vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
11:26 | 4 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin miqrant planı

Qaçqın və qastarbayterləri Sibirə göndərmək təklif olunur

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya rəhbərliyi deyəsən, miqrant axınının qarşısını almağın yolunu tapıb. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ilə irimiqyaslı layihələri dayandırmağa məcbur olan hakimiyyət ölkə boyu səpələnən miqrantlarla bağlı orijinal konsepsiya işləyib hazırlayıb.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Daxili İşlər Nazirliyində 2018-2025-ci illərin miqrasiya siyasəti ilə bağlı yeni konsepsiya hazırlanıb. İlk növbədə miqrantların Uzaq Şərq regionları və Sibirin bəlkə də insan ayağı dəyməyən ərazilərinə göndərilməsi nəzərdə tutulub. Onlara müvafiq infrastrukturu olan ərazilərdə peşələrinə uyğun müvəqqəti yaşayış üçün icazələr veriləcək. Məlumata görə, Daxili İşlər Nazirliyi Uzaq Şərqə miqrantların köçürülməsi və adaptasiyasını müstəqil şəkildə həyata keçirməyi planlaşdırır. DİN-in hazırladığı strategiya özündə bir sıra məqamları əks etdirir. Nazirliyin strateqləri hesab edir ki, Uzaq Şərqdə yaradılacaq on minlərlə iş yeri bir tərəfdən iqtisadi əsas yaratmış olacaq, digər tərəfdən isə köçüb gələnlər köklü əhaliyə çevriləcək. Ən əsası, bu, vahid miqrasiya siyasətini formalaşdıracaq.

Beləliklə, DİN-də hesab edirlər ki, insanların kütləvi şəkildə Uzaq Şərqdən çıxıb getməsinə son qoyulacaq və 2025-ci ildə bu zonalarda əhalinin sayını 6,5 mln-a çatdırmaq mümkün olacaq. Konsepsiyanın müəllifləri qeyd edirlər ki, qaçqınlarla bağlı artan problemlər, eləcə də millətlərarası münasibətlərdə gərginlik üzündən insanlara sığınacaq verilməsi mexanizmi dəyişməlidir. Bundan əlavə, iqtisadi və siyasi vəziyyət ağır olan ölkələrdən insanların kütləvi axınının qarşısını almaq üçün sığınacaq verilməsi qaydaları dəyişilməli, qanunsuz miqrasiyanın qarşısı alınmalıdır. Miqrantların iri şəhərlərə deyil, uzaq əyalətlərə könüllü şəkildə getmələri üçün isə onlara tələb olunan sənədlərlə bağlı qaydaları sadələşdirmək təklif olunur. Bundan əlavə, bir müddət özlərinə yer eləmələri üçün 1 mln. rubl güzəştli kredit də təklif olunur. DİN onların vətəndaşlıq almaları qaydalarını da sadələşdirmək istəyir. Onların təhsil, tibbi və sosial xidmətlərdən yararlanmaları da sənəddə əks olunub. Bu kateqoriyadan olan insanların özlərini rahat hiss etmələri üçün regionların infrastrukturunun dəyişdirilməsi, hətta xüsusi maarifləndirici telekanalın açılması nəzərdə tutulur. Miqrantlara informasiya və hüquqi dəstək məqsədilə mərkəzlərin, rus dili, tarixi və mədəniyyətinin öyrənilməsi üçün kursların açılması da konsepsiyada əks olunub.

Daxili İşlər Nazirliyində hesablayıblar ki, son beş ildə Rusiyaya gələn miqrantların sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb. İl ərzində əcnəbi vətəndaşların axını 15 faiz artaraq 280 minə yüksəlib. Yeni miqrasiya konsepsiyasının daha bir vacib bloku xaricdə yaşayan soydaşların ölkəyə qayıtmasının təşviq edilməsi, onlar üçün əlavə şəraitlərin yaradılmasıdır. Bu məqsədlə hakimiyyət orqanları adaptasiya üçün xüsusi xidmət yaradacaqlar. Dövlət isə onlara dəstək məqsədilə əlavə tədbirlər görəcək - çoxuşaqlı ailələr üçün vəsaitlər ödəniləcək, güzəştli kreditlər ayıracaq. Lakin məsələ ondadır ki, bu kateqoriyadan olan insanlar Rusiyanın hüquqi məkanına orientasiya olunmaqda çətinlik çəkirlər. Bu səbəbdən də Uzaq Şərq regionlarına köçürüləcək insanlar üçün hüquqşünaslar və xüsusi ombudsmanın təqdim olunması nəzərdə tutulur.

Təşəbbüs və konsepsiyanın hazırlanması prezident Vladimir Putundən gəlib. Layihə prezidentin xüsusi qərarı əsasında hazırlanıb və bir müddət əvvəl onu ictimai müzakirəyə çıxarmaq qərara alınıb. DİN yeni konsepsiyaya zərurəti dünyanın bir sıra ölkələrində siyasi sabitsizliklə əlaqələndirib. Nazirlik hesab edir ki, bu hal da əhalinin miqrasiya axınını gücləndirir.

«Miqrasiya və qanun» fondunun rəhbəri Dmitri Mixaylovun qənaətincə, qastarbayterlərin Uzaq Şərq və Zabaykalyeyə köçürülməsi planları keyfiyyətli və sona qədər araşdırılmayıb. Onun qənaətincə, ilk növbədə köçürüləcək insanların qeydiyyatı ilə bağlı məsələ həllini tapmalıdır. Çünki onlar qeydiyyat üçün yerləri müstəqil şəkildə tapmalıdırlar. O, həmçinin ehtiyat edir ki, miqrantların axını yerli əhalinin əmək haqlarına da mənfi təsir edəcək. Bu isə o deməkdir ki, münaqişələr üçün yeni əsas yaranmış ola bilər. Bundan əlavə, ekspertin qənaətincə, hakimiyyət miqrasiya axınının qarşısının alınması üçün o qədər də uğurlu iş apara bilmir. Miqrasiya funksiyalarının DİN-dən alınması ilə bu kateqoriyadan olan insanların qanunları pozmaları halları iki dəfə artıb.

«XXI əsrdə miqrasiya» fondunda hesab edirlər ki, şikayətlərin sayı dörd dəfə artıb. Məsələn, ötən ilin oktyabrından bəri miqrantlara dəstək Mərkəzinə 6,5 min insan müraciət edib. Miqrantlar hüquq müdafiəçilərinə ən çox polislərlə bağlı şikayət edirlər - qanunsuz saxlama, kobud davranma. Məhkəmələrdən isə qanunsuz qərarlarla bağlı narazıdırlar. Onlar heç bir əsas olmadan ölkədən çıxarılmalarına etiraz edirlər. Bundan əlavə, işverənlərdən narazılıq kifayət qədərdir - əmək haqlarının verilməsində problemlər yaradılır. Müraciətlərin içində miqrantlar miqrasiya orqanlarından da narazılıqlarını gizlətmirlər. Bura onlara müvafiq kağızların verilməsində rədd cavabları və sənədlərin verilməsi qaydalarının pozulması daxildir.

Beləliklə, hakimiyyətin yeni miqrant konsepsiyası nədən xəbər verir? Bunun arxasında ilk növbədə bir neçə məqam gizlənir. Yəni Rusiya rəhbərliyi «nə şiş yansın, nə kabab» prinsipi ilə hərəkət edir. Miqrantları geri qaytararsa, onların gəldiyi ölkələrlə münasibətlər pisləşə bilər. Buna görə də yaxşısı budur, bu tip köçürmə planları həyata keçirilsin. Bundan əlavə, bu, işsizlik problemini aradan qaldıra bilər. Həmin zonalarda iri neft və qaz ehtiyatları aşkar edilib və miqrant əməyi də ucuz işçi qüvvəsi olduğundan, hakimiyyətə onlardan istifadə etmək sərfəlidir.