vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
15:56 | 24 iyul 2020 | Cümə Məqaləyə 19095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Evdə qal, oxu”, amma nə ...

Kitab dükanları niyə açılmır?

Şahbaz XUDUOĞLU

Kitab cəmiyyətin zərif üzüdür. Azca gərginlik yarananda kitab dərhal böhrana düşür: oxunmur, yaddan çıxır, dükanlar qapanır, kitabxanalar bağlanır.

Siyasi aktivlik olanda oxumaq passivləşir. İnqilabi ruh toxtayana qədər kitab oxunmaz.

Cəbhədə gərginlik yarananda havası kitabı vurur. Pandemiya da kitabı əzdi: dükanlar qapandı və hələ də işləyə bilmir.

Karantinin ilk günlərində evdə oturmaq bir az əyləncəli gəlirdi. “Bir az düşünməyə, oxumağa vaxt qazandıq” kimi düşünənlər də vardı. İlk aylarda “online” kitab satışı artdı. Bu, gündəlik satılan kitabın cüzi bir hissəsini təşkil etsə də, bazarda dinamik əhval yarada bilirdi.

“Evdə qal, kitab oxu”, amma nə oxusun? “Online” çatdırma bizdə çox zəif durumda idi. E-kitab da yox. Nəşriyyatlar buna hazır deyildilər. Heç kitab dükanları da. Dükanlar “online” işləməyi hələ indi-indi qaydaya salmağa çalışır...

Bəs dünya kitabı COVİD-19 dönəmini necə yaşayır?

Aprelin 20-dən Almaniyada kitab dükanları yenidən işləməyə başladı. Xatırladım ki, Berlində COVID-19 dönəmində kitab dükanları ümumiyyətlə, bağlanmayıb.

1 ay qapalı qalandan sonra kitab dükanlarının cəmiyyət üçün əvəzedilməz olduğu qənaətinə gəldilər və ölkə boyu işləməsinə icazə verildi. Alman Naşirlər və Kitabçılar Assosiasiyasının məlumatına görə, 4 həftə ərzində kitab dükanlarına 543 milyon avro ziyan dəyib. Kitab dükanları açıq olsa da, alıcılıq xeyli aşağı düşüb: həm dükanlara gələnlər azalıb, həm də insanlar öz xərclərini azaldır.

Türkiyədə də kitab dükanlarının əksəriyyəti işlədi. Türkiyə Yayınçılar Birliyi “Pandemiya günlərində bölgələrdə kitab evlərinə dəstək olalım” şüarı ilə cəmiyyətə müraciət etdi. Dövlət kreditlər və yardımlarla kitab sektorunu əvvəlki halına qaytarmağa çalışır.

Bəzi yerlərdə vətəndaş cəmiyyətinin təmsilçiləri evdə qalanlara ərzaqla yanaşı, KİTAB YARDIMI kampaniyası da təşkil etdilər.

Beynəlxalq yarmarkalar təxirə salındı. Düzdür, Frankfurt hələ də oktyabrda nəzərdə tutulan yarmarkanı keçirməyə ümid edir.

“American Association of Publishers” (AAP) kitabçılara və kitabxanalara dəstək almaq üçün Konqresə məktub göndərdib. Konqresdən istənilən məbləğ 2 milyard dollardı.

Britaniya dövləti 100 faizlik zəmanətlə aşağısı 50 min funtdan başlayaraq, naşirlərə, kitabçılara kreditlər şəklində yardım etməyə başlayıb.

Dünyanın hər yerində müxtəlif formalarda kitaba dəstək olmağa çalışırlar. Bəzi yerlərdə dövlət kitabxanalar üçün nəşriyyatlardan daha çox kitab almağa başladı, hansı ki, bu da yardımın bir formasıdır. Vergilərdən, kommunal ödənişlərdən azad etdilər.

Bəs bizdə?

...Belə bir vəziyyətdə dükanlarını dayandırmaq kitabı daha da böhranlı duruma sürükləyir. Çox istərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi dövründə kitab dükanlarının işləməsinə icazə verilsin.