«Muzkomediya»nın gənc «ata»sı
«Mən afişada «xalq artisti» yazacağam, siz özünüz bilərsiniz»
Afaq BƏŞİRQIZI, xalq artisti
MÖVZU İLƏ ƏLAQƏLİ
Fevralın 23-də adı musiqili teatrımızın tarixinə qızıl hərflərlə yazılmış xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasının 100 ili tamam olur. Şəmsi Bədəlbəyli 1911-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada məşhur ziyalı Bədəl bəy Bədəlbəyovun ailəsində dünyaya göz açıb. Həmin o Bədəl bəy ki, Bakının keçmiş Sovet küçəsində indi də «Bədəl bəyin məktəbi» adlanan bir binada uzun illər boyu məktəbdarlıq etmiş, Azərbaycan mədəniyyətinə müsəlman Şərqində ilk baletin müəllifi olan bəstəkar Əfrasiyab Bədəlbəyli və rejissor Şəmsi Bədəlbəyli kimi oğullar vermişdir.
Bu böyük nəslin yaradıcılıq yolunu indi zəmanəmizin görkəmli sənətkarı, pianoçu, xalq artisti, professor Fərhad Bədəlbəyli davam etdirir. Bədəl bəyin qardaşı, məşhur aktyor Əhməd bəy Ağdamski milli mədəniyyət tariximizin cəfakeş aktyorlarından biri kimi uzun illər azərbaycanlı qadın aktrisanın yoxluğu səbəbindən Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasında Leyli obrazını canlandırmışdır.
Bunları oxuculara qısaca xatırlatmaqla Şəmsi bəyi necə bir mühitin yetişdirdiyini nəzərə çarpdırmaq istəyirəm. Orta məktəbdə təhsilini uğurla başa vuran Şəmsi atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olur və burada 4 il təhsil alır. Yeniyetmə yaşlarından musiqiyə həvəs göstərən gənc 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfinə daxil olur, sonra təhsilini Üzeyir Hacıbəylinin kompozisiya nəzəriyyəsi sinfində davam etdirir. Teatr sənətinə sonsuz həvəsi onu Milli Dram Teatrına gətirir. Teatrın kiçik orkestrində tar çalmağa başlayır. Həmin illərdə Şəmsinin dramaturq Cəfər Cabbarlı, aktyor, rejissor İsmayıl Hidayətzadə və rejissor Aleksandr Tuqanovla dostluğunun təməli qoyulur.
1933-cü ildə Şəmsi Bədəlbəylinin həyatında mühüm bir dönəm başlayır, o, Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya təhsil almağa göndərilir. Görkəmli rejissorlardan Kote Marcanaşvili və Aleksey Popovdan təhsil alır, Moskvanın zəngin teatr mühitindən özü üçün təcrübə toplayır. Təhsilini bitirib Bakıya qayıdan gənc rejissor Milli Dram Teatrında M.Zeynalovla birlikdə «Müsyö Jordan və Dərviş Məstəli şah», Adil İsgəndərovla birlikdə «Xoşbəxtlər» əsərlərini tamaşaya qoyur. C.Məmmədquluzadənin «Ölülər», V.Şekspirin «Kral Lir», M.Lermontovun «İki qardaş» pyeslərinin tamaşaları da rejissorun öz sənətkarlığını cilalamasında və əsərlərdə qoyulan ideyaların zamanla səsləşməsinə nail olmasında mühüm rol oynayır.
1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan bir müddət sonra İrana ezam olunan rejissor «Vətən uğrunda» qəzetində ədəbi işçi kimi çalışır, həm mədəniyyət mövzusunda yazılar yazır, həmçinin Təbriz şəhərində iranlı həvəskar aktyorlarla birlikdə Üzeyir Hacıbəylinin «Arşın mal alan», Zülfüqar Hacıbəylinin «Əlli yaşında cavan», «Evlikən subay» əsərlərini tamaşaya qoyur. İranda öz missiyasını başa vuran Şəmsi Bədəlbəyli 1942-ci ildə vətənə qayıdır.
1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır. Şəmsi Bədəlbəyli teatra baş rejissor təyin edilir və böyük şövqlə işə başlayır. Gənclik illərində əldə etdiyi təcrübə qəlbən bağlı olduğu musiqili teatr yaradıcılığı üçün bir zəmin yaradır. O, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş musiqili komediya teatrının sərgərdan, dağınıq fəaliyyətdən təsisatlı bir teatra çevrilməsində böyük zəhmətlər çəkir. Repertuar seçimi, səyyar operetta ansamblının ötən illərdə göstərdiyi tamaşalara yenidən baxılması, truppanın təşkili gənc Şəmsinin qarşısında duran çətin vəzifələrdən idi. İndi bütün bunlar müasir oxucuya asan görünə bilər. Lakin yox yerdə bir mədəniyyət ocağı yaratmaq yalnız seçilmiş insanların qismətinə düşən tale yazısıdır.
Şəmsi Bədəlbəyli bəstəkar və yazıçıları teatra cəlb etmək məqsədilə onlarla görüşlər keçirir, söhbətlər aparır. Onun bəstəkarlardan Səid Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov, şair və yazıçılardan Süleyman Rüstəm, Sabit Rəhman, Məhərrəm Əlizadə və başqaları ilə sıx əməkdaşlığı tezliklə öz bəhrəsini verir. Musiqili Komediya Teatrının tarixində önəmli rol oynamış səhnə əsərləri - F.Əmirov və M.S.Ordubadinin «Ürəkçalanlar», S.Rüstəmov və S.Rüstəmin «Durna», F.Əmirov və M.Əlizadənin «Gözün aydın», S.Ələsgərov və S.Rəhmanın «Ulduz» tamaşaları yaranır.
Bu tamaşalar şux yumoru, koloritli müasir qəhrəman obrazları ilə seçilir və tamaşaçıların qəlbinə yol tapır. Milli operettalarla yanaşı, Şəmsi Bədəlbəyli o illərdə qonşu ölkələrin bəstəkarlarının tamaşalarına da geniş meydan verir. Bunlardan xüsusilə Vladimir Doldizenin «Keto və Kote» tamaşasını qeyd etmək lazımdır. Bu tamaşa böyük uğurla oynanılmış və həm Azərbaycan, həm də gürcü teatr mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilmişdir. Təəssüflər olsun ki, böyük uğurlara imza atan teatr 1949-cu ildə maliyyə çətinlikləri üzündən fəaliyyətini dayandırmalı olur.
1956-cı ildə Musiqili Komediya Teatrı yenidən fəaliyyətə başlayarkən truppanı formalaşdırmaq Şəmsi Bədəlbəyliyə həvalə olunur. O vaxtlar Dövlət Filarmoniyasında çalışan Şəmsi Bədəlbəyli bir an düşünmədən doğma teatra qayıdır. Teatrın bağlanması səbəbindən başqa yerlərdə çalışan tanınmış sənətkarları, Azərbaycan operettasının aparıcı qüvvələri olan Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Əlihüseyn Qafarlı, İbrahim Hüseynov, Lütfəli Abdullayev, Şəfiqə Qasımova, Məleykə Şahmərdanova, Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev və başqalarını, həmçinin gənc ifaçıları teatra toplayır. Musiqili Komediya Teatrının yüksəliş illəri başlayır. Teatrın «qızıl dövr»ündə çalışmaq Şəmsi Bədəlbəylinin qismətinə düşür.
Həmin vaxt Bakıda qaynar teatr həyatı vardı və insanlar böyük həvəslə teatrların repertuarını izləyir, premyeralara baxır, təəssüratlarını bölüşür, qohum və dostlara hansı tamaşaya baxmaq barədə tövsiyələrini verirdilər. Musiqili Komediya Teatrının da öz pərəstişkarları vardı. 60-cı illərin teatrsevərləri Şəmsi Bədəlbəylinin rəhbərlik etdiyi Musiqili Komediya Teatrının yuxarıda adlarını çəkdiyimiz korifey sənətkarlarının yaratdığı obrazları sevir, sevdikləri obrazlardan söhbət açır, onlardan misallar gətirir, onların nəğmələrini oxuyurdular. Dahi Üzeyir bəyin ölməz operetta qəhrəmanları ilə yanaşı, Durna, Aşıq Murad, Ulduz, Bəxtiyar, Möhsün, Yetər, Şubay, Gülümsərov, Nazlı, Züleyxa, Məhəmməd, Hacı Kərim, Kərbəlayi Fatma, Cənnət xala, Zərbəli, Novruzqulu, Polis rəisi, Yetim və yeni dövrdə yaranmış digər yapışıqlı, koloritli obrazların sehrinə düşürdülər.
O dövrün tamaşalarında müsbət qəhrəman məsələsinə xüsusi önəm verilirdi. Teatrda bu obrazları oynayan böyük aktyor-vokalçı ordusu yetişmişdi. Bunlardan Lütfiyar İmanov, Kamal Kərimov, Mobil Əhmədov, Zemfira Quliyeva, Roza Əliyeva, Şəfiqə Qasımova, Məleykə Şahmərdanova, Daqmara Səidzadə, Yelena Seyidzadə, Lütfiyyə Səfərova, Pərviz Bağırov, Sona Bağırova, Nəzirə Salmanova və başqalarını qeyd etmək olar.
Şəmsi Bədəlbəyli hər bir aktyorla fərdi iş aparır, istedadlara xüsusi qayğı göstərir, onların inkişafını nəzər-diqqətində saxlayırdı. Yaradıcılıq məsələləri ilə yanaşı Şəmsi Bədəlbəyli teatrda çalışan aktyorların məişət və sosial problemlərinin həllinə də xüsusi diqqət ayırırdı. Aktyorların mənzillə təmin edilməsi çox çətin idi. O zaman Musiqili Komediya Teatrına yaxın ərazidə iki doqquzmərtəbəli binanın tikilməsinə Şəmsi Bədəlbəyli uzun müddət razılıq vermirdi. Uzun sürən danışıqlardan sonra o, bu binaların tikilişinə o şərtlə razılıq verdi ki, binanın birinci və ikinci mərtəbələrində teatrın bir sıra sexlərinə yer və dörd aparıcı aktyora həmin binalarda mənzil verilsin. Zəhmli görünüşü ilə bərabər bir o qədər də diqqətcil idi. O illərdə Şəmsi Bədəlbəyli teatrda çalışan görkəmli aktyorların yaradıcılığı barədə televiziya filmlərinin çəkilməsinə nail oldu. Az maaş alan aktyorlara, xəstələrə haradan olur-olsun, vəsait tapıb kömək edirdi. Onun rəhbərliyi dövründə teatrın rus bölməsi Rusiyanın ildə ən azı üç şəhərinə qastrola gedir və Musiqili Komediya Teatrını Azərbaycanın hüdudlarından kənarda tanıtdırırdı.
Bu arada Şəmsi Bədəlbəyli ilə bağlı bir epizodu danışmasam, olmaz. Atam - o illərin ən sevilən aktyorlarından olan Bəşir Səfəroğlu ağır xəstəliklə bağlı cərrahiyyə əməliyyatı olunduqdan sonra Şəmsi müəllimə zəng vurur:
- Badalıç (aktyorlar o zaman Şəmsi Bədəlbəyliyə belə müraciət edirdilər - A.B.), darıxmışam, oynamaq istəyirəm.
Şəmsi Bədəlbəyli:
- Ürəyin hansı tamaşanı istəyirsə, de, - deyə cavab verir.
- Mən «Bizə bir xal lazımdır» və «Milyonçunun dilənçi oğlu» tamaşalarını oynamaq istərdim. Özü də Yaşıl Teatrda. Ordan yaman xoşum gəlir.
Bəşirin ümidsiz xəstə olduğunu yaxşı bilən Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng vurur, Bəşir Səfəroğluna «Xalq artisti» fəxri adı verilməsini xahiş edir və «Mən afişada «xalq artisti» yazacağam, siz özünüz bilərsiniz» deyib, dəstəyi yerə qoyur.
Görülən təşkilati işlərin nəticəsində Yaşıl Teatrda böyük tamaşaçı kütləsinin qatıldığı tamaşa yüksək səviyyədə keçir. Tamaşada Bəşir Səfəroğluna «Xalq artisti» fəxri adı verilməsi barədə fərman təqdim olunur. Bu, Bəşir Səfəroğlunun pərəstişkarları ilə vida tamaşası idi. Yaddaşlara yazılan bu tamaşanın, irimiqyaslı teatr aksiyasının müəllifi, böyük sənətkar, sənətə, sənətkara qiymət verməyi hamıdan yaxşı bacaran Şəmsi Bədəlbəyli idi…
Təəssüf ki, Azərbaycan teatr tarixinə şərəfli səhifələr yazmış bir çox böyük sənətkarlarımızın tamaşaları qoruna bilməyib. Şəmsi Bədəlbəylinin də quruluşlarından yalnız biri - Emin Sabitoğlunun «Hicran» tamaşası bütünlüklə lentə alınıb. Tez-tez Azərbaycan televiziyasında nümayiş etdirilən bu əsər tamaşaçıların çox sevdiyi, həvəslə, hər dəfə doymadan baxdığı tamaşadır. Tamaşada Musiqili Komediya Teatrının əsas qüvvələri iştirak edir. Bu tamaşa Şəmsi Bədəlbəyli yaradıcılığı ilə bugünkü teatrsevərlər arasında bir körpüdür. Yaxşı ki, gənc nəsil bu tamaşa sayəsində böyük sənətkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edə bilir.
Musiqili Komediya Teatrı var olduqca onun təməlini qoymuş və bu sənət ocağının yaşaması üçün böyük zəhmət çəkmiş Xalq artisti Şəmsi Bədəlbəylinin adı yaddaşlardan silinməyəcək.