vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
22:27 | 9 iyul 2020 | Cümə axşamı Məqaləyə 14050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onun yazısı günahlarının etirafıdır”

Mehdiyevə yeni ağır ittihamlar: “Ətrafinda qruplaşma yaradir, tapşırıq verir...”

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev barəsində səslənən ittihamlara reaksiya verib. O, bildirib ki, Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. PA rəhbəri onun barəsində açıqlamalar verən şəxsləri də hədəf götürüb.

Sitat: “Həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir”.

Qeyd edək ki, R.Mehdiyev barəsində ən kəskin fikirləri YAP-ın qurucularından sayılan, sabiq deputat, Xızının keçmiş icra başçısı Maksim Musayev və Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səsləndirib. Heç şübhəsiz ki, PA-nın sabiq rəhbərinin açıqlamasından gətirdiyimiz sitatda o, daha çox bu şəxsləri nəzərdə tutub. Hər iki şəxs yenidən mətbuata danışaraq, AMEA prezidentinə sərt formada cavab verdilər.

M.Musayev R.Mehdiyevi əqidəsizlikdə suçladı: “Onun yazdıqlarını bəyannamə adlandırıram, ”Ramiz Mehdiyevin onu tənqid edənlərə qarşı bəyannaməsi". Ümumiyyətlə, o, tənqidə dözümü olmayan bir adamdır. Onu tənqid edənlərdən qisas almaq üçün bütün yollara əl atır, həmin şəxsləri “paraşoka” çevirməyə çalışır. Düzdür, indi vəzifəsi yoxdur. Vəzifəsi olsaydı, bəlkə məni toz edib göyə sovurmuşdu. Bəyannamədə göstərir ki, əqidəmdən dönməmişəm. Bəyəm səndə əqidə var ki, ay Ramiz, sən də ondan dönəsən. Olan şeydən dönürlər, Ramiz. Bəyannamədə onu da yazır ki, elmimiz qarşısında qoyulan vəzifələri yerinə yetirirəm. Mən də deyirəm ki, Ramiz, əzizim, səni 50 ildən çoxdur ki, yaxından tanıyıram. Bilirəm ki, elm barəsində anlayışın yoxdur. Sən elmdən uzaq bir adamsan. Sənə elmi əsərləri yazanların istəsən siyahısını mediada açıqlaya bilərəm. Elmin yolu indiki istedadlı gənclərdən keçir. Onların yolunu kəsmə. Çəkil o yoldan ki, gənclər öz istedadlarını nümayiş etdirsinlər".

F.Ağamalının da cavabı sərt oldu: “Kifayət qədər bəsit yazılmış fikirlərlə tanış oldum. Əslində çox qısa, lakonik şəkildə göstərdiyi etirazda barəsində mənim və digərlərinin dilə gətirdiyi həqiqətlər barədə konkret fikir söyləməkdən yayınır. Bununla o, barəsində deyilənlərin həqiqət olduğunu ortalığa qoyur. Mənim mətbuatda dərc olunan yazımdan sonra onunla bağlı bir neçə açıqlama getdi. Yazımı ölkənin 30-dan çox saytı tirajladı. Hətta bu gün də tirajlamaqdadır.

Maksim Musayev onunla bağlı ciddi faktları ortalığa qoydu. Xüsusi olaraq, onun komsomola kim tərəfindən təqdim olunması barədə dediyi faktlar maraq doğurdu. Bir erməninin təqdimatından sonra pillə-pillə irəli getmişdi. Digər tərəfdən, Maksim Musayevin Xızıda məcburi köçkünlər üçün tikdirmiş olduğu uşaq bağçasını qızının adına keçirməsi də bir həqiqətdir. Maksim Musayev kifayət qədər obyektiv, doğru-düzgün danışan bir insandır. Cəmiyyətdə hər kəs bunu bilir və onu yaxşı tanıyır. O, heç zaman nə konyunktura, nə də hansısa məqsəd üçün fikirlərini söyləmir. Qaraya qara, ağa-ağ deyən bir insandır. Uzun müddət Ramiz Mehdiyevlə bir yerdə işləyən və onu hamıdan yaxşı tanıyan Eldar Namazovun da ciddi bir yazısı getdi. O, hakimiyyətdən özü istefa verən şəxsdir. Sonrakı dönəmlərdə onu vəzifəyə dəvət ediblər ya yox, gedib, getməyib, bu haqda dəqiq məlumata malik deyiləm. Eldar Namazov təmənnasız bir insandır. O, Azərbaycan dövlətinə, milli istiqlalımıza çox bağlı bir şəxsdir. Fikirlərində də kifayət qədər obyektivdir. Dəfələrlə biz onun şahidi olmuşuq. Açıqlamalarda fərqli fikirlər ola bilər".

F.Ağamalı R.Mehdiyevin hakimiyyətlə problemlərinin olduğunu düşünür: “İndi hakimiyyətə xoş gəlsin deyə belə bir yazı verməyin arxasında hansı məntiq dayanır? Belə çıxır ki, bunun hakimiyyətlə problemi var. Onu tənqid edənlər ola bilsin ki, kiminsə diqqətini cəlb edir. Buradan isə o nəticə çıxır ki, bu şəxs özü haqqında yazılanları təsdiq edir. Sizin qəzetdə müəllif yazısı ilə çıxış etdim və bu yazı uzun müddətdən bəri aparmış olduğum müşahidələr, təhlillər nəticəsində qələmə alınmış bir yazı idi. Təbii olaraq bu yazını mətbuata verməmişdən qabaq xeyli ölçüb-biçib, yazı üzərində hər bir kəlmənin necə yerində olub-olmadığını fikirləşərək yazmışam. Orada dediklərimin hər biri həqiqəti özündə əks etdirir”.

Deputat AMEA prezidentini məhkəməyə müraciət etməyə çağırdı: “Maksim Musayevin dediklərinin hər biri həqiqətdir. Əgər o, Ramiz Mehdiyevin ünvanına Xızıdakı bağçaya görə böhtan atırsa, məhkəməyə versin. Digər tərəfdən Heydər Əliyevin əleyhinə danışmayıbsa, məhkəməyə müraciət etsin. Mənim dediklərim böhtandırsa, məhkəməyə versin. Eldar Namazovun dedikləri iftiradırsa, böhtandırsa, məhkəməyə üz tutsun. Onun haqqında yazılanlar, deyilənlər əsl simasını, kim olduğunu ortalığa qoyan fikirlərdir, rəylərdir. Prezident tərəfindən ona böyük hörmət bəslənildi, diqqət yetirildi, ən yüksək ordenlə təltif olundu, Milli Elmlər Akademiyasının prezidenti oldu. Baxmayaraq ki, ömrü boyu ölkə prezidentliyi titulu arzulayırdı. Amma AMEA-nın prezidenti olması titulu tərcümeyi-halına düşdü. Düşünürəm ki, o, Elmlər Akademiyasında heç bir yenilik edə bilməyəcək. Ona verilən qiyməti dəyərləndirib, digər yüksək vəzifədən gedən insanlar kimi fəaliyyətini davam etdirsəydi, bu başqa bir məsələ olardı. Ölkədə çoxsaylı yüksək postlar tutanlar olub və vəzifədən gedəndən sonra necə davrandıqları ortadadır. Artur Rasi-zadə uzun illər boyu baş nazir kimi çalışdı. Çıxandan sonra nəcib bir insan kimi öz istirahəti ilə məşğuldur. Rəhmətlik Murtuz Ələsgərovun da adını çəkməmək olmaz. Milli Məclisin sədri kimi ölkədə prezidentdən sonra ikinci şəxs idi. Parlamentin sədrliyindən gedəndən sonra yerində oturdu, ömrünü yaşadı. Allah ona qəni-qəni rəhmət eləsin. Öz həyatını çox nəcib bir şəkildə başa vurdu. Oqtay Əsədovu da qeyd etmək olar. Neçə müddət Milli Məclisin sədri oldu. Onlar vəzifəcə Ramiz Mehdiyevdən yuxarıda olublar. Dövlət üçün heç bir problem yaratmadılar. Amma Ramiz Mehdiyev ətrafında qruplaşmalar yaradır, tapşırıqlar verir ki, bunu edin, onu etməyin. Əl çəkin bu dövlətdən. O, sifarişləri yerinə yetirir. Azərbaycan dövlətini zəiflətmək üçün əlindən gələni etməyə çalışır. Bütün bunlar nəticə etibarı ilə Ramiz Mehdiyev haqqında yazıların ortaya çıxmasını şərtləndirdi. Onun bütün günahı özündədir. Özünü elə apara bilərdi ki, haqqında yaxşı fikirlər səslənə, yazılar yazıla bilərdi. Ancaq bunu etmədi. Görünən odur ki, etmək də fikrində deyil. Ona görə də düşünürəm ki, onun bu yazısı əslində günahlarının başqa bir formada etirafıdır”.