«Bu, Ayda gəzməyim qədər inanılmazdır»
Nobel mükafatı almış əfsanəvi rok ulduzu Bob Dilanın özünü Şekspirlə müqayisə etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsanı fikir qocaldır…
«Telomer effekti: daha gənc, daha sağlam və daha uzun ömrə inqilabi yanaşma»
-
«Xəbərdən nitqim tutulmuşdu…»
Bob Dilan axır ki, dilləndi: «Belə bir şey kimin yuxusuna girərdi?»
-
Bob Dilan təqdimata gələcək?
Nobel laureatı ilk dəfə olaraq qazandığı mükafat haqqında danışdı
-
«Məsuliyyətin çoxu aydınlarımızın üzərinə düşür»
«Haqlarımıza qovuşmayınca sazımın telləri bağıracaq»
-
Nobel verənlər laureatı «lovğa» adlandırdı
Bob Dilan İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab vermir
-
«İstəməsə gəlməyəcək»
İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb
-
Bobun Nobeli
Hamınız Bob olun! Onda danışarıq!!!
-
Əylisli nə istəyir?
«Balayan, Kaputikyan, Aqanbekyanla onun arasında heç bir fərqin olmadığını desək...»
-
«Vaxtında ölmək»
-
«İstefada olan yazıçılar»
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
-
Kulis.az 10 dekabrda Nobel banketi zamanı Bob Dilanın Amerika Birləşmiş ştatlarının İsveçdəki səfiri Azita Raci tərəfindən səsləndirilmiş Nobel nitqini Svetlana Turanın tərcüməsində təqdim edib.
Vaxt.az çıxışın mətnini təqdim edir:
«Axşamınız xeyir! Mən İsveç Akademiyası üzvlərini və bu gecə burada iştirak edən bütün hörmətli qonaqları ürəkdən salamlayıram.
Təəssüf edirəm ki, tədbirdə şəxsən iştirak edə bilmirəm. Lakin əmin olun ki, bütün ruhumla sizin yanınızdayam və bu cür nüfuzlu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Ədəbiyyat üzrə Nobel mükafatı təsəvvür belə etmədiyim, yaxud baş verəcəyini xəyal belə etmədiyim bir şeydir. Uşaqlığımdan bəri bu mükafata layiq olan Kiplinq, Şou, Tomas Mann, Perl Bak, Alber Kamyu, Heminquey kimi yazıçıların əsərlərini oxumuş və onları öz ruhuma hopdurmuşam. Məktəblərdə keçilən, dünyanın hər yanındakı kitabxanalarda saxlanılan və haqqında ehtiramla söz açılan bu əsərlər insanlara həmişə dərin təsir göstərib. İndi mənim bu siyahıdakı adlara qoşulmağım, həqiqətən də, sözlə təsvir edə bilmədiyim bir duyğudur.
Bu siyahıdakı kişi və qadınların Nobel mükafatını nə vaxtsa arzulayıb-arzulamadıqlarını bilmirəm. Lakin belə hesab edirəm ki, dünyanın harasında olursa olsun, kitab, ya şeir, ya da pyes yazan istənilən adam ürəyinin lap dərinliyində bu gizlin arzunu yaşadır. Bəlkə də, bu arzu o qədər dərindədir ki, onların ondan heç xəbəri də yoxdur.
Əgər kimsə mənə Nobel mükafatını qazanmağa azacıq da olsa şansımın olduğunu nə vaxtsa desəydi, mənə elə gələrdi ki, bu, Ayda gəzməyim qədər inanılmazdır. Əslində, mənim doğulduğum və ondan sonrakı bir neçə il ərzində dünyada elə bir kəs yox idi ki, bu Nobel mükafatına layiq görüləcək dərəcədə yaxşı əsərlər yazmış olsun. Ona görə də mən, belə deyək, nadir adamlar arasındayam.
Bu heyrətamiz xəbəri alarkən yolda idim və nə baş verdiyini tam olaraq başa düşmək mənim bir neçə dəqiqəmi aldı. Mən böyük ədib – Uilyam Şekspir haqqında düşünməyə başladım. Belə zənn edirəm ki, o özünü dramaturq hesab edirdi. Onun ədəbiyyat yaratması heç ağlına gələ bilməzdi. Onun sözləri səhnə üçün yazılmışdı. Onların oxunması deyil, deyilməsi nəzərdə tutulmuşdu. Əminəm ki, «Hamlet»i yazarkən Şekspir xeyli müxtəlif məqamlar haqqında düşünürmüş: «Bu rolları hansı aktyorlar daha yaxşı ifa edə bilər?», «Bu hissə necə səhnələşdirilməlidir?», «Hadisə, həqiqətən də, Danimarkada baş verməlidirmi?» Onun kreativ uzaqgörənliyi və hədəfləri, heç şübhəsiz ki, ağlında əsas yer tutub, amma onu məşğul edən və fikrini çəkdiyi məişət xarakterli problemləri də olub. «İşin maddi tərəfi həll olunacaqmı?», «Tamaşanı maliyyələşdirənlər üçün ayrılan yaxşı yerlərin sayı kifayət qədərdir?», «İnsan kəlləsini haradan tapım?» And içərəm ki, Şekspirin ağlına gələ biləcək son sual «Bu ədəbiyyatdırmı?» olardı.
Yeniyetmə çağımda mahnı yazmağa, hətta qabiliyyətimi inkişaf etdirməkdən ötrü bəzi məşhurları dinləməyə başlayanda mənim mahnılarımla bağlı hədəflərim ancaq hazırkı ana aid idi. Mən elə fikirləşirdim ki, onların səsi kafelərdən, barlardan, bəlkə də, sonralar Karneqi-Hol, London-Palladium kimi yerlərdən gələcək. Arzuladığım, bəlkə də, ən böyük şey mahnılarımdan ibarət albom çıxartdırmaq, sonra da onları radioda eşitmək idi. Mən bunu, həqiqətən də, böyük bir mükafat olaraq qəbul edirdim. Albom çıxartdırmaq və mahnılarını radioda eşitmək bu mənaya gəlirdi ki, mən böyük auditoriya toplayıram və başladığım işi, ola bilsin, davam etdirmək imkanım var.
Düzdür, artıq uzun müddətdir ki, başladığım işi davam etdirirəm. Mən onlarla albom çıxartdırmışam, bütün dünyada minlərlə konsert vermişəm. Lakin mənim etdiyim, az qala, hər şeyin mərkəzində dayanan məhz mahnılarımdır. Onlar müxtəlif mədəniyyətlərə sahib xeyli insanın həyatında öz yerini tutub və mən buna görə minnətdarlıq hissi duyuram.
Lakin mənim deməli olduğum bir şey var. Bir ifaçı olaraq mən 50 000 adam üçün də, 50 adam üçün də ifa etmişəm və sizə onu deyim ki, 50 adam qarşısında çıxış etmək daha çətindir. 50 000 adam bir nəfərə çevrilə bilir, amma 50 adam yox. Hər bir adam özünəməxsus, ayrılmaz bir şəxsiyyəti, öz daxili dünyası var. Onlar hər bir şeyi daha aydın şəkildə dərk edirlər. Sənin səmimiyyətin və bunun istedadına nə dərəcədə təsir etməsi sınaqdan keçir. Mən Nobel komitəsi üzvlərinin sayının az olmasını çox yaxşı dərk edirəm.
Lakin, eynilə Şekspir kimi, mənim də başım çox vaxt öz kreativ meyllərimi həyata keçirməklə və həyatın hər cür məişət xarakterli problemlərinin həlli ilə məşğul olur. «Bu mahnıları hansı müğənnilər daha yaxşı ifa edə bilər?», «Görəsən, seçdiyim studiya mahnımı yazdırmaq üçün ən yaxşısıdır?», «Bu mahnının tonallığı düzgün seçilibmi?» Bəzi şeylər heç vaxt dəyişmir, hətta dörd yüz il keçsə də.
Bir dəfə də olsa, vaxtım olmayıb ki, özümə «Mahnılarım ədəbiyyatdırmı?» sualını verim.
Beləliklə, məhz bu sual ətrafında düşünməkdən ötrü vaxt sərf edən və nəticədə ona belə gözəl şəkildə cavab verən İsveç Akademiyasına öz təşəkkürümü bildirirəm.
Hər birinizə ən xoş arzularımla
Bob DİLAN»