Nəsiminin demək istədikləri ...
Şərq cəmiyyəti necə irəli çıxa bilər?
Əvvəlcə deyin, görək:
Bir
kəs ki, qəm düçarı ola, ağlar ağlamaz?
Əndüsi-qüssə
yarı ola ağlar ağlamaz?!
Burasını günə xoş ovqatla başlayasınız deyə, zarafat üçün yazdım.
Bu, Qarabağ şairlərindən Mirzə Rəhim bəy Fənanın beytidir. Bizsə İmadəddin Nəsimidən danışacağıq. Şairin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Və bu, çox gözəl bir hadisədir.
Nəsimi insanlığın elə məqamdır ki, bu barədə mümkün qədər çox adam yazmalıdır, danışmalıdır, heç olmasa düşünməlidir.
Amma “iki cahan”mı, “ikən cahan”mı mübahisələri üzərində, Allahı sevirsiniz, çox baş sındırmayaq.
Çünki elə, ya belə, Nəsimi sözü onsuz da sona qədər dərk edilməmiş qalacaq:
Heç
kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu
“quş dili”dir, bunu Süleyman bilir ancaq.
Yaxşısı budur, İmadəddin Nəsimi 650 ildən sonra da niyə bu qədər dəyərlidir, bunu düşünək.
O, nə demək istəyirdi, məramı, məqsədi nə idi orasına diqqət yetirək.
İnsanın son məqsədi kamillikdir. Bəs ona necə çatasan?!
Bu böyük sufi də insanı kamilliyə, cəmiyyəti inkişafa doğru aparan yolu göstərir. Bu yol 7 mərhələdən keçir: Şəriətdir, Təriqətdir, Mərifətdir, Həqiqətdir, Vilayətdir, Zat-əş şəriətdir, Zat-əl külldür.
Şəriət Allaha doğru hərəkətdir. Təriqət Allahın köməyi ilə hərəkətdir. Mərifət Allahın altında hərəkətdir. Həqiqət Allahla birgə hərəkətdir. Vilayət Allahda hərəkətdir. Zat-əş şəriət Allahdan hərəkətdir.
Zat-əl küll artıq Allaha qovuşmaqdır.
İnsan bu yolda ilk addımlarını atdıqca onun ruhu da təmizlənib saflaşmağa başlayır: cismani ruh əvvəlcə özünü məzəmmətləyir, sonra sakitləşir, bu sakitlikdən məmnunluq duyur, Allah insanın bu ruh halını bəyənir və bu ruh, nəhayət ki, kamilləşir. İlk üç mərhələ insandan asılıdır. Qalan mərhələlərsə Allahın mərhəmətinə bağlıdır.
Bəlkə də qəliz görünür. Amma əslində o qədər sadədir ki.
Məsələn, təsəvvür edin ki, zibili pəncərədən vızıldatmayıb, zibil qutusuna atan və başqalarını da buna öyrədən adam artıq bu yolun xeyli hissəsini adlayıb deməkdir. Deməli, o öz ruhunu məzəmmət edə bilir ki, ey dadi bidad, axı şüurlu varlıq olaraq mənim tərzi-həyatım, davranışlarım heyvanatınkından fərqlənməlidir.
Yolu adlamaq üçün işıqforun qırmızı işığını gözləyən, keçiddən istifadə edən piyada, yolda başqalarına təhlükə törətməyən, digərlərinə yol verib tıxac yaratmayan sürücü artıq kamillik yolunda o ki var irəliləyib. Deməli, ruhu sakitdir. Bilir ki, yol hərəkəti uzun illər ərzində dünya camaatının formalaşdırdığı rəsmi qaydalara əsaslanır.
Yaxud oxuyub öyrənən, öz bildiklərini, imkanlarını başqaları ilə paylaşan, xeyirxah, ədalətli, mərhəmətli olmağa çalışan, başqalarına ziyan vurmaqdan özünü qoruyan, dinə qadağalar, stereotiplər kimi deyil, əxlaq və tərbiyə məktəbi kimi baxan, insanların pis tərəflərini deyil, yaxşı cəhətlərini axtarıb tapmağa can atan birisi artıq kamilliyin bir neçə addımlığındadır.
Nəsiminin demək istədikləri də elə budur.
Qərb cəmiyyətləri bu cür söhbətləri tutduqları üçün xeyli irəli gediblər. Viktor Hüqonun Jan Valjanı yadınızdadırmı?! Yepiskop oğurlanmış şamdanları ona bağışlayıb əvəzində ruhunu şeytandan satın alandan sonra o, təmizləndi, saflaşdı, Madlen baba adı ilə yenidən cəmiyyətə qayıdıb insanlara fayda verməyə başladı.
Şərq cəmiyyətlərində isə Nəsimi kimi mütəfəkkirlərin ruhu kimi insanlara çatdırmaq istədikləri mesajlar da hələ laməkan dolaşır. Əvəzində müzakirələr gedir ki, “görəsən, məndə sığar iki cahan demək istəyib, yoxsa məndə sığar ikən cahan?!”
İmadəddin Nəsiminin can atdığı kamil insanı cəmiyyətə qaytarmaq lazımdır. Onda Şərq cəmiyyəti də irəli çıxacaq.
“Nəsimi ili”nin məqsədi də zatən elə budur.