vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
11:41 | 21 sentyabr 2022 | Çərşənbə Məqaləyə 1946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da qərar anı

Aralıq seçkilərində ermənilər zəifləyəcək, yoxsa güclənəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

Aralıq seçkilərində (midterm elections) Konqresin 435 üzvü, Senatın 1/3 hissəsi, bir çox ştatların qubernatorları və qanunverici orqanının üzvləri və şəhər merləri seçilir. ABŞ-da konqresmen və senatorların prezident və ya partiyaya loyallığı başqa ölkələrdə olduğu qədər yüksək deyil. Adətən Konqres liderləri və ya Prezident partiya üzvlərinin dəstəyini təmin etmək üçün onlarla şəxsən görüşməli olur. Konqresin palatalarına nəzarət siyasi gündəliyə nəzarət deməkdir. Nəzarət həm də qalibə Konqresin daimi və xüsusi komitə sədrlərini seçmək hüququnu verir.

Aşağı Palatada hər bir ştata ən azından bir yer zəmanət verildiyi halda digər yerlər 10 ildən bir keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə uyğun müəyyənləşdirilir. Praktikada bu ona gətirir ki, az əhalili Alyaska 1 yerlə, ən çox əhalisi olan Kaliforniya isə 53 yerlə təmsil olunur. Senat  ştatların bərabərlik prinsipinə əsaslandığına görə həm Alyaska, həm Kaliforniya Yuxarı Palatada 2 senatorla təmsil olunur. Seçkilər əksər ştatlarda birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Cəmi 11 ştatda qalib gəlmək üçün sadə səs çoxluğu kifayət etmir və əlavə seçki turlarının keçirilməsi tələb olunur.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi bildirir ki, müşahidələrə görə növbəti aralıq seçkilər çox gərgin keçəcəkdir. Bayden Trampı “demokratiyaya təhdid”, radikal baxışlı respublikaçıları “yarı-faşist”, Tramp isə Baydeni “dövlətin düşməni” adlandırır. “Gallup” mərkəzinin iyun sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilərin cəmi 53 faizi Konqresdə onları təmsil edən nümayəndənin yenidən seçilməyə layiq olduğunu deyir. 41 faiz seçici yeni namizədin seçilməsini vacib sayır. Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə adətən məğlub olur. Məğlub olma ehtimalı ilk prezidentlik müddətində prezidentin cəmiyyətdə dəstəyinin 50 faizdən az olması şəraitində daha da yüksəlir. May sorğusuna əsasən, amerikalıların 41 faizi Baydenin, 18 faizi isə Konqresin fəaliyyətindən razıdır. İyun sorğusunda cəmi 33 faiz seçici Baydenin yenidən seçilməyə layiq olduğunu bildirmiş, 31 faiz seçici isə ümumiyyətlə ara seçkilərində səslərini “Baydenin əleyhinə” verəcəklərini bildirmişdi.

“Pew Research”in avqust araşdırması iqtisadiyyatın (77 faiz) aralıq seçkilərə təsir edən aparıcı faktor olduğunu müəyyən etdi. İqtisadiyyatın ardınca seçiciləri silahlara nəzarət (62 faiz), cinayətkarlıq (60 faiz), abortlar (56 faiz), enerji siyasəti (53 faiz) və xarici siyasət (45 faiz) problemləri maraqlandırır. Sıralamada partiya mənsubiyyəti aparıcı faktordur: respublikaçılar üçün mühüm problemlər iqtisadiyyat (90 faiz), cinayətkarlıq (69 faiz), miqrasiya (66 faiz), xarici siyasət (54 faiz), silahlara nəzarət (52 faiz), təhsil (52 faiz) və enerji siyasəti (51 faiz) olduğu halda, demokratlar səhiyyəni (77 faiz), silahlara nəzarəti (71 faiz), abortları (71 faiz), iqtisadiyyatı (67 faiz), iqlimi (66 faiz), təhsili (64 faiz), enerji siyasətini (56 faiz), etnik-irqi problemləri (54 faiz) və kriminalı (52 faiz) əsas problem hesab edirlər.

Partiyalar fərqli seçki siyasəti aparırlar. Respublikaçılar Trampın populyarlığından, Baydenin isə aşağı reytinqlərindən istifadə edərək, imkan daxilində hər iki palataya sahib olmaq istəyirlər. Demokratların siyasəti daha qəlizdir. Aşağı reytinqlər onları təhlükəli 2012-ci təcrübəsinə qayıtmağa məcbur edir. Hazırda demokratlar Pensilvaniya ştatında ultra-sağ baxışlı D.Matrianonun, Arizona ştatında isə K.Leykin qubernator vəzifəsinə namizədliyini dəstəkləyirlər. İllinoys ştatında demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına 35 milyon dollar, Miçiqanda isə 435 min xərcləyiblər. Demokratlar ümid edirlər ki, qərarsız seçicilər və mülayim respublikaçılar radikallara səs verməkdən çəkinib, demokrat namizədə səs verməyə üstünlük verəcəklər.

Bu seçkilərin nəticələri hazırkı administrasiyanın dayanıqlı, ardıcıl və müxalifətin təzyiqi olmadan xarici siyasət yeridə bilmə imkanlarına birbaşa təsir edəcək. Ona görə də bütün dünya dərin qütbləşmiş hazırkı ABŞ reallığında bu seçkilərin nəticələrini diqqət mərkəzində saxlayır.

Qarşıdan gələn Konqres seçkiləri təkcə ABŞ üçün deyil, o cümlədən Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərin region üçün vacibliyi erməni diasporunun əsas gücünün məhz Konqresdə cəmlənməsi ilə şərtlənir. Hazırda Konqresdəki erməni qrupu 4 həmsədr, (Q.Bilirakis, F. Pallone, C. Şpeyer, D. Valadao) bir vitse-sədr (Adam Şif) və Konqresin (NP) sədri N. Pelosi daxil 124 üzvdən ibarətdir. 535 üzvdən ibarət Konqresin 123 üzvünün (N. Pelosi xaric) erməni qrupuna aid olması ABŞ parlamentinin təxminən ¼ hissəsinin ermənipərəst deputatlardan ibarət olması deməkdir.

Konqresmen və senatorların erməni qrupuna üzvlüyü siyasi səbəblərdən şəxsi motivlərə qədər fərqli amillərlə şərtlənir. Əksər ştatlarda seçkilər birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Konqresdə ştatlar üzrə bölgü əhali prinsipinə əsaslandığına görə ən çox əhalili Kaliforniya ştatı 53 nümayəndə ilə təmsil olunur. Bildiyimiz kimi, Kaliforniya ABŞ-da ermənilərin ən çox sayda yaşadığı və güclü olduğu ştatdır. Kaliforniyadan başqa ermənilər Massaçusets, Nyu-York, Nyu-Cersi və Florida ştatlarında da kompakt yaşayırlar. Erməni qrupunun 2 həmsədri (C. Şpeyer və D.Valadao) və vitse-sədri (A. Şif) Konqresdə Kaliforniya ştatını təmsil edirlər. Digər iki sədr, Q. Bilirakis və F. Pallone isə ermənilərin kompakt yaşadıqları Florida və Nyu-Cersi ştatlarını təmsil edirlər. Konqres və Senatın xarici əlaqə komitələrinin sədrləri Q. Miks və R. Menendez də erməni qrupunun üzvləri olub, Konqresdə ermənilərin kompakt yaşadıqları Nyu-York və Nyu-Cersi ştatlarını təmsil edirlər. Ekspertlərin müşahidələrinə əsasən seçki dairəsini və ştatı Konqresdə layiqincə təmsil edən konqresmen və senatorun yeni seçkilərdə seçilmə şansları 90 faiz təşkil edir. Bu səbəbdən adı çəkilən şəxslər Ermənistan gündəliyini hətta ABŞ-ın milli maraqlarına zidd olsa belə irəli çəkməyə çalışırlar.

Konqresmen və senatorların ermənipərəstliyində şəxsi motivlər də böyük rol oynayır. Məsələn, R. Menendezin həyat yoldaşı etnik erməni və erməni diasporunun aktiv üzvlərindəndir. C.Şpeyerin anası 1915-ci il hadisələrindən sonra ABŞ-a köç etmiş erməni immiqrantıdır.

Demoqrafiya və şəxsi motivlər erməni qrupu ilə qarşılıqlı əlaqələrin əsasında dayanır. Nümayəndənin seçildiyi seçki dairəsində erməni seçicilərinin sayı nə qədər çoxdursa bir o qədər də erməni gündəliyi daha aktiv müdafiə ediləcək.

Təsadüfi deyildir ki, erməni seçicilərin çox olduğu dairələri təmsil edən nümayəndələr ermənipərəst aktların (“Erməni Soyqırımı təhsil aktı”, erməni hərbçilərinin azad edilməsi qətnaməsi, dövlət büdcəsində Ermənistana yardım aktları) lehinə səs verirlər. Belə dairələrdən olan nümayəndələr Azərbaycan və Türkiyəyə qarşı aktların da (Türkiyəyə dron texnologiyalarının ötürülməməsi, “F-16” qırıcılarının satılmaması) lehinə həvəslə səs verirlər. Nümayəndənin seçildiyi dairədə erməni seçicilərin az olması erməni gündəliyinin irəli çəkilmə aktivliyinə də təsir göstərir. Məsələn, Konqresdə xarici əlaqələr komitəsinin sədri Q. Miks Ermənistana yardım aktlarının lehinə səs versə də Türkiyə-ABŞ hərbi əməkdaşlığına xələl gətirə biləcək aktları dəstəkləməyib. Konqresin maliyyə xidmətləri və büdcə komitələrinin sədrləri M. Voters və C. Yarmut, habelə Senatın Silahlı Xidmət Komitəsinin sədri C. Rid isə ümumiyyətlə ANCA tərəfindən Azərbaycan və Türkiyə lobbisi ilə əməkdaşlıqda ittiham edilir.

117-ci Konqresdə ermənilərin mövqeləri olduqca güclüdür. Konqresin xarici əlaqələr komitəsinin (Q. Miks), kəşfiyyat üzrə xüsusi komitəsinin (A.Şif) və Senatın xarici əlaqələr komitəsinin (R.Menendez) sədrləri erməni qrupunun üzvləridir.

Ekspertlərin əksəriyyəti demokratlar partiyasının növbəti aralıq seçkilərində Konqresi itirə biləcəyini proqnozlaşdırır. Demokratların aralıq seçkilərdə məğlub olması adı çəkilən komitə sədrlərinin öz vəzifələrini itirməsinə və erməni diasporunun ABŞ xarici siyasətinə təsirinin zəifləməsinə gətirib çıxara bilər.