vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ARAŞDIRMA  
13:27 | 11 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 4790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorbaçov “qaraladığı” Leqasov

“Çernobıl”ın baş qəhrəmanı, əslində, kimdir?

Nəzrin HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Milyonlarla insanın taleyini dəyişən SSRİ tarixinin ən böyük faciəsi Çernobıla qədər onun adını az insan tanıyırdı, faciədən sonra isə adı uzun müddət qəzet və jurnal başlıqlarında qaldı.

Söhbət SSRİ Elmlər Akademiyasının ən gənc üzvü, kimyaçı-alim Valeri Leqasovdan gedir.

Vaxt.az Oxu.Az-a istinadla onun həyat hekayəsini təqdim edir:

O, 1936-cı ildə Rusiyanın Tula şəhərində anadan olub. Sonra ailəsi ilə Moskvaya köçüb.

Orta məktəbi qızıl medalla bitirib; həmin məktəb hazırda onun adını daşıyır. Həm də məktəbin girişində heykəli var.

Universitetdən məzun olduqdan sonra aspiranturaya qəbul olur. Burada karyerası yüksəlir. Əvvəlcə o, kiçik tədqiqatçı olsa da, sonra laboratoriyanın rəhbəri vəzifəsinə yüksəlir. Beş il sonra kimya elmləri doktoru olur. O vaxt təsirsiz qazları araşdırır və dörd il sonra kimyəvi birləşmələri öyrəndiyinə görə dövlət mükafatlarına layiq görülür.

Bir il sonra Atom Enerji İnstitutunun Molekulyar fizika kafedrasından məzun olub tədqiqatçı, laboratoriya katibi kimi çalışır. Doktorluq dissertasiyasını müdafiə edən professor 1983-cü ildən ölümünə qədər Moskva Dövlət Universitetinin kimya fakültəsində işləyir, şöbə rəhbəri olur.

Çernobıl faciəsi baş verdikdə, səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması üçün yaradılan komissiyanın üzvü idi, buna görə də ölümündən sonra Rusiya Federasiyasının qəhrəmanı adını qazandı.

O, faciə yerinə yollanan ilk adamlardan biri idi. Çernobıla hələ çatmamış səmanın qırmızıya boyandığını görəndə əsl faciənin baş verdiyini başa düşdü. Qeydlərində Çernobılla bağlı ilk təəssüratlarını bölüşürdü:

“Stansiyada elə qarışıqlıq, hazırsızlıq, qorxu vardı ki, 1941-ci ildəki kimi, onun daha pis variantı. Brestdəki kimi... Eyni cəsarətsizlik, çarəsizlik”.

Komissiyanın digər üzvləri Moskvaya qayıtsa da, o, Çernobıl Atom Elektrik Stansiyasına gedib işini davam etdirir. Çox sayda radiasiya dozası qəbul etdiyinə görə - normadan dörd dəfə artıq - bu, onun sağlamlığına ciddi təsir edir. Belə ki, o, dağılan reaktorun yanında dörd ay vaxt keçirib, orta-ağır dərəcədə - 100 ber radiasiya alıb.

Partlayışların qarşısını almaq üçün qərarlar qəbul edir, SSRİ hökumətini qəza bölgəsindəki vəziyyətlə bağlı məlumatlandırır. Alimlərə və mətbuata məhv olan stansiyanın təhlükəsi və vəziyyəti barədə məlumat verir, Pripyatın (Çernobılın 10 kilometrliyində yerləşən 49 min sakini olan şəhər) təcili boşaldılması, əhalinin köçürülməsi barədə təkid edir.

Pripyat 30 saat ərzində xarabalığa çevrilib və bu, 900 il davam edəcək. Çünki zərərli maddələrin tamamilə yox olması üçün 900 il gözləmək lazımdır.

Qəza səbəblərini analiz edəndən sonra nüvə reaktorlarının təhlükəsizliyini öyrənmək üçün geri qayıdır - dizaynerlərə RBMK tip reaktorların əskikliklərini izah edir, Atom Elektrik Stansiyası əməkdaşlarının peşəkar hazırlığının qənaətbəxş olmadığını bildirir.

Onun dərindən araşdırdığı daha bir sahə enerji sistemləri idi. Qəzanın zərərli nəticələrini azaldan qarışım (bor və qum) hazırladı və dizayn, texnologiya və elmi birləşdirib yeni yanacaq növü yaratdı.

1986-cı ilin 25-29 avqustunda Vyanada keçirilən Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik ekspertlərinin iştirak etdiyi konfransda Leqasov sovet nümayəndə heyətinin rəhbəri olaraq qəza səbəbləri və nəticələrdən ibarət beş saatlıq, 400 səhifəlik hesabat təqdim etdi. Bu çıxış onun karyerasının dönüş nöqtəsi idi.

Versiyalardan birinə görə, o, çıxışında icazə verilməyən bir sıra gizli məlumatları açıqlayıb.

Bəzi versiyalarda bildirilir ki, onun bu çıxışı alimlərə mənfi təsir edib. Vyana konfransından sonra Qərbdə cəsarətinə görə qiymətləndirilən V.Leqasov ABŞ-da “ilin adamı” adını alıb.

Bundan sonra Leqasov Sosialist Əməyi Qəhrəmanı adına iki dəfə namizəd kimi irəli sürülsə də, mükafatlandırılmır, sadəcə, ona “Şöhrət” saatı hədiyyə olunur. Çünki Qorbaçov onun adını siyahıdan özü qaralayıb silmişdi. Amma bu il seriala baxdıqdan sonra verdiyi müsahibədə bunu təkzib edib.

Şəxsi həyatı barədə çox məlumat olmasa da, həyat yoldaşının onu evliliklərinin ilk günündən dəstəklədiyi məlumdur. Həmişə məşğul olduğunu və işi ilə bağlı çətin vəziyyətdə olduğunu bildiyindən, ona həmişə - son günlərinə qədər sevgi, qayğı göstərib. Bu xoşbəxt evlilikdən onların bir qızı və bir oğlu olub.

Həyat yoldaşı həmin dövrdə - o, uzun müddət Çernobılda qalandan sonra ailəsinin yanına gələndə Leqasovu belə xatırlayır:

“Arıqlamış, saçları tökülmüş, qaralmışdı”.

O da yaxınlarına etiraf edib ki, faciə yerində tənəffüs cihazı, təmiz su ehtiyatı, dərman, yod olmayıb.

Sonradan onun sol əl barmaqları iflic olur.

1988-ci ilin 27 aprelində Çernobıl faciəsinin ikinci ildönümündə mənzilində asılmış tapılır. Halbuki ölümünün səhəri günü Çernobıl faciəsinin səbəblərini danışacaqdı.

Bu, onun ilk intihar cəhdi deyildi. 1987-ci ildə müalicə əsnasında Leqasov dərman içərək intihara təşəbbüs etmişdi, lakin həkimlər onu xilas edə bilmişdi.

Versiyalardan birinə görə, ölümünün səbəbi SSRİ rəsmi orqanlarının Çernobıl faciəsinin araşdırılması və ümumi sirlərlə dolu atmosferin qorunması ilə bağlı təzyiqi idi. Ölümündən bir gün əvvəl əri işdən qayıdanda xanımı onun həmkarlarının zənginə cavab vermədiyini görüb, amma buna fikir verməyib.

Ölümündən əvvəl faciə ilə bağlı az bilinən məlumatları səsyazısı ilə qeydə alır. Beş audiokaset yazıb, bir hissəsi silinib. Bu səsyazmalar əsasında BBC “Fəlakətdən xilas: Çernobil Nüvə Fəlakəti” (2006) filmini çəkib. Həmçinin, serialda da bu məlumatlara yer verilib.