“Maladoy”un qoyduğu iz ...
... Yaxud Müxalif başına ay şabaş, biz də qaldıq çaş-baş
Azərbaycanda siyasi mübarizənin sivil müstəvidən çıxması ilə bağlı həyacan təbilini aydınlar çoxdan çalmağa başlayıblar.
Hər bir cəmiyyətin inkişafına xidmət edən, vətəndaşın pisi yaxşıdan seçməsinə imkan yaradan demokratik mübarizənin yerini cılız didişmələrə, qarşılıqlı söyüş kampaniyalarına verməsi o qədər eybəcər durum yaradıb ki, siyasi səhnədəki münasibətlərin yenidən sivil müstəviyə qayıtması yollarını görmək çətinləşib.
Ölkədaxili intriqa düyünlərini bir az da möhkəmləndirib siyasi ritorikanı elementar əxlaq çərçivəsindən çıxaran həm də Azərbaycandan kənarda olan və əsasən də müxalifət düşərgəsini dəstəkləyən mühacirlərdir. Yaşadıqları ölkədə söymək və söyülmək həyatlarını elə rəngləndirib ki, indi də bir-birlərinə qarşı kampaniyalara başlayıblar. Gözlənilən idi... Əsas məqsədləri təmsil etdikləri milləti, düşərgəni gücləndirmək yox, büdcələrini doldurmaq olanlardan, bunun üçün Azərbaycana qarşı istənilən təsirin altına düşməyə yollar arayanlardan başqa nə gözləmək olar?
Siyasi mühacir alverinə girişən kim, qrant layihələrinin “kranına yaxın olmaq üçün” qədər yoldaşlarına “iqtidara işləyir” damğası vuran kim... Sosial şəbəkələr üzərindən yayılan və bütün bunları sübut edən videoları izlədikcə bu “Vətən, millət mücahidləri”nin hansı cürət və ağılla Azərbaycandakılara ağıl öyrətmək eşqinə düşdüklərinə təəccüb edirsən? Hansına baxsan, əlinə bir smartfon alıb darbucaq düşüncəsi ilə millətə dərs keçir.
Ey qoca Avropa... Sən Azərbaycanda ən böyük mübarizəsi hansısa siyasətçinin qohumu, qonşusu, parkinqdə sıradaşı olan nə qədər insanı başımıza ideoloq kəsdin? Onlar sənin torpaqlarında özlərinə yer-yurd düzəldəndən sonra Azərbaycanda yaşayanlara haqsızlıqlarla mübarizə metodları haqqında dərslər keçməyə başladılar. Azərbaycanda yaşadıqları “məhrumiyyətlərə”, “siyasi təqiblərə” görə özlərini demokratiyanın milli qəhrəmanı elanlərin, uydurduqlarını onları tanımayanlara həqiqət kimi sırımaq istəyənlərin sayını itirmişik...
Günləri, güzəranları da pis deyil. Yaşamağa küncləri, müavinətləri, Vətən həsrətini xəfiflətmək üçün məclis qurub şabaş atmaqları da var... Facebookda yayılan videoda İnqilab Kərimovu gördüm. Demokratik düşərgə ilə təması olanlar onu AXCP sədri Əli Kərimlinin əmisi oğlu kimi tanıyırdılar. Faktdan yararlandı, Fransaya getdi, güzəran qurdu, indi də dostların başına şabaş yağdırır. Kadrlarda görünənlər də onun kimi...
Kimsə deyə bilər, öz işiləridir, Azərbaycan büdcəsinin pulları deyil ki... Bu versiyanın doğru tərəf var – pullar Azərbaycan büdcəsinin deyil. Amma... Azərbaycanı söyməyə görə qazanılıb. Azərbaycandan baxanda məsələnin çox pis görünən tərəfi də elə budur. Belə fədakar oğlanlardırlar, görəsən, havaya səpələdikləri paraları Azərbaycanda “müxalifətçi olduqları üçün min bir məhrumiyyətlə üzləşən” dostlarına, siyasi mühacirlərin ailələrinə niyə göndərmirlər? Səhərdən axşama qədər sosial şəbəkədə Azərbaycandakı müxalif düşüncəlilərin halına görə vay-şüvən qoparanlar onlar deyil?
Belə kadrlara baxıb, Avropanın göbəyində birgə pivə içməyi “demokratiya uğrundan mübarizə” adlandıranlara qoşulmaq istəyən “müxalifətçi gəcnliyə” texniki dəstəyi isə AXCP üzvü Türkel Azərtürk həyata keçirir. Internetdə yayılan telefon danışığında o, Avropada mühacir statusu almağın sirrlərini dəstəyin o başındakına öyrədir.
Türkeli bu məsələdə “maladoy”du. Elə ona görə də “iz qoyub”. İllərdir yolu müxalifətdən keçən neçə nəfər bu işin Avropada əsl biznesini qurublar. O səbəbdən Türkelin səs yazısının yayılmasını “bazarımıza girmə” mesajı kimi də qəbul etmək olar.
Azərbaycanın daxilində çox ciddi problemlər var. Korrupsiya, qanunların icra mexanizmlərin kor ata minib heç cürə gərək olduqları yerə gəlib çatmaması, məmur özbaşınalığı... Amma bu ölkədə bu çətinlikləri aradan qaldırıb ölkəni gələcək nəsillər üçün daha yaşanılır yerə çevirmək istəyən sağlam qüvvələr də var. Onlar söyüşdən uzaq, tənqidə yaxın, öz sahələrini bacardıqları qədər irəlilətmək istəyənlərdir. Ölkədə susqun, xaricdə “əjdaha” oğlanların virtual qəhrəmanlığı bu kəsimdə olsa-olsa acı gülüş doğurur. Azərbaycanda müsbət dəyişikliklik olacaqsa, ölkə daxilindəki iqtidarlı-müxalifətli fəalların gücü hesabına olacaq. Vətəndən qaçıb “pullu həsrət çəkənlərin” hesabına yox.
Aygün MURADXANLI