vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
11:06 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Tatarıstanın «xüsusi statusunu» ləğv edir

Tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq mümkün olmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın RBK xəbər agentliyi yazır ki, Kreml Moskva ilə Tatarıstan arasında səlahiyyətlərin bölgüsünə dair sazişin müddətini uzatmaq niyyətində deyil.

Avqustun 11-də müddəti başa çatan müqavilənin uzadılmasını Rusiya prezidenti Vladimir Putindən Tatarıstan Respublikası Dövlət Şurasının deputatları xahiş etmişdilər.

2007-ci ilin 11 avqustunda imzalanmış bu müqavilənin müddəti 10 il idi. Lakin indi Rusiya rəsmiləri bildiriblər ki, Moskva nə bu müqavilənin müddətini uzatmaq, nə də yeni müqavilə imzalamaq niyyətində deyil.

Bu da bildirilir ki, Kreml hüquqi məsələlər üzrə xüsusi komissiyanın yaradılması fikrində də deyil. Kremldəki mənbələr RBK agentliyinə bildiriblər ki, hüquqi uyğunsuzluqlar Tatarıstan Respublikasının öz konstitusiyasına bağlıdır və bu məsələləri Kazanın özü həll edə bilər.

Yeni müqavilənin imzalanması məqsədilə hüquqi komissyanın yaradılması üçün Vladimir Putinə iyulun 11-də Tatarıstan Respublikası Dövlət Şurasının deputatları müraciət etmişdilər.

Deputatlar bildirirdilər ki, müqavilənin olmaması Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müəyyən problemlər yaradır.

Söhbət Tatarıstan Konstitusiyasının 1-ci maddəsindən gedir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır.

Konstitusiyaya görə bu maddə parlament tərəfindən dəyişdirilə bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələbi mövcuddur.

Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin RBK agentliyinə deyib ki, bu məsələ sakit, qarşılıqlı hörmət və etimad şəraitində federal mərkəz olan Moskva ilə subyekt Tatarıstan arasında müzakirə olunmalıdır.

O deyib ki, bu məsələ referenduma çıxarılarsa respublika əhalisinin əksəriyyəti Konstitusiya maddəsinin dəyişidirilməsinin əleyhinə səs verəcək.

Muxametşin deyib ki, Tatarıstan bu məsələni istər Moskvada, istərsə də Kazanda müzakirə etməyə hazırdır.

Tatarıstan rəsmiləri deyirlər ki, Moskva məsələyə hələ də baxılmamasını Putinin dövlət-hüquq idarəsinin rəisi Larisa Brıçevanın yay məzuniyyətindən qayıtmaması ilə izah ediblər.


Respublika statusundan quberniyaya gedən yol


Lakin BBC-nin Rus xidməti yazır ki, Moskvanın müqaviləni təzələmək istəməməsi daha dərin və fundamental səbəblərlə bağlıdır.

Tatarıstan və Çeçenistana xüsusi status vermək qərarı hələ Sovet İttifaqı çökəndə verilmişdi. Çünki Rusiyanın bu iki subyekti yeni federasiya müqaviləsini imzalamaq istəmirdi.

Beləliklə, 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində «xüsusi status» əldə etmişdilər.

Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başlamışdı.

Nəhayət 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında «idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşılmasına» dair müqavilə imzalanmışdı.

Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın hətta vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı.

Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli hakimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutmuşdu.

2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu saat mexanizmi olan bomba ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır.

Həmin vaxtdan etibarən Kreml tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.

2003-cü ildə qəbul edilmiş qanuna görə, Moskva və regionlar arasındakı müqavilələr təkrar olaraq federal qanunlarla təsdiqlənməlidir.

Bundan sonra Tatarıstan tədricən özünün simvolik hüquqlarından məhrum edilməyə başladı. Məsələn, Tatarıstan prezidentinin iki dili bilməsinin icbariliyi və Tatarıstan vətəndaşlığı barədə maddələr ləğv olundu.

2000-ci illərin ortalarında Tatarıstanın xüsusi statusu ilə mübarizəyə Rusiyanın Volqaboyundakı xüsusi nümayəndəsi Sergey Kiriyenko da qoşulmuşdu. Nəhayət elə onun vaxtında, 2007-ci ildə uzun müzakirələrdən sonra 10 il müddətinə yeni müqavilə imzalanmışdı. Bu müqavilədə artıq Yeltsinin verdiyi azadlıqlardan çox azı qalırdı.


Hətta Kadırov da qəbul edib ki, ölkədə bir prezident olar


RBK agentliyi isə yazır ki, indi Moskva ola bilsin Tatarıstan hökumətinə «prezident» termininin saxlanmasında güzəştə gedə bilər. Tatarıstan millət vəkilləri Putinə məktubda bu məsələnin mühümlüyünü xüsusi vurğulayıblar.

Lakin Kremldə adının çəkilməsini istəməyən mənbə RBK-ya bildirib ki, Tatarıstan başçısı üçün «prezident» termini yalnız hazırkı prezident Rustam Minnixanovun hakimiyyəti dövrünün başa çatmasınadək saxlana bilər. Minnixanovun prezidentlik müddəti 2020-ci ildə qurtarır.

RBK-nin təhlilində deyilir ki, Tatarıstan hazırda başçısı prezident olan yeganə federasiya subyektidir.

Rusiyada qəbul edilmiş qanuna görə bütün federasiya subyektləri prezident postunu 2015-ci ilədək ləğv etməli idilər.

Lakin daha sonra bu möhlət 2016-cı ilin yanvarınadək uzadılmışdı. Bunu məxsusi olaraq Tatarıstan üçün etmişdilər.

Buna baxmayaraq Tatarıstan da güzəştə getmək niyyətində olana oxşamır. Kazan hələ də respublika başçısını prezident adlandırır.

Yenə də adının çəkilməsini istəməyən Kreml rəsmisi RBK-ya bildirib ki, Tatarıstan prezident Putinin verdiyi siqnalı eşitməlidir.

2015-ci ilin dekabrında Putin bildirmişdi ki, hətta Çeçenistan da «ölkədə bir prezident olar» prinsipini qəbul edib.

Bununla yanaşı, Putin əlavə etmişdi ki, «biz tatar xalqının istədiyi seçimi qəbul etməyə hazırıq».

Politoloq Vitali İvanov RBK agentliyinə müsahibəsində deyib ki, Moskva prezident titulunu Şaymiyevə, 70 illik yubileyində hədiyyə etmişdi, lakin Minnixanov Putin qubernatorundan başqa bir şey deyil.

Kazan Federal Universitetinin konfliktologiya kafedrasının müdiri Andrey Bolşakov RBK-ya deyib ki, 1994-cü ildə Moskva və Kazan arasında müqavilə imzalananda vəziyyət tamam başqa idi, amma indi mərkəz güclənib və subyektlərlə münasibətlərini müqavilələr üzərində qurmağı düşünmür.

Amma Bolşakov bunu da qeyd edib ki, söhbət həssas məsələdən gedir. Əslində müqaviləni uzatmaqla Moskva heç nə itirməzdi. Bir də unutmaq olmaz ki, tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq bütün hallarda mümkün olmayacaq.