Mehdiyev adına məhbus ailəsi
Neçə könüllü var?
İqtidar komandası içərisində baş verən çəkişmələrin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun komandasını məğlub etməsi ölkədə uzun illərdir görünməyən ovqat yaradıb. Boz kardinalın öz rənginə boyadığı ölkə havasından əziyyət çəkən hər kəs sevinc içərisindədir. İnsanlar sanki uzun illərdən sonra Şərə qalib gəliblər, “Divin” şüşənin içərisində olan ürəyini ələ keçiriblər. Hərə Mehdiyevin sındırılmasını və haqq etdiyi şəkildə cəzalandırılmasını öz çapına uyğun tərif edir – ironiya, tənə, söyüş, qarğış, karikatura... millət Mehdiyev xofundan illərdir içərisində saxladığı bütün yaradıcı potensialı üzə çıxarıb.
Hakimiyyətin yaxın günlərə qədər rəqiblərinə qarşı artilleriya kimi qullandığı Siyavuş Novruzovun “müsibəti” isə böyük ehtimalla, hələ uzun illər satqınlığın, boşboğazlığın fəlakət dərəcəsində pis örnəyi kimi dillərdən düşməyəcək. Əfqanıstan prezidentin Nəcibulladan medal aldığını, Əfqanıstanda Sovet Ordusunun kəşfiyyat rəislərindən biri olduğunu iddia edən Novruzovun adekvatlıq dərəcəsinin hakimiyyət sözçüsü normasından çox-çox aşağı olduğunu çox adam görür və dərk edirdi. Amma himayəçisi hələ gücünü qoruya bildiyindən ölkə iqtidar düşərgəsinin mövqeyini onun dilində eşitməyə məcbur idi. Əgər adekvatlıq dərəcəsinin şkalası yerindən tərpənmiş olsaydı o, toya dəvət edilməsilə bağlı detalları açıb siyasi karyerasını birdəfəlik məhv eləməzdi.
Novruzov elə böyük səhv edib ki, artıq hakim partiya içərisində onun deputat mandatının da alınması ilə bağlı fikirlər səslənməkdədir. YAP-dan gələn xəbər axını yaxınlarda partiya qurultayının keçirilməsi ehtimalını da yüksəldir. Yada salaq ki, sonuncu dəfə iqtidar partiyası 2018-ci ildə qurultay keçirib. Əgər YAP yaxın həftələrdə qurultay qərarı versə, yarandığı gündən ilk dəfə vitrini köklü şəkildə dəyişəcək. Çünki köhnə komanda ilə yeni dönəm yaratmağın mümkünsüzlüyü artıq gün kimi aydındır. İndidən deyə bilərik ki, Ramiz Mehdiyevə sığınanlar qurultayda yalnız pandemiya səbəbilə maskalı oturmağa məcbur olduqları üçün nəfəs darlığı yaşamayacaqlar...
1993-cü ildən bu yana Azərbaycana rəhbərlik edən YAP komandasında sonuncu ciddi təlatüm 2005-ci ildə baş verib. O təlatüm partiyanın qurucularından və məhrum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna xidmətləri olan Əli İnsanovun və YAP-ın gənc və perspektivli kadr kimi irəli çəkilən üzvü Fərhad Əliyevin həbsi ilə sonuclanıb. 15 il öncəki olayların üzərində sürətlə keçərək bir məqamı vurğulayaq ki, Fərhad Əliyev uzun həbs həyatından sonra siyasi səhnəyə dönmədi, Əli İnsanov isə siyasi partiya yaradaraq narazıları çevrəsinə toplamaqla məşğuldur. Ancaq onun siyasi səhnədə bəzilərinin gözlədiyi kimi yeni axın yaradacağı hələlik görünmür. Həbsdən çıxandan sonra 2-3 siyasi bəyanatı ilə gündəm yaratmağa cəhd edən İnsanov HƏP-i qurandan sonra daha susqundur. Bunu onun hakimiyyətlə anlaşması kimi dəyərləndirənlər də var. Susqunluğun səbəbini İnsanovun xəyallarını gerçəkləşdirmək üçün uyğun zaman gözləməsi, yaranan fasilədə “vurulanlarla” danışıqlar aparması ilə bağlayanlar da var. Siyasət birxətli olmadığı üçün hər iki ehtimal baş verə bilər. Hər halda, İnsanov “köhnələrin” təmsilçisidir və çıxışlarındakı vurğudan da aydın görünür ki, hakimiyyət komandasını bütövlükdə hədəf almadan, iç çəkişmələrdə regionçuluq faktorunu qabardanlara ara-sıra mesajlar göndərir. İqtidar partiyasından uzaqlaşdırılanların siyasi səhnədə qalmaq, eləcə də İnsanovun timsalında “lap köhnələr”lə işbirliyi qurmaq imkanlarının dərəcəsi yaxın həftələrdə baş verən proseslərdə bilinəcək.
İndilik görünən odur ki, prezident İlham Əliyev ən kiçik yanlışlığı belə bağışlamaq fikrində deyil - özfəaliyyətlər çox sərt cəzalandırılır. Karantin dönəmində toy etməklə inzibati xəta törətmiş Mehdiyev ailəsi üzvlərinin məhkəməyə qandalda gətirilməsi iqtidar qəzəbinin pik nöqtədə olduğunu göstərdi. Prezidentin yaxın çevrəsinin vurulanlar haqqında çox sərt ittihamlar irəli sürməsi də bunu sübut edir. Milli Məclis sədrinin müavini Adil Əliyevin Goranboy cəbhəsində həbs edilən erməni kəşfiyyatçısının ələ keçirilməsinə “daha düşmənlə birlik olub üzərimizə gələ bilməyəcəklər” deməsi çox ağır ittiham olmaqla yanaşı onu göstərir ki, Ramiz Mehdiyevin iqtidar qarşısındakı günahı nəvəsinə toy etməkdən çox-çox böyükdür.
Hələlik Mehdiyev bu ittihama cavab verməyib. Ancaq toy və Səyavuş Novruzovun açıqlamalarına cavabı belə düşünməyə əsas verir ki, uzun illərin saray yönəticisi həyatının ən çətin dönəmini yaşayır və dəngəsini itirdiyi üçün özünü təmizə çıxarmaqdan ötrü verdiyi açıqlamalar əks effekt yaradır, onu daha dərin sularda batırır. Qurduğu, tam nəzarətdə saxladığı, intriqalarla idarə etdiyi və hüceyrələrinə qədər bələd olduğu iqtidar artıq onun sistemindən çıxıb və öncə onun özünü hədəf alıb. Hakimiyyət bütün arsenalı ilə onun üzərinə gəlir.
Sözsüz ki, Ramiz Mehdiyev bu münasibəti haqq edib. O, Azərbaycanın xarici qüvvələrdən asılılığını təmin edən əsas fiqur olub (vitse-spiker Adil Əliyevi dili ilə iqtidar bunu artıq açıq deyir), korrupsiya və rüşvət maşınının başında durmaqla eybəcər idarəetmə forması yaradıb. Vətəndaşı hakimiyyətdən narazı salan icra başçılarından nazirlərə, deputatlara qədər hansının dosyesini incələsək, vəzifəyə Mehdiyev xətti ilə gəldikləri ortaya çıxar. Belə bir durumda, iqtidarın Mehdiyev tör-töküntülərini hakimiyyətdən tam uzaqlaşdırmaq üçün ən sərt cəza metodları seçməkdən başqa çıxış yolu qalmır. Yumşaq davranış onlara yenidən revanş şansı qazandırar...
Prezident İlham Əliyevin “köhnələr”lə mübarizədə ən böyük üstünlüyü vətəndaşın bu prosesdə ona və yeni komandasına çox güclü dəstək verməsidir. Fiziki ömürlərinin ciddi bir hissəsini yaşasalar da hakimiyyətdə öz ailə üzvləri vasitəsilə əbədi qalmaq istəyənlərə qarşı savaş açıq müstəviyə keçdikcə prezident İlham Əliyevi müdafiə edənlərin sayı artır. Çünki artıq belə davam edə bilməz. Azərbaycan bundan artıq yıpradıla bilməz.
Korrupsiya yolu ilə əlində nəhəng kapital toplayan keçmiş hakimiyyət ortaqlarının nüfuz dairələrini sürətlə daraltmağın yollarını iqtidar çox gözəl bilir. Onları sıradan çıxarmağın yollarından biri də ölkədə şəffaflıq mühitinin yaradılmasıdır. Şəffaf mühitinin işığı qaranlıq əməllərinə düşdükcə üzərinə duz səpilmiş ilbizə dönürlər.
Vətəndaşın gözləntisi isə Azərbaycan dövlətinə qarşı kirli planlara ortaq olanların, onların ailə üzvlərinin, idarəetməyə yerləşdirdikləri “mina”ların sürətlə vəzifədən kənarlaşdırılmasıdır. “Bununla narazıların sayı artacaq” deyənlərin isə ağzından vurmaq gərəkdir. Ramiz Mehdiyevin kürəkəninin qandallandığı gün qəfil efir mikrofonları ilə üzləşən hakimiyyət mənsublarının qorxu dolu gözləri, yuxarı-aşağı gedən hülqumlar “deyir” ki, ehtiyac yaranarsa, 3-5 səs-küylü həbs narazılıq eşqinə düşənlərin həvəsini tamamilə öldürmək gücündədir. Ağlı başında hansı məmur, ya da eks-məmur iqtidarla uzlaşmağı qoyub Ramiz Mehdiyev adına məhbus ailəsinin üzvü olmağı seçər?
Azərbaycan kimi ölkələrdə islahatın başqa yolu olmur. Tam sürətlə irəli...