vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:58 | 14 noyabr 2018 | Çərşənbə Məqaləyə 2857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əsrin qan yaddaşı”

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş elektron toplu hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 1918-ci il soyqırımının 100 illiyinə həsr olunmuş “Əsrin qan yaddaşı” adlı elektron toplu hazırlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Tarixi həqiqətlərin dünyaya yayılması məqsədi daşıyan elektron toplu rus və ingilis dillərində yaradılıb.

1918-ci ilin mart-may aylarında “Bakı Soveti” adı altında fəaliyyət göstərmiş daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər qəzalarda, Qarabağda, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə, indiki Ermənistanın azərbaycanlılar yaşamış məntəqələrində, Zəngəzur və İrəvanda, Cənubi Azərbaycanda on minlərlə insan məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri talan edilmiş, mədəniyyət abidələri, məscidlər dağıdılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ildə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görülmüşdü. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu proses dayandırıldı, sovet tarixi bizi gerçək tariximizdən uzaq saldı, 1918-ci ilin faciəli hadisələrinin xalqın yaddaşından silinməsi üçün məqsədli ideoloji iş aparıldı.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra arxivlərin açılması tarixi faktların üzə çıxarılmasına zəmin yaratdı. 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu hadisələrə tarixi-siyasi qiymət verildi, 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan olundu. Sonrakı illərdə aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni fakt və sənədlər toplanıb, Quba şəhərində qırğınların kütləvi məzarlığı aşkar olunub. Bu faktlar 1918-ci il soyqırımının gerçək miqyasının göstəricisidir.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli  sərəncamı erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasını qarşıya məqsəd qoyur. Dövlət başçısı bu mövzuda çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, tarixi həqiqətlərin yayılmasında müasir informasiya vasitələrindən, internetin imkanlarından geniş istifadə etməliyik.

Son illər bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Effektiv Təşəbbüslər Mərkəzinin reallaşdırdığı yeni layihə də bu məqsədə xidmət edir. Layihə üzrə rus (“Кровная память века”) və ingilis (“Blood Memory of The Century”) dillərində tərtib edilən elektron toplu ictimai birliyin azerbaycanlı.org saytında yerləşdirilib.