vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9673 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2346 AZN
Türk lirəsi 1 TRY = 0.2937 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:28 | 21 iyun 2018 | Cümə axşamı Məqaləyə 502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Pambıqçıların zəhərlənməsi təxribat deyil”

Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İyun ayında pambıq tarlalarında 5-ci dəfə zəhərlənmə faktı qeydə alınıb. Saatlıda 30-dan çox insanın zəhərlənməsilə müşahidə olunan ilk faktdan sonra prezident İlham Əliyev məsələni nəzarətə götürdü. Amma buna baxmayaraq, analoji hal İmişli, Yevlax, Tərtərdə də qeydə alındı, yüzlərlə insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət etdi.

Hadisələr barədə konkret olaraq rəsmi məlumatlar açıqlanmasa da, ekspertlər, iqtisadçılar tərəfindən müxtəlif versiyalar səsləndirilir. Kimisi zəhərlənmələri təhlükəsizlik qaydalarına əməl etməmək, kimisi təsərrüfatlarda vaxtı bitmiş dərmanlardan yararlanmaq, kimisi də yeni nazir İnam Kərimova qarşı hazırlanmış təxribat kimi qiymətləndirir.

 

“Özəl şirkətlər pambıqçılara zülm edirlər”

 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Modern.az-a məhz bu versiyalar üzrə açıqlama verib. O, əsas səbəb kimi pambıq tarlalarında təhlükəsizlik qaydalarına riayət edilmədiyini bildirib:

“Bayram günlərində bəzi pambıq sahələrində müşahidələr apardım. Nöqsanları görmək üçün sırf bu sahənin mütəxəssisi olmağa da ehtiyac yoxdur. İmişli, Beyləqan, Ağcabədinin bəzi pambıq sahələrində olanda gördüm ki, nəinki təhlükəsizlik qaydalarına, ümumiyyətlə bir çox mühüm qaydalara əməl olunmur. Zəhərli dərmanlar - pestisidlərlə davranışa gəldikdə, insanlar bu sahədə tam bilgisizdir və maarifləndirmə tədbirlərinə ehtiyac var. Pambıq sahələrində işləyən qadınlar nəinki təhlükəsizlik qaydalarını, adi hava şəraiti, pambıq sahəsində görəcəkləri işin məğzini belə bilmirlər. Pambıq texniki bitki olduğuna görə məxsusi qulluq tələb edir. Məsələn, iyunda alaq otunun vurulması aparılır (kətmənləmə). Bizdə kətmənləmə əl əməyilə edilir, bütün dünyada isə bu sahə tam mexnaikləşdirilib. Texnika sahənin bu başından girib, o biri başından çıxır. Azərbaycanda böyük maliyyə vəsaitləri olmasına baxmayaraq, MKT şirkətləri pambıqçılara zülm edirlər. Ünsiyyət zamanı bəlli oldu ki, 5 qadın birlikdə orta hesabla bir sot yerdə alaq vurur. Bu çox çətin prosesdir. Kətmən iki funksiyanı yerinə yetirir: alaqları vurur və bitkinin dibini boşaldır. Yəni bir insan gün ərzində iki funksiyanı yerinə yetirir. Mən orada olduğum müddətdə günün istisində, təxminən 40 dərəcə temperaturda qadınlar dayanmadan çalışırdı. Axı bunlar insandır.

İkinci ciddi problem ondan ibarətdir ki, bir çox pambıq sahələrinə ağır pestisidlər vururlar. Bir azdan sovkaya qarşı mübarizə başlanacaq. Şirkətlər ora ağır pestisidlər, funksidlər tətbiq edəcəklər. Biri ziyanvericilərə, ikincisi zərərvericilərə qarşıdır. Tamamilə fərqli şeylərdir. Yenə də təhlükəsizlik qaydalarına riayət edilməyəcəksə, anoloji hal təkrarlanacaq”.

Ekspert əvvəlki illərə nisbətdə bu sahədə ciddi dəyişiklik olmamasına baxmayaraq, kütləvi zəhərlənmə səbəblərini məhz təhlükəsizlik qaydalarına riayət edilməməsində görür:

“Ümumilikdə Tərtər, Saatlı, İmişlidə baş verən hadisələrdə müxtəlif versiyalar irəli sürülür. Mənim gəldiyim qənaət bundan ibarətdir ki, zəhərlənmələr təhlükəsizlik qaydalarına riayət edilmədiyindən olub. Yadımdadır, Sovet dövründə bizi də tarlaya aparırdılar. Hətta biz sahədə olarkən dərmanlama xüsusi təyyarələrlə edilirdi, amma zəhərlənən olmurdu. Dünən uzun müddət Azərbaycanda pambıqçılıqla məşğul olan şəxslərlə əlaqə saxladım. Onlar da təsdiqlədilər ki, bunlar Azərbaycanda pambıqçılıq sahəsində qeydə alınan ilk kütləvi zəhərlənmələrdir. Doğrudur, pambıq da həminkidir, onu becərənlər də həmin adamlardır. Amma adi təhlükəsizlik qaydalarına riayət edilməyib. Özüm şahidi oldum ki, kətmən vuran insanların heç birinin ağzında respirator yox idi. Zəhərlənənlərin əyində mühafizə geyimi, respirator, uzunboğaz çəkmələri olmayıb”.

 

İnam Kərimovun etirafı...

 

Dərmanlama zamanı istifadə müddəti keçmiş preparatlardan istifadəyə gədikdə, N.Nəsirli bunun ciddi qanun pozuntusu olduğunu vurğulayıb:

“Bütün pestisidlər və funksidlər iyulun 1-dək Fitosanitar Xidmətin laboratoriyalarından sınaqdan keçirilməli, sertifikat almalı, ondan sonra təsərrüfata tətbiq olunmalı idi. Məlum olur ki, pestisidlər və funksidlər ölkəyə gətirilir, laboratoriyalarda sınaqdan keçirilmədən təsərrüfatlara tətbiq olunur.  Böyük ehtimalla dərmanların sınağı aparılmayıb. Bu sahənin dövlət nəzarətini həyata keçirən bir qurum kimi Dövlət Fitosanitar Xidməti birbaşa məsuliyyət daşıyır. Nazir İnam Kərimov Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevi vəzifəsindən azad etməklə, əslində etiraf etdi ki, qurum ciddi nöqsanlara yol verib.

Soruşmaq lazımdır ki, Xidmətin o dərmanları sınaqdan keçirmək üçün laboratoriyaları varmı? Bir sınaq keçirsinlər, ictimaiyyət də nəticələri görsün. Yoxdur belə laboratoriyalar. Baxmayaraq ki, Camal Quliyev bu sahənin qurucularından idi. Mən onu laborant işləyən dövrdən tanıyıram, kifayət qədər təcrübəli, məlumatlı alimlərdəndir, öyrənməyə və öyrətməyə meylli bir insandır. Buna iqtisadiyyat dilində “istehsalat xətası” deyilir. Böyük ehtimalla istintaq açıqlayacaq ki, dərmanlar özəl şirkətlər tərəfindən Azərbaycana gətirilib və sınaqdan keçirilmədən təsərrüfatlara tətbiq edilib”.

 

“40 dərəcə istidə pambıq yığılmamalıdır”

 

Ekspertin özlərinə görə, pambıqçılıqla məşğul olanlar bu sahədən xəbərsizdirlər: “Özləri etiraf edib ki, dərman başqa sahəyə vurulub, amma külək insanların işlədiyi sahəyə gətirib. Əslində bunun özü də öyrənilməli idi ki, dərmanlar külək vasitəsilə neçə kilometrə qədər yayıla bilir. Elə funksidlər var ki, çox güclü küləkdə belə ətrafa yayılmır. Amma elələri də var ki, zəif küləkdə belə 20-30 kilometr məsafəni qət edə bilir. Bunlar edilməyib, məsuliyyəti də Dövlət Fitosanitar Xidmətinin üzərindədir. Bir məsələni də diqqətə alaq ki, 1990-cı illərdən Azərbaycanda pambıqçılıq tənəzzülə uğramışdı. Son iki ildə bu sahəyə diqqət ayrılmağa başladı. Bu da faktdır ki, bir çox rayonlarda pambıqçılıq ənənələri, vərdişləri itib. İndi bu sahəyə rəhbərlik edənlər isə sahədən başı çıxmayan özəl şirkətlərdir. Pambığın əkilmə texnologiyasına belə əməl olunmayıb. Eləcə çiyidi səpib gediblər. Bundan da bilinir ki, nə pambığı əkənin, nə onu yığanların, nə də bu işə rəhbərlik edən sahibkarların həmin sahədən xəbəri var. Mən burada təxribat ehtimallarına inanmıram. Biz hər şeyə “bir şey olmaz” fikrilə yanaşdığımız üçün də belə nəticəyə gəlirik”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *