Türklər öz mənafelərini tanısalar...
Rusiya və İranın da bəxti onda gətiribdir ki, ...
Hər dəfə qonşu İran ətrafında kritik bir durum yarananda ixtiyarsız olaraq yada Güney Azərbaycan, 40 milyonluq azəri türkünün haqqı-hüququ düşür. Özü də bunu təkcə biz etmirik, əgər biz bunu mənəvi prizmadan ediriksə, dünyanın böyük güc mərkəzləri bundan bir siyasi fayda götürmək, yararlanmaq üçün edirlər ki, bunun özü də ən azı siyasi məntiq baxımından tamam normal bir haldır – siyasətdə hamı biri-birindən faydalanmağa çalışır, pisi odur ki, hamı səndən fayda götürə, sən isə bundan qımıldanmayasan, özünün potensial gücünün fərqində olmayasan, lap özümüz demişkən, aləmi bəzəyib özün də lüt gəzəsən...
Əlbəttə, İran haqqında danışanda, kritik bir halda belə xəyallara qapılmağı o tayda da, bu tayda da ən yaxışı halda separatizmə çağırış, ən pis halda isə xəyanət kimi yozanlar var.
Amma qəti belə deyil. Birincisi, haqqını tələb etmək hamının özəl hüququdur, necə deyər, sən yaxşı vaxtında insan ol, mənim də hüququmu da tanı ki, mən də sənin pis günlərində bundan faydalanmaq fikrinə düşüb nəsə etməyə çalışmayım.
Başqa vaxt “Hamımız qardaşıq!” deyirlər, amma elə ki, bunun mahiyyətinə getmək, gerçək həyatda təzahürlərini tapmaq istəyirsən, belə məlum olur ki, burada da hər şey lap C.Oruellin çox məşhur əsərində deyilən kimidir: “Bütün heyvanlar bərabərdir, amma bəziləri daha çox bərabərdirlər”...
O ki qaldı separatizm məsələsinə, bunun özündə də böyük spekulyasiyalar var. Əlbəttə, bizə İrandakı etnik mənzərənin bütün detalları ən xırda statistik incəliklərinə qədər bəlli deyil, amma təxmini durum budur ki, ölkənin əsas əhalisini türklər və farslar təşkil edir, üstəlik də türklər nəinki farslardan az deyil, əksinə bütün təxminlərə görə çoxdurlar və belə vəziyyətdə sual yaranır: niyə görə İran qoşadilli ölkə olmasın, niyə görə türk dili bu ölkədə fars dililə eyni statusa malik olmasın? Axı problem bu yolla çözülsə, separatizm meylləri də səngiyər, İran da, necə deyər, dönüb olar hamının ölkəsi və dövləti...
İnanın, məsələnin dərinliklərinə varanda həqiqətən acınacaqlı haldır. O gün bir xəbər gözümə sataşdı. Deyir ki, İran şəhərlərinin birində həftədə bir neçə saat türk dili tədris olunacaq. Yada salanda ki, dünyanın normal ölkələrində hətta ən az saylı etnik icmaların belə bir haqqı var, razılaşmalı olursan ki, bu otuz -qırx milyonluq xalq üçün bir həqarətdir...
Özü də acınacaqlısı təkcə bu deyil. Baxın, yüz illərdir ki, fars dövlətçiliyi, hətta mədəniyyəti və bir ölkənin mövcudluğu azəri türklərinin çiyinlərində bərqərar olubdur. Niyə belə olmalıdır? Bu nə haldır, nə mənzərədir? Kim buna dözər? Doğrudanmı türklər bu qədər keçmişsiz, mədəniyyətsiz, tarixsiz və aciz xalqdır ki, yad mədəniyyətlərin, dillərin qoruyucusu və daşıyıcısı olsunlar? Bizim öz dilimizə, öz mədəniyyətimizə və tariximizə nə olub ki?..
Həm də məsələ təkcə İrandakı türklər üçün xarakterik deyil. Ötən əsrin sonlarında xeyli türk xalqları azad oldular. Amma “Azad oldular” cümləsini deyə-deyə beynimizdən ixtiyarsız olaraq başqa bir fikir keçir: “Həqiqətən də azad oldularmı?”...
Bilirsinizmi, məsələ onda deyil ki, məsələn, Mərkəzi Asiyanın azad olmuş türk mənşəli xalqlarının çoxu üçün mahiyyət az dəyişibdir, onlar totalitar quruluşdan qurtulub yarı-feodal dövlətlərin əhalisinə çevriliblər. Məsələ ondadır ki, onlar öz milli istiqlallarını belə hələ də real bir şəklə, gerçək duruma gətirə bilməyiblər.
Ötən əsrdə ABŞ politoloqu Z.Bjezinski yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları puçdur, onların heç bir zəmini yoxdur.
Amma düşünürük ki, çox hörmətli politoloq bir mühüm amili nəzərə almamışdı və o, da budur ki, Kremlin sərəncamında hələ Mərkəzi Asiyanın türk dövlətləri də var ki, onlar hələ xeyli müddət rus imperiyası üçün platforma olacaqlar. Bircə anlığa təsəvvür edin ki, Mərkəzi Asiya ölkələri yoxdur, o halda Moskvanın MDB - sinin, KTMT - nın, Avrasiya Birliyinin bir mənası olardımı?..
Bir fikirləşin ki, ipinin üstünə odun yığmaq mümkün olmayan Ermənistanla və bir də hərdəmxəyal və bir sovxoz direktorunun ucbatından hələ də öz yerini tapa bilməyən Belarusla baş - başa qalan Kreml bu halda, ümumiyyətlə, hansısa böyük bir iddiaya düşə bilərdimi? Bəlkə də düşərdi, amma bu indikindən də milyon dəfə gülünc olardı...
Biz hələ Rusiya Federasiyasının tərkibindəki türk mənşəli xalqları demirik – onlar da haqlarını və hüquqlarını tanısalar, o halda nələr olar dünyanın az qala, üçdən birini təşkil edən bir coğrafi - siyasi arealda?..
Amma Rusiyanın da, İranın da bəxti onda gətiribdir ki, türk hələ də qəflət yuxusundan ayılmayıbdır, hələ də özgəninkini özünkündən üstün tutur, hələ də özünə xor baxır.
Fəqət, bütün yuxuların bir sonu olur və elə qəflət yuxusu də bu qəbildəndir. Gec-tez yeni –yeni İsmayıl Qaspıralı kimi kişilər peyda olacaq və onlar yenə də “Sözdə, fikirdə və işdə birlik!” deyəcəklər. Bəs onda görəsən, bizim rus və yaxud da fars şovinistləri nə edəcəklər, daha kimləri özlərinə müzdlu nökər edəcəklər?..