vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
18:34 | 8 avqust 2014 | Cümə Məqaləyə 3827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Eşşəklərin zəfəranlıqda vüsalı»

...Və ya «ştuçnıy» siqaret, «semiçka» satdığı milli biznesinin fatihəsi oxunub

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Teorem: xalqımızın Avropa dəyərlərini düyü kimi arıtlamasının, yəni yaxşısını saxlayıb, bit-birəlisini toyuq-cücəyə atmasının kökləri ilk yelkənli gəmilərin ixtira olunduğu dövrlərə qədər uzanır.

İsbatı: Siqaret çəkmək vərdişi bütün Avropa və Asiyaya yayılandan sonra el ağsaqqalları Kurqana, – rusların «kruq» sözü də buradan götürülüb – yəni o vaxtın dairəvi Milli Məclisinə toplaşıb çubuqlarını tüstülədə-tüstülədə qərara gəldilər: siqaret çəkək, amma hörmət əlaməti olaraq böyüklərin yanında olmaz. (Boyunu yerə soxum o böyüyün ki, ona qoyulan hörmətin uzunluğu siqaret dənəsi boydadır - müəllif.) Bu qərara bənd imiş kimi o dəqiqə şairlərimiz, ziyalılarımız siqaretlə şəkillər çəkdirdilər. Siqaret Şərqdə dərd simvoluna çevirildi və ona lirik məzmunlu bir ad verildi: «Qəm tütəyi».

Tarix: İnkvizisiya tonqallarının gurhagur yandığı dövrlərdə Avropada qaçqınlıq güzaranı ilə dolanan yəhudilərin pulu hesabına qızıl tapmaq adıyla onlara yeni torpaqlar axtarmağa yollanan Kolumb İspaniyanın bayrağını sancdığı yeni qitədən Avropaya qızıldan başqa çox şey gətirdi. O, Avropaya bir növ Şaxta baba kimi döndü və boğçasında qədim qitə üçün yeni olan quş növlərindən tutmuş, yeməli bitki növlərinə qədər nəhəng bir «bazarlıq zənbili» də var idi. Bu ayın-oyunun içərisində Kolumb avropalıların sağlamlığına yarayacağını düşündüyü tütün bitkisinin toxumları ilə doldurulmuş düyünçə də gətirmişdi. Bu məşhur səyyah kəşf etdiyi yeni qitənin ibtidai icma quruluşunda şad-xürrəm yaşayan yerli əhalisi hinduların dini ayinlər zamanı bir bitkini yandıraraq tüstüsünü udduqlarını və tüstülənə-tüstülənə feyziyab olub dünya dərd-qəmindən azad olduqlarını görmüşdü. Əslində, tütün və tütün kimi tüstüsü insan beynini dumanlandıran bitkiləri hələ qədim cadugərlər kəşf etmişdilər; Misir kahinləri, Cənubi Amerikadakı Mayya cadugərləri, Hindistan maqları, türk şamanları həm də öz dini-siyasi məqsədlərinə çatmaq üçün kütləvi ayinlərdə insanları ekstaz halına salıb lazım olan istiqamətlərə yönəltmək üçün bu cür şüurkeyidici ot-alaf tüstüsündən istifadə edirdilər. Məsələn, türk tayfalarında pis, xəbis ruhları qovmaq üçün üzərlik yandırmaq və belə deyək, bu arzuolunmaz ruhları bu bitkinin tüstüsündə «boğmaq» ənənəsi bu gün də qorunub saxlanılır.

Hindu cadugərlərinin Tobakkos dediyi tütünü Avropaya gətirən Kolumb onun magik sirrini gətirə bilmədi, avropalılar tütündən, sadəcə, nəşələnmək, kef çəkmək üçün yararlanmağa girişdilər. Hətta kilsə bu cür «keflənməni» şeytan əyləncəsi hesab edirdi. Guya tütün tüstüsünü ciyərlərinə çəkib hayıl-mayıl olan insanların ruhu şeytana təslim olur. Elə buna görə də Kolumbun gəmisindən düşən kimi özünü limandakı qız-gəlinə göstərmək üçün yeni torpaqlardan gətirdiyi tütünü çəkib lotuluq eləyən dənizçini kilsənin fətvası ilə ömürlük dama basdılar.

Tütünün siqaret kimi Avropada yayılması isə təqribən Kolumbun ölümündən dörd yüz il sonra baş verdi. Artıq Krım müharibəsində Osmanlı və çar əsgərləri səngərlərdə fıshafıs siqaret tüstülədirdilər. 

Keçək eşşək və zəfəran məsələsinə. İndi beliəyri qarıların çörəkpulu xətrinə parklarda, istirahət yerlərində Azərbaycanın romantik gəncliyinə «ştuçnıy» siqaret, «semiçka» satdığı milli biznesinin fatihəsi oxunub. Hökumət adamları bundan sonra bulvarda, parkda siqaret çəkməyi və «semiçka» çırtlamağı qadağan edib, səbəbi də budur ki, guya siqaret romantikasının gücü bir-iki gilə siqaretə çatan gəncliyimizin sağlamlığını kobud surətdə pozur, «semiçka» isə onların real həyat qanunlarından uzaqlaşıb bütün günü dəniz qırağında laqqırtı vurmaqla sərgərdan həyat tərzinə təhrik edir. Guya siqaret və «semiçka» olmasa bütün abituriyentlərimiz qəbul imtahanlarında ucdantutma hamısı yeddi yüz, səkkiz yüz, bəlkə də, min bal toplayacaq. Guya bu cuhud alveri gəncliyimizin ruhi-psixi və fiziki sağlamlığının düşmənidir. İnanma, bu qadağa gənclərin sağlamlığının yox, sadəcə, yeni təmir olunmuş bulvarın tüfeyli gənclər tərəfindən siqaret kötükləri və «semiçka» qabıqları ilə başdan-başa zibilləndirilməsinin qarşısını almaq üçündür.

Ruhi-psixi, fiziki sağlamlığı anadangəlmə olmayan övladlarımız sevgililərini qoltuğuna vurub dəniz kənarına romantik gəzintiyə çıxdıqları zaman siqaret çəkib kötüyünü zibil yeşiyinə deyil yerə atmağı, «semiçka» çırtlayıb qabığını Rumdan-Şama yaymağı, içdiyi pivənin boş qabını qabağına qatıb təpikləyə-təpikləyə özüylə dığırlatmağı, hara gəldi tüpürməyi quracaqları gələcək ailənin möhkəmliyinin ilk şərti hesab edirlər. Problem siqaretdə, «semiçka»da deyil, o siqareti lotusayağı tutan barmaqların, o «semiçka» dolu ciblərin sahiblərinin kafasındakı «peyinlikdədir». 

Ona qalsa, biz gərək hər yerdə addımbaşı qadağan şüarları asaq, məsələn, çimərliklə yazıb-yapışdıraq: «Qarpızın qabıqlarını dənizə atma, ay eşşək!» Yaxud ölkəyə idxal olunan unitazların üstünə oyma hərflərlə yazaq: «Uşağın pampersini unitaza atma, ay gəlin!» Hələ gör liftlərə nə yazmalıyıq: «Liftin künclərindən kişi və qadın tualeti kimi istifadə etmək günahdı». 

Ruhi-psixi, fiziki «sağlam» olan adamların gör hələ nə qədər qadağaya ehtiyacı var, Söhbət «ştuçnıy» siqaretlərdən, bir ovuc «semiçka»dan getmir. Söhbət eşşəklərin zəfəranlıqda vüsalından gedir. (1937.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)