vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
12:43 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 3318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qida bizi niyə zəhərləyir?

Hətta arı balında da botulizm ola bilər...

Aygün ƏZİZ
kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib. Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib. Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.

Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb. 

2015-ci ilin hesabatında qida zəhərlənmələri ilə bağlı vəziyyət təxminən eyni idi. Bəs sağlamlığımızda rolu böyük olan qidalar hansı hallarda zəhərlənmələrə səbəb olur? Zəhərlənmə halının olmaması üçün nələrə diqqət etməliyik? Qida zəhərlənməsinin ən ağır forması olan botulizm hadisələri də azalmır. Buna əsas səbəb kimi ev şəraitində hazırlanan turşuları göstərirlər. Problem təkcə budurmu?

 

«Bir yaşdan aşağı uşağa bal verilərsə, botulizm yarada bilər»

 

Terapevt Elnur Rəhimov bizimlə söhbətində bildirdi ki, qida zəhərlənmələrinin əsas səbəbi saxlanma şəraitinə düzgün riayət edilməməsidir. O, deyir ki, normal saxlanma qaydalarına riayət olunmursa, bu zaman istənilən infeksion xəstəlik üçün zəmin yaranır: «Qida zəhərlənməsi ilə üzləşməmək üçün məhsul alarkən istehsal və son istifadə tarixinə riayət etməli, alınan məhsulun saxlanma qaydasına fikir vermək lazımdır. Bəzi məhsullar var ki, qapağı açıldıqdan sonra 24 saat ərzində istifadə edilməlidir. Sonra olmaz. Amma yenə də istifadə olunur. Bu tipli hallar problemi artıra bilir. Qida zəhərlənməsi təkcə onunla bağlı deyil. Məsələn, un və buğdada xəstəlik törədən göbələklər var. Həmin göbələklər orqanizmə düşərsə və onlar üçün şərait olarsa, bu da qida zəhərlənmələri yarada bilər».


Qida zəhərlənmələrinin ən təhlükəli forması botulizm hesab olunur. Buna səbəb olan əsas məqam kimi ev şəraitində hazırlanan turşuların olduğu deyilir. Amma həkim deyir ki, botulizmi yaradan başqa səbəblər də var: «Təhlükəsizlik üçün ev şəraitində turşuların hazırlanması zamanı gigiyena qaydalarına riayət edilməsi vacibdir. Amma bu turşular bağlandıqdan 9 ay keçdikdən sonra istifadə etmək də düzgün deyil. Botulizm yalnız hansısa turşulardan, yaxud ət məhsullarından keçən bir şey deyil. Məsələn, bal da botulizm toksinini özündən daşıyan qida əlavəsidir. Azyaşlı uşaqlarda buna qarşı immunitet olmadığı üçün onlar baldan tez zəhərlənə bilirlər. Bir yaşdan aşağı uşağa bal verilərsə, botulizm yarada bilər. Bəzən balı alıb evdə müəyyən bir vaxt saxlandıqdan sonra soyuducuya qoyub saxlayırlar. Amma belə halda bal artıq istifadə olunmayan məhsul olur. Təkcə ət və ya tərəvəz deyil, arı məhsullarında da botulizm ola bilər».

 

Tərəvəz axar suyun altında yaxşıca yuyulsa... 

 

1 saylı şəhər klinik xəstəxanasının 4-cü yoluxucu xəstəliklər şöbəsinin müdiri Arif Fərəcovla botulizm hadisələri haqda danışdıq. O bildirdi ki, botulizmi törədən mikroblar oksigensiz şəraitdə böyüyüb çoxalırlar: «2013-cü ildə 22, 2014-də 26, 2015-də 41, 2016-da 31 xəstə botulizmlə bağlı bizim şöbəyə daxil olub. Ən çox ev şəraitində konservləşdirilmiş pomidor və yaxud xiyar turşularından zəhərlənmə halları ilə rastlaşırıq. Əvvəllər qurudulmuş balıq, qurudulmuş ət, hisə verilmiş kolbasalarla bağlı da bu kimi hallar olurdu. Amma adi kolbasalarda botulizm olmur. Bu xəstəlik neyrotroksik təsirə malikdir. Gərək vaxtında araşdırılıb diaqnozu qoyulsun ki, xəstənin həyatını xilas etmək mümkün olsun. Turşu bankasının qapağı açıldıqdan bir neçə gün sonra istifadə edilməsi zamanı da botulizmin yaranmasına gəlincə, deyim ki, bu, doğru yanaşma deyil. Əgər tərəvəz bağlanıb bir müddət oksigensiz şəraitdə qalmasa, onda botulizm yarana bilməz. O oksigensiz şəraitdə artıb çoxalmalıdır ki, toksini məhsula buraxıb zəhərlənmə yaratsın».

A.Fərəcov deyir ki, bu zəhərlənmə zamanı ilkin əlamətlər mədə bulanması və qusma olur: «Görmə ilə bağlı problem yarana, tor və ya ikili görmə ola bilər. Udqunmanın pozulması, nəfəsalmanın çətinləşməsi, danışıqda problem olması da baş verir. Bu zaman ilkin yardım olaraq xəstənin mədə-bağırsağı yuyulur. Sonra xəstəyə hökmən botulizm əleyhinə zərdab vurulmalıdır. Digər müalicələr də aparılır».

A.Fərəcov qeyd etdi ki, problemi qaçılmaz hesab etmək olmaz, amma səhlənkarlıq halları çoxdur: «Bəzən xanımlar tənbəllik edirlər. Tərəvəzləri yaxşı yumurlar. Əslində evdə turşu hazırlanarkən tərəvəz axar suyun altında yaxşıca yuyulsa, heç bir botulizm törədicisi inkişaf edə bilməz».

 

«Sertifikat verən orqan məsuliyyət daşımalıdır»

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, zəhərlənmələrə səbəb təkcə ev şəraitində hazırlanan turşular deyil: «İnsan zəhərlənəndə səhiyyə orqanlarına müraciət edir, onların da ilk gördükləri iş mədənin yuyulmasıdır. Bu zaman isə artıq fakt itir, zəhərlənmənin nədən yarandığını müəyyənləşdirmək olmur, açıqlama verilir ki, ev şəraitində hazırlanan turşulardan problem yaranır. 20 il ərzində sənaye üsulu ilə hazırlanan məhsullardan zəhərlənmə halının olmasına rast gəlməmişəm. Amma bu cür hallar da olur».

E.Hüseynov deyir ki, problemin həlli üçün ilk olaraq qidanın təhlükəsizliyi ilə bağlı qanun qəbul olunmalıdır: «İkincisi, qidanın təhlükəsizliyini təmin edən xüsusi əlahiddə səlahiyyətlərə malik dövlət orqanı və QHT-lər müəyyən olunmalıdır. Məsələn, Yeni Zelandiyada QHT-lərlə dövlət orqanları birgə çalışırlar. Üçüncüsü, sertifikat verən orqan dövlətdən asılı olmamalı, müstəqil qurum olmalı, sertifikata görə məsuliyyət daşımalıdır».

AİB sədri onu da bildirdi ki, zəhərlənmələrin azalması üçün maarifləndirmə tədbirlərinin də genişlənməsinə böyük ehtiyac var.