bu rayona göndərildim. Açığı, heç göndərmək istəmirdilər. Əvvəl Bakıda, sonra isə Neftçalada təlim mərkəzində qalmaq təklif olundu, israrlar komandirlər səviyyəsində qədər getdi çıxdı. Amma mən qəti etirazımı bildirdim ki, cəbhəyə getmək istəyirəm, ali təhsilimi ona görə yarımçıq qoymamışam ki, Bakıda, ya da Neftçalada xidmət edim.

Mən Zəngilana gələndə oktyabr ayı idi, Zəngilandan çıxanda da. Orada cəmi 1 il xidmət etsəm də, bu 1 il məndə çox xatirə, çox iz buraxıb. Sanki illərlə orda yaşamış kimi...

 

Ağbənd kəndi...

 

Bu kənd Zəngilanın Ermənistanın Mehri rayonu ilə sərhədində yerləşən kəndi, sonuncu bəndi idi. Bu kənddən sonra dağın o üzündə Ermənistan yerləşirdi. Ermənilərin Ağbənd istiqamətində döyüş postu o dağın başındaydı. Dağın sol tərəfi Araz çayı idi, sağ tərəfi isə Vejnəli kəndinə doğru uzanırdı. Dağın Araza enən hissəsində tunel vardı. Qatarlar tunelin bu tərəfindən girib, əks tərəfdə Ermənistan ərazisində çıxırmış bir vaxtlar. İndi qatar nə gəzirdi?

Postumuz Araz çayının kənarında, dəmiryolu xəttinin üstündə yerləşirdi. Bir vaxtlar qatarların dayanmadan hərəkət etdiyi dəmiryolu xətti, relslər indi yalnız əsgərlərın posta gedib-qayıdarkən yeriş zamanı tarazlıqlarını yoxlamasına xidmət edirdi.

 

Zastava...

 

Ermənilərdə bizim mövqenin arasında zastava yerləşirdi - neytral zonada. Sovet dağılanda zastava da dağılmışdı. Uçmuş binası, sərhədçi qülləsi, həyətində köhnə maşın-texnika qalmışdı. Bir neçə dəfə girmişdik zastavanın ərazisinə, baxmayaraq ki, postu tərk edib irəli getmək qadağan idi. Zastavanın ərazisinə getmək isə xüsusən təhlükəliydi - hər an düşmən qarşına çıxa bilərdi, bundan başqa da ermənilərin postu yüksəklikdə olduğundan açıq hədəf ola bilərdik. Amma maraq bizi dartıb aparmışdı bir neçə dəfə. İndi niyə belə elədiyimizin, təhlükəni açıq-aydın anladığımız halda düşmənin burnunun dibinə gedib çıxmağımızın səbəbini düşünürəm, ağlıma bircə şey gəlir - gözümüzü qan örtmüşdü.

 

Tunel...

 

Hələ bu nədi ki?.. Bir dəfə ermənilər gecə səhərə qədər postumuza Arazın qırağındakı tuneldən qumbaraatanla mərmilər buraxdılar. Amma yaxşı daldalandığımız, bir də cavab atəşləri hesabına itki-yaralı olmadı. Səhər açılanda hardansa ağlıma gəldi ki, atəş açılan yerə, tunelə getməliyəm. Postdakılar, döyüşçü dostlarım nə illah elədilər ki, bu ağılsızlıqdı, ölümdü, beynimə batmadı. «Gedəcəyəm, vəssalam! Kim istəyir, mənimlə gəlsin, istəyən yoxdursa, tək gedəcəyəm». Mübahisə bir az uzandı. Axırda mənim israrımı görüb əl çəkdilər. İki nəfər mənimlə getməyə razılaşdı.

Tunellə aramız 300-400 metr olardı. Dəmiryolunun altı ilə ehtiyatla, hər an düşmənlə burun-buruna gələcəyimizi düşünə-düşünə, dörd göz də satın alıb, addım-addım irəliləməyə başladıq. Dayanıb, ətrafı müşahidə edib, təhlükə olmadığına əminlikdən sonra addım-addım irəliləyirdik.

Nəhayət, tunelin ağzına çatdıq. Qalırdı içəri girmək. İçəridə bizi nə, kim gözləyirdi, maraq və bizi gözləyən təhlükənin yaratdığı hiss bir-birinə qarışmışdı. Ətraf tam sakitlik idi.

Göz-gözə gəlib bir anda içəri girdik...

Tunel boş idi!

Ermənilər gecə öz işlərini görüb, hava işıqlananda çıxıb getmişdilər. Onlardan gecə atdıqları mərmilərin alışdırıcıları, gecə yandırılmış ocaq yeri, hisli çaydan və bir neçə dəmir parç qalmışdı.

Geri qayıtdıq. Postda qoyub getdiyimiz, ürəklərini ağızlarına gətirdiyimiz dostlarımız sağ-salamat dönməyimizə sevinsələr də, bir müddət mənimlə danışmadılar. Onların sözünü yerə salmağım xətirlərinə bərk dəymişdi.

 

Ağ tut...

 

Bizim kazarmamız bir vaxtlar kəndin mağazası olmuşdu. Darısqal, dar bir otaq. Mağazanın yardımçı otaqlarından birindən silah-sursat anbarı, birindən isə ərzaq saxlamaq üçün istifadə edirdik. Yeməkxanamız - səhra çadırı.

Ağbəndin çox mehriban camaatı vardı. Həmişə onlardan hörmət, qayğı, dəstək görürdük. Zəngilan mənə əsas da bu mehriban insanların sayəsində doğma olub.

Ağbənddə çox meyvə yetişirdi - nar, üzüm, alma və s. Amma Ağbəndin ağ tutu mənim yadımda daha çox qalıb. Mağaza-kazarmanın qonşuluğunda yaşlı qadının həyətindəki tut. O, tutu boşqab-boşqab gətirirdi bizə. Tut öz yerində, o qadın bir başqa aləm idi. Bizim ən yaxınımız, ən əzizimiz...

Ağbəndin sərt qışı da heç yadımdan çıxmaz. Əsas da postda olanda soyuqdan əziyyət çəkirdik. Vəziyyət gərgin olanda bəzən 4-5 saat postda qalmalı olurduq. Arazın sazağı, qar-çovğun. İndi də yadıma düşəndə sümüklərim sızıldayır.

Həəə, bir də iydə çiçəyinin iyi...

Bu iy hər dəfə burnuma dəyəndə, bilirəm ki, Zəngilanda, Ağbənddə, Arazın İran tayında sıralanmış iydə ağacları çiçək açıb. Yaz aylarında postumuzla üzbəüz, Arazın o tayında açmış sarı iydə çiçəklərinin iyini meh gətirib burnumuza doldurardı - qan, ölüm, barıt qoxusunun arasında iydə çiçəyinin iyi...

 

«Paytaxt»

 

Mincivan qəsəbəndən yazmasam olmaz. Mincivan Zəngilanın Arazqırağı kəndlərinin «paytaxtı» sayılırdı. Bakıdan gələn qatarın son dayanacağı, əsgərlərin valideynləri ilə görüş yeri. Mincivan stansiyasında hər şey tapmaq olardı - ərzaq məhsulları, geyim, siqaret, içki - hər şey...

Mincivandan gündə bir dəfə Ağbəndə «Motovoz» gəlib qayıdırdı. Əsas işi dəmiryolunda nasazlıqları aşkar edib aradan qaldırmaq olan bu texnika Mincivanla Ağbənd arasında yerləşən kəndlərə və kəndlərdən sərnişindaşıma funksiyası yerinı yetirirdi. Maşın, avtobus çatışmırdı.

 

İşğal...

 

1993-cü il oktyabrın 29-u. Zəngilan rayonu artıq 1 aydi ki, mühasirədədi. Qubadlı, Cəbrayıl, Füzuli işğal edilib, Zəngilan Azərbaycandan tam təcrid olunub. 1 ayın tamamında ermənilər irimiqyaslı hücuma keçdilər. Hərbçilər üç tərəfdən hücumun qarşısını almağa, əhali Arazı keçərək İranda nicat tapmağa çalışırdı. Ordumuz əhali İrana keçənə qədər düşmənin həmlələrinin qaşısını ala bildi. Müqavimətin artıq mümkün olmadığı anlaşılanda biz də İrana keçdik.

Sakinlərinin bir qismi düşmən gülləsinə tuş gələn, bir qismi Arazın sularında qərq olan, bir qismi isə İrana keçə bilən Zəngilan - Dağlıq Qarabağın ətrafındakı yeddinci-sonuncu rayon düşmən əlinə keçdi...

Zəngilanda xidmət keçdiyim 1 ildə müharibədən, döyüşdən, ölümdən çox şey yaza bilərdim.

Amma mən xatirimdə qalan, xatirəmdə yaşayan Zəngilanı yazdım...

29 oktyabr 2017