vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ÜZBƏÜZ  
10:16 | 28 fevral 2014 | Cümə Məqaləyə 2896 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

VİP-lə EL-in savaşı daha da qızışdı

Ə.Əliyev: «Onun adından yanımıza elçilər gəlir...»E.Quliyev: «Məni nəinki 6 aylığa, hətta 6 il də»

E.SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin məhkəmə çəkişməsinə bir neçə gün qaldığı vaxtda qarşılıqlı ittihamlar yenidən kəskinləşib. Əli Əliyev «Gündəlik teleqraf» qəzetinə deyib ki, Milli Şuranın sədri Cəmil Həsənli ona Eldəniz Quliyevi müdafiə etməyəcəklərini bildirib: «Milli Şura sədri Cəmil Həsənli adından Eldəniz Quliyevin müdafiəsi xarakterində açıqlama yayılıb.

Mən Cəmil Həsənli ilə əlaqə saxladım, Eldəniz Quliyevin mənim və partiya üzvləri barədə işlətdiyi fikirləri onun diqqətinə çatdırmışam. Cəmil Həsənli də dedi ki, əgər Eldəniz Quliyev belə ifadələr işlədibsə, biz onu müdafiə edə bilmərik. Əgər hansısa qurumlar bundan sonra Eldəniz Quliyevi müdafiə edəcəksə, biz bu şəxsin bizə qarşı işlətdiyi fikirləri həmin qurumlara aid etmək məcburiyyətində qalacağıq».

Ə.Əliyev E.Quliyevin onun yanına barışıq üçün adam göndərdiyini də söyləyib: «Neçə gündür onun adından yanımıza elçilər gəlir, telefonumuza zənglər olur. Başqa sözlə, arxa qapıdan bizə yalvarır, ictimaiyyətə isə «göstərir» ki, guya bizdən qorxmur, mübarizə aparır. Özünü itirib, nə etdiyini də bilmir. Çalışacağıq ki, məhkəmə qaydasında onu cəzalandıraq».

Eldəniz Quliyev isə «Yeni Müsavat»a açıqlamasında Ə.Əliyevin dediklərinin yalan olduğunu bildirdi: «Fevralın 26-da Milli Şuranın Koordinasiya Şurasının iclasında bizim məsələ müzakirə olundu və Cəmil Həsənli birmənalı surətdə dedi ki, Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevi Milli Şura müdafiə edəcək. Əli Əliyev yalançıdır. Cəmil Həsənlinin adından yalan danışır. Digər bir yalanı guya mənim ondan benzin pulu aldığımı bildirməsidir. Daha bir yalanı guya mənim məhkəmə iddiasından geri çəkilməsi üçün onun yanına minnətçi göndərdiyimi deməsidir. Bu adam faktiki olaraq hər gün cəmiyyətə bu cür yalanlar deyir. Məni onun arxalandığı iqtidardakı qüvvələrin göstərişi ilə nəinki 6 aylığa, hətta 6 il azadlıqdan məhrum etsələr belə, o cür mənasız adamın ayağına adam göndərmərəm. Məhkəmə ədalətli olsa, əminəm ki, onun iddiası təmin edilməyəcək. Çünki təhqir olunan şəxs o deyil, mənəm». 

E.Quliyev onu da dedi ki, Əli Əliyev və ətrafındakı adamlar özlərini onun vasitəsilə piar elədilər: ««Yeni Müsavat»ın hər dəfə mənim şəklimin yanında Əli Əliyevin şəklini verməsi də Əli Əliyev üçün bir piardır. Əli Əliyev heç kimdir. Sadəcə, siz heç kimi adam formasına saldınız. İndi də keçiblər küçə qeybətinə ki, Eldəniz Quliyev adam göndərir. Əgər Eldəniz onun yanına adam göndəribsə, adamın adını desin! Bunlar yenə də öz ucuz təbliğatlarını davam etdirirlər. Milli Şura və EL hərəkatına hücuma cavab verdim. Siyasi etika və elementar mədəniyyətdən məhrum olan VİP funksionerləri qeyri-adekvat cavablar verdilər. Polemikanı şəxsi müstəviyə çevirdilər. Onlar mübahisəni normal apara bilmədilər. Üstəlik, məni məhkəməyə də verdilər. Əgər ləyaqətləri çatırsa, axıracan getsinlər. Allahın köməkliyi ilə məhkəmədə görüşəcəyik».