vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
RƏY, REPLİKA  
22:54 | 6 iyul 2020 | Bazar ertəsi Məqaləyə 12998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramiz Mehdiyev - Azərbaycanın FETÖ-sü

Boz kardinaldan sonra sifarişli mitinqlər də dayanıb

Eldar NAMAZOV

Vaxt.az Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazovun Turan İnformasi Agentliyinin saytında yayımlanmış “Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası” başlıqlı analitik məqaləsini təqdim edir:

Ölkədə islahatlara mane olan məmurlardan danışanda çoxları düşünür ki, söhbət onlarla və ya yüzlərlə hakimiyyətdən incimiş adamlardan gedir ki, onlar elə hey deyinirlər, ancaq çətin ki prezidentin iradəsi əleyhinə bir şey edə bilərlər. Bu hakimiyyəti içəridən tanıyan bir adam kimi mənim üçün heç də belə deyil. 

Mən, sadəcə, bilirəm ki, islahatlara qarşı çıxan “köhnə qvardiya” əslində “dövlət içində dövlət” deməkdir. Bu qüvvə Heydər Əliyevin idarəçiliyi dövründə və hazırda İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə real olaraq dəfələrlə prezidentə, həmçinin dövlət maraqlarına qarşı çıxaraq meydan oxuyub. Onun gücünü və təsirini qardaş Türkiyədə məşhur FETÖ ilə müqayisə etmək olar. Orada da dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür.

Məncə, Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib, faktiki olaraq, yerli icra hakimiyyətini nəzarətində saxlayıb. R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olarkən başçılıq etdiyi “köhnə qvardiya”nın nəzarətində olmayan azsaylı dövlət orqanlarını onun nəzarətində olan təşkilatlardan daha rahat sadalamaq olardı.

Dövlət idarəçiliyi sistemində dərin kök salmış bu xərçəng şişinin analizinə keçməzdən öncə, yaxın tarixdə gözlərimin önündə baş vermiş bir epizodu gətirmək istərdim ki, oxuculara aydın olsun. Söhbət, sadəcə, mülahizələrdən və siyasi nəzəriyyələrdən yox, real və çox sərt siyasi gerçəklikdən gedir.

Az müddət öncə, dövlət orqanlarının təmizlənməsinə başlamazdan əvvəl prezident İlham Əliyev öz televiziya çıxışında dedi ki, məmurların regionlardan təqdim etdikləri məlumatlar reallığı əks etdirmir və o, regionlara gedərkən tamamilə başqa mənzərə görür. Mən diqqət etdim ki, bir çoxları prezidentin sözlərini şübhə altına aldı ki, bəs prezidenti belə aldatmaq mümkündürmü?

1998-ci ilin payızı, ölkədə prezident seçkiləri idi və namizədlər bölgələrə getməyə başladılar. Prezidentin kabinetində seçki məsələlərinə dair müşavirədə Heydər Əliyev soruşdu: “Müxalifətdən olan namizəd E.Məmmədov bu gün Gəncədə kampaniyaya başlayıb, orada nə baş verib, nə məlumat gəlir?”

Aparat rəhbəri R.Mehdiyev məruzə edir:“E.Məmmədov Gəncədə demək olar ki, rüsvay oldu, Gəncə xalqı onu qəbul etmədi, görüş baş tutmadı, bütün xalq sizi dəstəkləyir, arxayın ola bilərsiniz.” R.Mehdiyevə yaxın bir neçə məmur deyilənləri dəstəkləyir. Prezident məmnundur və başqa məsələlərə keçir.

Axşam E.Məmmədov MSK-nın ona ayırdığı vaxta əsasən AzTV-də birbaşa efirə çıxır və söhbətə ondan başlayır ki, Gəncədə seçicilərlə görüşündən olan videokaseti göstərməyi xahiş edir, sonra isə çıxışına davam edəcəyini deyir. Və bütün ölkə görüşlərdə çəkilən mənzərəni görür – zal insanlarla dolu, boş yer olmadığından binanın qarşısında böyük izdiham yaranıb və səs gücləndiricilərin bir hissəsi pəncərələrə qoyulub ki, zala yerləşməyənlər namizədin çıxışına kuçədə qulaq asa bilsinlər. E.Məmmədov hakimiyyəti sərt tənqid edir, camaat əl çalır və onu alqışlayır.

Ertəsi gün prezident Heydər Əliyev yenə də həmin məmurları toplayır və sual verir: “Dünən burada siz dediniz ki, E.Məmmədovu az qala Gəncədən qovdular. Amma axşam mən bu videonu izlədim. Orada vəziyyət sizin dediyiniz kimi deyil. Bəs digər namizəd Nizami Süleymanov necə, o da bölgələrə getməli və təşviqata başlamalı idi?”

Yenə də R.Mehdiyev ayağa qalxır və məruzə edir: “Bəli, cənab prezident, N.Süleymanov Göyçaya gedib, amma İcra Hakimiyyətinin başçısı mənə məruzə etdi ki, orada demək olar ki, heç kim onunla görüşə gəlməyib. Əlbəttə, kim gələcək ki, o kimdir ki, hamı sizi dəstəkləyir...” Elə həmin gün axşam AzTV-də çıxış növbəsi N.Süleymanova çatır və o da E.Məmmədovun üsulundan istifadə edir- öncə onun regiondakı görüşünün videoyazısını göstərməyi xahiş edir... Və yenə də çoxlu adam, alovlu nitqlər, hakimiyyətin tənqidi və alqışlar.

Növbəti gün prezident yenə də həmin məmurları toplayır və artıq heç bir sual vermir və aparat rəhbərinə deyir: “Deməli, İcra Hakimiyyəti başçıları sizi aldadırlar, siz də məni aldadırsınız!”

Bundan sonra prezident qərara alır ki, ölkə regionlarına şəxsən səfər etsin ki, yerlərdə insanları dinləsin və öz kampaniyasını aparsın. Bu iki hadisəni iyirmi ildən çox zaman ayırır. Və 2020-ci ildə prezident İlham Əliyev 1998-ci ildə Heydər Əliyevin dediyi sözləri təkrarlamalı oldu və 20 il bundan öncə atası kimi bölgələrə getməyə, sakinlərlə görüşməyə, bu məmurların başı üzərindən ictimaiyyətə birbaşa müraciət etməyə başladı. Prezidentin təşəbbüs və qərarlarının eyni ssenari ilə sabotaj olunmasına dair bu kimi çoxlu misal gətirmək olar.

İlham Əliyev dövlət aparatının yuxarı hissəsinin təmizlənməsinə başlamadan öncə bəyan etdi ki, onun təyin etdiyi yeni kadrlara qarşı hakimiyyət daxilində qarayaxma, KİV-də ləkələmə kampaniyaları gedir. Mən çox misal gətirə bilərdim ki, Heydər Əliyevin dövründə həmin adamlar eyni çirkin işlərlə məşğul olurdular və mərhum prezident hətta Təhlükəsizlik Şurasının bir iclasını çağırmalı, Azərbaycan FETÖ-sünün prezident komandasının üzvlərinə, dövlət məmurlarına qarşı həmin çirkin təxribatların bir sıra icraçılarını cəzalandırmalı olurdu. Belə misallar onlarla, yüzlərlədir, və bu “siyasət”in mərkəzində hər zaman eyni adam – Prezident Administrasiyasının keçmiş rəhbəri R.Mehdiyev dururdu. Ancaq anlamaq lazımdır ki, söhbət yalana patoloji sevgidən və ya sadəcə, onların xoşuna gəlməyən adamlara qarşı böhtandan getmir. Bu, kifayət qədər məkrli və konkret məqsədə yönəlmiş siyasət idi. Azərbaycan FETÖ-sünə həmişə zəif prezident və ondan mümkün qədər çox ölkə vətəndaşının narazı olması lazım olub. Bununla da bu məmurlar prezidenti xalqdan, müxalifətdən, qeyri-hökumət təşkilatlarından “xilas edənlər” rolunda çıxış edərək özlərinə bunun müqabilində daha çox siyasi və iqtisadi imtiyazları tələb edə bilərlər.

Azərbaycan FETÖ-sünə xalq içində populyar prezident lazım deyil, bunu onlar özlərinə böyük təhlükə hesab edirlər, belə olan halda özlərinin dövlət quruculuğunda heç bir şeyə yaramayan, sadəcə, lazımsız və artıq məxluq kimi aşkara çıxarılmasından qorxurlar. Buna görə də onlar insanları narazılığa təhrik edərək və ələ alınmış bəzi “müxalifət” partiyalarının liderləri ilə manipulyasiya edərək uzun illər dövlətə və prezidentə birbaşa təzyiq göstərirdilər. Təsadüfi deyil ki, müxalifətin böyük mitinqlərinin çoxu Azərbaycan FETÖ-sünə lazım olan zamanda məhz sifarişlə baş verirdi və R.Mehdiyev, Ə.Həsənov hakimiyyətdən uzaqlaşdırılandan sonra bütün bu fəal, hətta icazəsiz mitinqlərə, polislə toqquşmalara can atan partiyalar və liderlər birdən-birə susdular və heç bir mitinq fəallığı göstərmirlər.

Azərbaycan FETÖ-sü hələ Heydər Əliyev idarəçiliyinin son illərində dövlət aparatının bir hissəsində formalaşmağa başlayıb. Prezidentin xəstəliyindən və uzun müddət müalicəsindən istifadə edərək o, gələcəkdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib, öz adamlarını bir çox dövlət müəssisələri, hüquq-mühafizə orqanları və parlamentdə yerləşdirərək, ictimai sektoru və media məkanını nəzarətə götürərək nüfuzlu xarici havadarlarının dəstəyi ilə 2003-cü ildən sonra artıq açıq şəkildə siyasi ambisiyalarla çıxış etməyə, politologiyada “hökmranlıq edir, lakin idarə etmir” adlandırılılan tezisi, başqa sözlə, faktiki “ikihakimiyyətliliyi”prezidentə və cəmiyyətə qəbul etdirməyə inadkarlıqla can atıb.

Bu şəbəkəyə daxil olmayan və onların məkrli planlarına müqavimət göstərən dövlət məmurları onların nəzarətində olan KİV-lər vasitəsi ilə hücumlara və ləkələnməyə məruz qaldılar. Onların barəsində kompromatlar və yalan donoslar toplanırdı ki, onların istefasına nail olsunlar və yerlərinə öz adamlarını gətirsinlər. Sonra bəzi partiya liderlərinin ələ alınması yolu ilə öz şəbəkə orbitinə müxalifət partiyalarının bir hissəsini də cəlb edə bildilər. Bundan sonra müstəqil KİV və müstəqil qeyri-hökumət təşkilatlarının total əzilməsi dövrü başlandı, yaranan boşluqlar da Azərbaycan FETÖ-sünün nəzarətində olan yüzlərlə dekorativ QHT və KİV ilə dolduruldu. Bunlardan isə dövlətin ayırdığı büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha çox istifadə olunurdu. Bununla yanaşı Azərbaycan FETÖ-sü aydın görünən xarici siyasət prioritetləri və xarici dəstəyin olması şübhə doğurmur. Azərbaycanın Qərbə inteqrasiyasına tərəfdar olan bütün ictimai təşkilatların total şəkildə dağıdılması və bunu həyata keçirən azərbaycanlı məmurların Kremldə RF orden və medalları ilə açıq şəkildə mükafatlandırılması bunun bariz nümunəsidir. Hətta Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı onlarda nifrət və kinli reaksiya doğururdu. 90-cı illərin ortalarında Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən güclü zəlzələ baş verəndə müstəqil Azərbaycan KİV-də qardaşlarımıza yardım etmək çağırışı ilə kampaniya başlamışdı. Bu kampaniyaya ilk reaksiya verənlər o zaman SOCAR-ın vitse-prezidenti İlham Əliyev və Azərbaycan Müdafiə Nazirliyi oldu. Bu barədə elan ediləndə Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev qəfildən MN-ə zəng etdi, bu təşəbbüsü dəstəklədiyinə görə naziri kəskin şəkildə danladı və dövlət orqanlarına bu kampaniyada iştirak etməyi qadağan etdi. Guya ki, Türkiyə Azərbaycandan daha varlıdır, biz niyə ona kömək elməliyik? Heydər Əliyev müdaxilə etməli oldu və hamının yanında R.Mehdiyevi danladı ki, məsələ pulda deyil, məsələ qardaş xalqlar və dövlətlər arasında münasibətdədir, məsələ çətin anda qardaşlara kömək və dəstək göstərməkdədir.

20 ildən artıq bir müddətdə Azərbaycan FETÖ-sü tərəfindən ölkənin dövlət və milli maraqlarına vurmuş olduğu ziyanın hamısını bir məqalə çərçivəsində ətraflı sadalamaq mümkün deyil. Bunu etmək üçün bir və bəlkə də daha çox kitab lazımdır. Bu qarşıdurmada dönüş yalnız son illərdə, Mehriban Əliyevanın birinci vitse-prezident kimi təsdiqlənməsindən, həmçinin Prezident Administrasiyası rəhbərliyinin dəyişməsindən, sosial-iqtisadi blok nazirliklərinin rəhbərliyində ciddi islahatların həyata keçirilməsinə yönəlmiş gənc kadrların təyin edilməsindən sonra baş verdi. Lakin düşünmək lazım deyil ki, Azərbaycanda bir neçə böyük məmurun vəzifədən çıxarılması ilə bu problemi bir dəfəyə həll etmək mümkün oldu.

Hətta pandemiya böhranı zamanı yoluxanların, ölənlərin sayının artması şəraitində belə yeni partiya mərkəzlərinin yaranması, gözlənilməz siyasi blokların və ittifaqların formalaşması prosesinin necə paralel getdiyini görürük. Və bu təsadüfi deyil: cəmiyyətə həddindən artıq irimiqyaslı islahatlar təklif olunub, hakimiyyətin yuxarı eşelonlarında həddindən artıq ciddi kadr dəyişiklikləri baş verib, siyasi və iqtisadi maraqlara, “toxunulmaz” olan fiqurlara, qruplara, klanlara çox güclü zərbə vurulub. Onlar hakimiyyəti və imtiyazlarını itirsələr də hələ böyük maliyyə, hakimiyyət orqanlarında qalan çoxsaylı əlaltılarının hesabına inzibati resurslara, Azərbaycanda sabitliyin pozulmasında və ölkənin zəifləməsində maraqlı olan xarici dairələr tərəfindən siyasi dəstəyə, eləcə də artıq çoxdan onların “himayəsində” olan bəzi “müxalifət” partiyalara, nəzarətlərində olan KİV-lərə, yəni əlavə siyasi və media resurslarına malikdirlər. Mahiyyətcə prezidentin və birinci vitse-prezidentin təklif etdiyi irimiqyaslı, sistemli islahatlar kursu həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyətin daxilində yolayırıcı xətt oldu. Məhz bu meyarın (təklif olunan islahatlara münasibət) əsasında daxili siyasi sahənin yenidən qurulması prosesi gedəcək və biz gələcəkdə ən gözlənilməz və hələ bir neçə il öncə qeyri-mümkün görünən siyasi müttəfiqləri və birlikləri görəcəyik. Və biz artıq görürük ki, özünü ən “prinsipial”, “barışmaz” müxalifət adlandıran insanlar hakimiyyətin korrupsiya sisteminin öz vəzifələrini itirən keçmiş “sütunları” ilə necə ruh yüksəkliyi ilə iş birliyi qurmağa başlayırlar.

Bu proses hələ ilkin mərhələdədir (köhnə sistem hələ sonadək dağıdılmayıb, yenisi isə hələ tam qurulmayıb) və əminliklə demək olar ki, bu proses ətrafında əsas mübarizə hələ irəlidədir. Politologiyanın məlum qanunu var – islahatçı üçün daha çətindir, nəinki inqilabçı üçün. Çünki inqilabçı yalnız hakimiyyətlə mübarizə aparır, islahatçı isə iki cəbhədə – həm müxalifətlə, həm də dövlət aparatının islahatlara qarşı olan bir hissəsi ilə mübarizə aparır. Ona görə də islahatçıların heç də hamısı uğur qazanmır, yalnız öz komandasını qətiyyətlə yeniləyənlər, effektiv fəaliyyət göstərən hakimiyyət formalaşdıranlar uğur qazanırlar. Bu təhlükələrin və risklərin düzgün qiymətləndirilməsi başlanan islahatlarin taleyində həlledici rol oynayır.