vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
12:44 | 14 iyun 2019 | Cümə Məqaləyə 17746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amansız “Vəsvəsə”

Mənəviyyatını itirən hər şeyini itirir!

Həmidə NİZAMİQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələ bir neçə ay bundan öncə Henrik İbsenin “Vahimə”sindən yaranacaq “Vəsvəsə”dən soraq vermişdik. Bizi vahimədən çıxarıb vəsvəsəyə salanın kimliyi və rejissor kimi quruluş üslubuna da toxunmuşduq. Bax o səhnə, sənət məhsulu ilə ötən həftə yaxından tanış olduq.

Yuğ Dövlət Teatrının bu mövsümə təqdim etdiyi “Vəsvəsə” birhissəli psixodramatik aksiya kimi elə ilk səhnəsindən tamaşaçıya “mənə baxmağa məcbursan” dedi. Səbəbi isə sadə idi; səhnə işi məşhur Norveç dramaturqunun hələ ötən əsrdə göstərdiyi və bu günün prizmasında dipdiri, daha kəskin və bir o qədər də amansız olan problemləri qabardır. Özü də müasir tamaşaçıya çatacaq yozumda: yəni divarsız, sərhədsiz. Onu deyim ki, bu, istənilən halda, elə bu tamaşanın özündə də bəzən bir az ağır, bir növ ifrat dərəcədə olurdu. Reaksiya isə eyni idi: hər kəs ya təsirdən vurnuxur, ya da rejissorun amansız həllinə görə ona əhsən deyirdi. Ürəkdən tikan çıxardan tamaşaya teatrın quruluşçu rejissoru Gümrah Ömər quruluş verib.

İbsenin ağırdan ağır insan problemlərini qələmə aldığı pyesindəki bir neçə predmeti boşluğa yuvarladan, bir növ “mən sözü atdım, yiyəsi götürəcək” prinsipi ilə səpən rejissor tərtibatda da bunu qabardıb. 2-3 dəzgah və bir o qədər də oturacağı çoxfunksiyalı etməklə, müasir teatrın dekorasiyadan qaçmaq istəyini bu formada reallaşdırmaqla tamaşaçını əsas mətləbə fokuslayıb.

Əməkdar rəssam Rəşid Şerifin tamaşaya verdiyi bu tərtibat obrazların ifadə maneralarına da təsirsiz ötüşmürdü. Onun təklif etdiyi modul istənilən zamanda lazım olan məkanı özündə ifadə etməyə hazır idi və elə aktyorlar da bu prinsiplə istər səhnə maşinisti, istərsə də dəzgahçı funksiyalarını maneəsiz icra edirdilər. Dünya teatrı bu gün aktyorun özündən də çoxfunksiyalı iş (işıq qurmaqdan dekorasiyaların hərəkətinədək) tələb edir. Bu üsula əl atan quruluş müəllifləri də dekorasiya prinsipindən yox, moduldan istifadə etmişdilər. Belə ki, tamaşa boyu istər müxtəlif məkanlar, istərsə də o məkanlarda real və xəyali manevrlər bu modulla həll olunmuşdu və aktyorlar dar məkanda bu “geniş”liyi təmin edə bilmişdilər. Bir-iki məqamdakı qarmaqarışıqlığı nəzərə almasaq, bacardıqlarını etdilər.

Gələk tamaşanın mövzusuna. Müəllif və rejissor bizə ilk olaraq ömrünü əyyaşlıq və pozğunluqla yaşamış mərhum ərinin xatirəsini əbədiləşdirmək üçün uşaq evi tikdirən qadını təqdim edir. Frü Alvinq (Mətanət Abbaslı) kübar qadını oynayır və hər vəchlə əyyaş, vecsiz ərinin ölmüş nüfuzunu belə qorumağa çalışır. Bir az da sevgi, bağlılıq, ailə ənənələrinə sadiqlik kimi oyunbazlıq edir. Yəni əri ətrafında bir mif yaradıb və inşa etdirdiyi yetimlər evi ilə özünün də nüfuzunu qorumağa, hətta qüvvətləndirməyə çalışır. Amma ümumi planda kübar cildindəki üsyankar, ziyadə çılğın, hər situasiyada caynaqlarını işə salıb daim müdafiə mövqeyindəki qadın özünün, daha doğrusu, qəhrəmanının bəraətini edə bilmədi. Biz haqlı, aldadılmış, sarsıntılar keçirmiş və sonrakı bütün yanlışlıqlarını da intiqam üçün edən qadını tam ifadəsi ilə ya görmədik, ya da duya bilmədik.

Ondan fərqli olaraq tikilmiş yetimlər evinin açılış mərasiminə gələn, bu işdə xanıma yardımçı olan ailənin yaxın dostu Keşiş Manders (Amid Qasımov) tamaşaçıya müəllifin gördüyü keşişi bütün xarakterik xüsusiyyətləri ilə göstərdi. Əslində əsərin, tamaşanın katalizatoru olan keşiş həm də hər kəsin içindəki pisliyin, illərlə yığılıb qalan paxırın üzə çıxmasına səbəbkardır. Ona minnətdar olmalıdırlar, deyilmi? Bax Amidin keşişi də bu çoxşaxəliliyi duyurdu. Aktyorun istər fakturası, istər üz cizgiləri, istərsə də muncuq kimi parıldayan gözləri ayrı-ayrılıqda işini icra edirdi.

Təəssüf ki, bütün proses etiraf məqamında durğunlaşdı. Yəni xeyir-dua vermək məqsədilə şəhərdən təşrif buyuran keşiş açılış mərasiminin müzakirəsi zamanı xanım ilə xeyli mətləblərə varır. Bu məqam istər keşiş, istərsə də qadın tərəf-müqabili kimi bir-birlərini təqdim edib, tamaşaçıya təsdiqdə qısqanclıq edirdilər.

Söhbət qulluqçu qızdan düşübsə, onun üzərində xüsusi dayanmağa dəyər.

Regina qulluqçu qadınla ev sahibinin yasaq münasibətindən doğulan və bunu yalnız ögey qardaşı ilə sevgisinə qadağa qoyan analığının etirafından sonra öyrənən cazibədar gəncdir. Həyatdan intiqam almaq, anasından fərqli olaraq dəbdəbəli yaşamaq istəyir. Ona görə də bu inadcıl qızcığaz (Ləman Mərrih) ya  xanımın xəstəhal  oğlu Osvald (Elgün Həmidov) ilə evlənib onun rəssam xəyalındakı rənglərə tapınmalı, ya da atalığı çolaq dülgər Enqstrandın (Vüqar Hacıyev) yaradacağı balıqçı sığınacağında, əslində isə əxlaqsızlıq yuvasında xidmət göstərməlidir. Təbii ki, istər pyesdə, istərsə də onun səhnə həllində rejissorun hadisələrin mərkəzinə çəkdiyi Regina ağır yükün altındadır. Ləman da bu yükü – durmadan dəyişən xarakter elementləri, tərəf-müqabillərinə reaksiyası, daxili emosiyasının bədən, plastik izahını – ustalıqla çəkdi.

Darmadağın ailənin yeganə övladı Osvald Elgünün ifasında zədəli uşaqlığını, sarsıntılı yeniyetməliyini xatırlasa da, gənc iztirablarını ifadədə aciz qaldı. Nə qədər çalışsa da, ögey bacısına vurulmağın verdiyi əzabı, mümkünsüz sevginin fəlakət sorağını, bir az da olsa, saxtakarlığa üsyan bayrağını görə bilmədik.

Sona qədər ən ağrılı, vacib fikirləri öküzün buynuzları üzərində fırlanan dünya prizmasından göstərən, ağır mətləblərdən sürətlə, aramsız hərəkətlərin müşayiətində keçən rejissor başgicəlləndirici mətləbləri “fırlandırdıqca” bir həqiqət ağır-ağır gözə çarpdı: səhnə həlli məzmunu aram-aram “yedi”.

Eyni yalan, paxır, çirkab qələbə çalan kimi. Axı, xanımın sığortalanmamış yetimlər evi naməlum səbəbdən yandı və hiyləgər dülgər hər yola əl ataraq keşişi gələcək çirkin planlarına dəstəkçi olmağa məcbur etdi. Xəstə oğlana, ögey qardaşına baxmaqdan imtina edən qız arzularının arxasınca şəhərə yollandı. Keşiş də vadar olduğu sığınacaq kimi onlara qoşuldu. Xəstə oğlu ilə tək-tənha qalan ana vahimə, qorxu və ümidsizlik içində çapalaya-çapalaya saxtalaşmış dəyərlərdən imtina etməklə mənəvi azadlığına qovuşdu.