vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AİLƏ  
15:51 | 25 noyabr 2022 | Cümə Məqaləyə 1172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kişilik” və “qadınlıq” anlayışları

Gender bərabərliyi, feminizm və zərif cinsin nümayəndələrinə qarşı zorakılıq

İlahə Sadıqova

MÖVZU İLƏ ƏLAQƏLİ

25 noyabr BMT Baş Assambleyasının qərarı ilə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.

Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikanın diktator prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.

BMT bu problemə diqqəti cəlb etmək üçün hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.

Bu günün simvolu ağ lent hesab olunur. Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir.

Bu gün qadına qarşı zorakılıqla bir çox qadın təşkilatları mübarizə aparır, müxtəlif hərəkatlar da bu mübarizənin aparıcı funksiyasını həyata keçirir. Cəmiyyətdə qadına qarşı zorakılığın olmasını gender bərabərsizliyində görürlər.

“Gender” termini hərfi mənada ingilis dilində cins bildirən sözdür: qadın və ya kişi. İlk dəfə bu söz qrammatik kateqoriyadan kənar psixoloq Robert Stollerin 1968-ci ildə “Cins və Gender” (“Sex and Gender”) adlı tədqiqat işində istifadə olunub. Başlıqdakı bu iki sözün bölünməsindəki məqsəd “kişilik” və “qadınlıq” anlayışlarını sosiomədəni və bioloji cəhətdən ayırmaq idi. Beləliklə, bu termin cinslər arasındakı bioloji fərqlərdən başqa, eyni zamanda onların sosial rollarının, emosional və davranış xarakteristikalarını fərqləndirir: bioloji cins və gender, yəni, “sosial cins”.

Genderin əsasında dayanan ideya ““kişi” və “qadın” arasındakı fiziki və bioloji fərqlər deyil, cəmiyyətin bu fərqliliklərə verdiyi mədəni və sosial əhəmiyyət” hesab edilir.

Gender bərabərliyi məsələləri dünyada baş verən feminist hərəkatlarının fonunda, qadınların haqlarının, hüquqlarının fonunda formalaşmağa başladı. Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Dünyada və ölkəmizdə bu hərəkatın yaranma səbəbi, hərəkətverici ideyaları fərqlidir. Bizim də bu məsələlərə yanaşmamız bir qədər fərqlidir.

Biz proseslərə qrupların – qadın, uşaq, gənc və yaşlıların hüquqları prizmasından yanaşmırıq. Bizim üçün  təməl insan hüquqları prinsipləri var və təməl insan hüquqları prizmasında hər kəsin hüquqları bərabərdir. Bu kontekstdə təbii hüquqlar deyə bir anlayış var: yaşamaq, seçmək, seçilmək, təhsil almaq, işləmək, ailə qurmaq, əmlaka sahib olmaq və s. Bu məsələlərdə insanlar bərabərdir. Bir də hüququn yaratdığı məsuliyyətlər var. Məsələn, Azərbaycan Respublikasının  Prezidenti seçildikdən sonra prezident kimi hüquqlara sahib olur. Toxunulmazlıq, qərar qəbul etmək, sərəncam imzalamaq, və s. məsuliyyətlər,  eləcə də millət vəkilinin toxunulmazlıq və başqa məsuliyyətləri var. Qadın və kişi məsələsi də insanda mental dəyərlər və ailə prinsiplərindən, o cümlədən cəmiyyətdən doğan məsuliyyətlər yaradır. Bu da fiziki gücə, bioloji müxtəlifliyə əsaslanır. Fiziki güc tipli fərqliliklər varsa, biz mütləq qadının cəmiyyətdəki yerini də düzgün təsbit etməliyik.

Feminizm hamının cəmiyyətdə bərabər yaşamasını tələb etməkdir. Seçmək, seçilmək, təhsil almaq, ailə qurmaq və s., o cümlədən də qadına qadın olduğu üçün şiddət göstərilməməsi. Şiddət yaxşı bir şeydirmi? Xeyr. Bütövlükdə qadına, uşağa, yaşlıya, kişiyə qarşı, hətta heyvana qarşı da. Bilirsiniz ki, mənəvi, psixoloji zorakılıq deyə anlayışlar da mövcuddur. Biz şiddətin bütün formalarını rədd edirik.

Bu gün sivil dünyada zorakılığın mövcud olması faktı təbii üstünlüklərdən qaynaqlanır. Yəni, Azərbaycanda da, Avropada da güclü zəifə şiddət göstərir. Bunun cinsinin heç bir əhəmiyyəti yoxdur. Bu güc bəzən maddi, bəzən fiziki formada özünü göstərir. Hətta heyvanlar aləmində də bu belədir. Ən mədəni və inkişaf etmiş cəmiyyətlərdə belə bunu sıradan çıxarmaq mümkün olmayıb, çünki bu insanın  emosional - psixoloji və digər halı ilə bağlı olan məsələdir. İnsanlar öz üstünlüklərindən istifadə edirlər.

Bu gün cəmiyyətdə ən çox şiddət görən uşaqlarımızdır. Valideynləri tərəfindən, həmyaşıdları tərəfindən və s. Amma biz onun qarşısını ala bilirikmi? Bu proseslər onun qarşısını almağa xidmət edirmi?  Bu, əslində, demokratikliyə, şəffaf cəmiyyətə doğru gedən bir cəmiyyətdə qüvvələr nisbətini toqquşdurmaq, həm də qapalı və mental dəyərlərə üstünlük verilən cəmiyyətlərdə bu tipli adamları əzmək cəhdidir. Eyni zamanda mövcud hakimiyyətin əlinə ciddi bir şans vermək deməkdir.

Cəmiyyətdə ictimai-siyasi statusu olan və ya ictimai-siyasi status uğrunda çalışanlar cəmiyyəti həm də mental-psixoloji dəyərləndirməli, cəmiyyətin ümumi əhval-ruhiyyəsini nəzərə almalıdır. Bunlar nəzərə alınmayacaqsa, mütləq xaosa və avtoritarizmin möhkəmlənməsinə gətirib çıxarılacaq. Bunu təəssüf ki, hər kəs unudur və yalnız bir istiqamətdə proseslərə yanaşır. Biz şiddət istənməyən cəmiyyətlərdə şiddət yaradan addımlardan çəkinməliyik.

Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçün isə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır. Bu səbəbdən, tələblər məhz bu istiqamətdə olmalıdır: təhsil, o cümlədən bütövlükdə idarəetmə sisteminin dəyişdirilməsi!

Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də problemin aradan qaldırılması, azaldılması üçün bu məsələ dövlət siyasətinin prioritetlərindən olmalıdır.