vaxtlı-vaxtında oxuyun! Bazar, 20 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
“Böyük adam problemi” 11:40 | 20 aprel 2025 | Bazar Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Böyük adam problemi”

Yaş müdriklik gətirmir, sadəcə təcrübəli olursan

ETİBAR

1946-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounu 90 yaşında tələbələrlə görüşə çağırırlar. Böyük yazıçı auditoriya qarşısında çıxış etməli olur. Onun özünəməxsus yumoru zaldakıları riqqətə gətirir...

“Salam! Axı siz hamınız haradan peyda olmusunuz və kimə baxmağa gəlmisiniz? Olmaya, bir vaxtlar məşhur dramaturq kimi tanınan və bu dünyadakı hər bir şey haqqında şifahi və yazılı şəkildə fikir yürüdən qocaya baxmağamı? Yaxşı, bu da həmin adamın xarabalıqları. Razılaşın, baxmalı bir şey deyil, düzdür? Dostlar, ədəbiyyat yazıçının, dramaturqun, sənətkarın az qala yeganə mirasıdır, hə, elədir yeganə sərvətidir. Hərbi vergilər mənim var-yoxumu əlimdən alıb, hərçənd siz məni çox varlı adam sayırsınız. Amma xüsusilə ətrafa nəzər salanda, şikayət eləmək günah olardı. (Aaa! Mən sizin aranızda amerikalıları da görürəm.) Ooo! Görünür, əcnəbilər də var. Mənim dostlarım hər yerdə var. Olduqca məşhur bir adam iddia edirdi ki, mənim hər yerdə dostlarım var və heç harda düşmənimə rast gəlməzsən, amma dostlarımın heç biri məni sevmir. Necədir, xoşunuza gəlirmi? Ancaq fikirləşirəm, onlar məni azacıq da olsa çox istəməyə başlayıblar, çünki mən getdikcə qocalıram, zəifləyirəm və heç kim məndən qorxmur.

Amma, Tanrı xətrinə, elə düşünməyin ki, qocalığım müdrikliyimdən xəbər verir: yox, yaş müdriklik gətirmir, təcrübəli olursan, yəni, səndən kiçiklər üçün əlçatmaz olan şeyi əldə eləyirsən. Hətta, ən ağılsız adamın doxsan yaşı varsa, deməli, o sizin heç birinizin görmədiyi şeyləri görüb. Mən müxtəlif insanları-siyasətçiləri, yazıçıları, sənətkarları görmüşəm: onları çağa ikən qucağımda çarpayılarına belə qoymuşam. Mən onların necə böyüdüklərini, gənc və yaraşıqlı birinə çevrildiklərini, evlənmələrini görmüşəm. Həmin yaraşıqlı gənclər gözümün qabağındaca orta yaşlı adamlara çevrilir, sonra da qocalıb ölürdülər. Sizin əksəriyyətinizin belə şəxsi təcrübəsi yoxdur. Mən uğursuzluq və inkarla da tanışam, amma indi uğur və şöhrət mənim yanımdadır. Yəqin ki, çoxunuz “bu, böyük xoşbəxtlikdir” – deyə düşünürsünüz, amma yanılırsınız.

Bilirsiz, mənim heç vaxt macalım olmayıb, bütün ömrüm boyu mən çox məşğul olmuşam, çoxlu işləmişəm, məşhurluq, “böyük adam” olmaq nədir deyə baş sındırmışam, amma indi, daha məşhur biri deyil, ağlını itirməkdə olan bir qoca ikən, “böyük adam problemi” üzərində baş sındıra bilərəm. İnandırıram sizi, bütün ləzzət sizə çatır- məni alqışlayanlar sevinir, mənə çatan isə ağır zəhmət, bir də əvvəl-axır məni qəbirə aparacaq bu dəvətlər, dəbdəbəli naharlar və səs-küydür.

Odur ki, ilk növbədə həyata yeni qədəm basan cavanlara müraciət edirəm: böyüklüyə can atmayın. Unutmayın, böyük olmağı qarşısına məqsəd qoyan və hələ gənc ikən bu haqda ətrafını məlumatlandıranların sırasından çox az hallarda ağıllı-başlı bir şey çıxıb.

Gənc ikən mən böyük yazıçı olmağı düşünmür və bundan ötrü fal açmırdım: uşaq olanda dəniz qulduru olmaq istəyirdim; bir az böyüyəndən sonra opera müğənnisi, sonra isə böyük rəssam olmaq xəyalına düşmüşdüm. Din xadimi olmaq da beynimdən keçib: ancaq nitqimdəki qüsur ucbantından bu peşədən də yayınmışam. Xəyallarımda mən özümü böyük bəstəkar kimi də görürdüm. Yalnız yazıçı olmaq haqqında mən heç vaxt düşünməmişdim, çünki yazıçı kimi doğulmuşdum. Yazıçı olmaq mənim üçün çox təbii bir hal idi, ağızdakı suyun dadı kimi: onun dadını hər gün içirsən deyə hiss eləmirsən. Hər halda mən əsl ayıq həyat tərzi keçirən adam kimi tez-tez su içirəm. Amma elə fikirləşməyin ki, şöhrət tapmaq üçün ayıq olmaq yetər. Belə olsaydı, nə vardı ki… Mən şöhrət tapmış, çox məşhurlaşmış adamlar tanıyıram ki, ağızları siqardan və viskidən başqa bir şey tanımayıb. Ona görə də öz vərdişlərimi sizlərə sırımaq istəmirəm.

Görünür, qocalıqdandır ki, uzunçuluq edirəm. Amma vidalaşarkən-siz bunu dinləməyin, gənclər, valideynlərə bir məsləhət vermək istəyirəm. Əgər qızınız və ya oğlunuz sizə “böyük rəssam”, “böyük bəstəkar” olmaq arzularını bildirsələr – mən “və ya böyük siyasətçi” əlavəsini etmək istədimsə düşündüm ki, ola bilsin bu yaxşıdır, əgər istəyirsə, qoy olsun – hə, əgər onlardan biri böyük rəssam və yaxud bu sayaq biri olmaq istəsə, ona mane olmaq üçün heç nəyinizi əsirgəməyin, qabağını kəsin, başa salıb təlqin edin ki, əgər o, bütün ömrü boyu ona yoldaşlıq edəcək, rifah və rahatlıq, məşhurluq gətirəcək peşə seçmək istəyirsə, dükan sahibi və ya dəllal olsun; əgər qızınız böyük aktrisa olmaq arzusunu və mənim “Müqəddəs İoanna”mı ondan yaxşı heç kimin oynaya bilməyəcəyini dilə gətirsə, onu fikrindən daşındırmağa çalışın. Ona dəllala və ya tacirə ərə getməyi məsləhət görün. Bu onların rifahı və xoşbəxtliyi üçün ən doğru yoldur; beləliklə, qoy onlar böyük adam olmasınlar, amma böyük adamları tərifləyərək, onlarla fəxr edərək, onların kitablarını oxuyaraq, musiqilərini dinləyib rəsmlərinə baxaraq bir dünya həzz ala bilsinlər. Puldan daha çox xoşagəlməzlik bəxş edən yazmağa və bəstələməyə, bu olduqca ağır məşğuliyyətə ehtiyac qalmayacaq.

Əgər siz mənim həyatım boyu nələr çəkdiyimi bilsəydiniz, deyərdiniz: “Tanrı belə həyatı bizə göstərməsin!”. Amma mən şikayət eləmirəm. Əgər sən xoşbəxt ömür sürmüsənsə, onda bu dünyadan kasıb ikən (mən bu haqda qətiyyən düşünmürəm) köçmək qorxulu deyil. Xoşbəxt olmağın doğru yolu isə bütün varlığınla sevdiyin işlə məşğul olmaq, vaxtaşırı başını qaldırıb “xoşbəxtəmmi görəsən?” deyə sual edib düşünməkdir… və… İşə bax, gör, nə qədər danışdım... hər şeyin yerini bilmək lazımdır…

Sizi bir yerdə görmək və düşünmək ki, siz hamınız məni dinləməyə yığışmışınız – bu doğrudan da xoşdur, çünki mən ruh etibarilə aktyoram; publikanı, tamaşaçıları sevirəm və bu mənada mən əsl uşağam.

Və nəhayət, sağ olun, əlvida, əlvida və hamınıza əlvida…”