vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:48 | 8 may 2022 | Bazar Məqaləyə 873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nasionalizmlə nasizmin fərqi ...

... və ya Rusiya cəmiyyətinin kodları

Natiq CƏFƏRLİ

İkinci Dünya Müharibəsindən sonra SSRİ təbliğatı “faşizm, nasizm, nasionalizm” kimi terminlərin izahını, onların öyrədilməsini, təbliğatını öz səhv, dağıdıcı, təbii olmayan ideologiyasına uyğunlaşdırdı. “Alman faşizmi” deyimini o qədər geniş yaydılar ki, sovet insanında “faşizm” sözü almanlara aid edilirdi. Əslində “faşizm” 1920-ci illərdə İtaliyada yaranmış cərəyan idi, sonra bütün dünyaya yayıldı, bu gün də var, çox güman, sabah da olacaq.

İkinci Dünya Müharibəsindən öncə və müharibə zamanı insanlığa qarşı cinayətləri bir çox ölkələr törətdilər, biz ancaq “Nuremberq tribunalını” xatırlayırıq, halbuki, “Tokio tribunalı” da olub, Yaponiya “faşizmi” də yarğılanıb. Amma SSRİ qalib ölkələr sırasında olduğu üçün “sovet faşizmi” yarğılanmadı, öyrənilmədi, cinayətlər ört-basdır edildi. Müharibədən öncə milyonlarla insanı qətl edən “Stalin faşizmi”, müharibə zamanı həmin rejimin Şərqi Avropada törətdiyi vəhşiliklər cavabsız, öyrənilməzdən qaldı və cəzasızlıq yaratdı. 

Əslində İkinci Dünya Müharibəsinə qədər “sovet xalqı” anlayışı yox idi, yaranmadı, rejim o qədər qəddar, mənasız və insan təbiətinə yad idi ki, ancaq repressiyalarla ayaqda qalmağı bacarırdı. Amma müharibə olmasaydı, çox güman, SSRİ 40-cı illərdə dağılacaqdı, “sovet xalqı” anlayışını, məfhumunu məhz müharibə formalaşdırdı. Heç də təsadüfü deyil ki, Stalin rejimi 30-cu illərdə Hitler nasizminə simpatiya ilə yanaşırdı, hətta 1939-cu ilin 23 avqustunda “Molotov–Ribbentrop” aktı imzalandı, Avropanın diktatorlar arasında ilkin bölüşdürülməsi baş verdi. Hitler rejiminin ən vacib ticarət tərəfdaşlarından biri SSRİ idi – bəli, təəccüblənməyin, o zaman SSRİ-dən Almaniyaya taxıl, ərzaq, metal, neft və s. məhsullar ixrac edilirdi, bu isə Almaniya rejiminin güclənməsinə xidmət edirdi. Bəlkə də məhz buna görə Stalin son ana qədər Hitlerin SSRİ-yə hücum edəcəyinə inanmırdı. 

Bu gün Rusiyanın Ukraynada etdiklərinə Rusiya xalqının böyük əksəriyyətinin susqun qalması, hətta dəstək verməsinin ən böyük səbəbi İkinci Dünya Müharibəsindən sonra “sovet faşizminin” yarğılanmamasıdır. Cəmiyyət özünüqoruma instinkti ilə hərəkət edir (təbliğat öz yerində, bunun da böyük payı var), Rusiya cəmiyyəti və xalqı, “biz faşist ola bilmərik, biz işğalçı ola bilmərik, biz şəhərləri dağıda, uşaqları qətl edə bilmərik, biz silahsız insanları öldürə bilmərik”, kodları üzərinə düşünür və davranır. Bu isə SSRİ təbliğatının bu günə olan əks-sədasıdır. Rusiyalılar təbliğata inanmaq istədikləri üçün inanırlar - əslində alternativ mənbələr tapa, öyrənə bilərlər, amma etmirlər, çünki özünüqoruma instinkti ilə davranırlar. Əgər onların beyni qəbul etsə ki, Rusiya da faşistlər kimi davranır – bu zaman iç dünyaları çökər, ayaqlarının altından yer qaçar və hərəkətə keçməyə başlayarlar. Öz hərəkətsizliklərinə, etiraz etmək istəmədiklərinə haqq qazandırmaq üçün rəsmi təbliğata inanmağa üstünlük verirlər. 

Mən İkinci Dünya Müharibəsinin nəticələrinin yaddan çıxarılmasının, bu günün, 8 May gününün nasizm üzərində qələbə kimi qeyd edilməməsinin də əleyhinəyəm. Bu qələbədə bütün SSRİ xalqlarının, Avropa xalqlarının, ABŞ, Kanada və Avstraliya ordularının da böyük payı var – nədən bu qələbəni Rusiyaya, ruslara təslim etməliyik ki?! Almaniya məhz 8 May tarixində kapitulyasiya imzalayıb – bu 20-ci əsrin ən böyük faciəsinin bitməsi günüdür, bu günün önəmini azaltmaq olmaz. 

Əgər bu günü unutsaq dünyada nasizmlə nasionalizmin fərqini də qarışdırmış olacağıq – İndiki Rusiyada məhz nasizm çiçəklənir, sağlam nasionalizm (millətçilik) bütün ölkələrdə var, çox güman, olacaq və artacaq da, çünki belə qəliz zamanlarda mütləq millətçilik önə çıxır. Sivil dünyanın boynunun borcudur ki, nasionalizmin nasizmə yuvarlanmasının qarşısını alsın, nasizm kimi insanlıq bəlasının dünyada kökünü kəssin. Sağlam millətçilik ideologiyası siyasi xətlərdən biridir – bunu qəbul etmək də olar, etməmək də, bu cərəyanın cavabı ancaq seçkilərdə verilməlidir. Düşünürəm ki, bütün ölkələrdə, o cümlədən Avropada nasionalizm (millətçilik) sürətlə artacaq, Bəşəriyyətin əsas vəzifəsi bu cərəyanın seçki çərçivəsində qalmasına nail olmasıdır. Dünyada ümumiyyətlə ideologiyalar böhranı yaşanılır, belə zamanda millətçilik önə çıxır, çıxacaq da – amma bunu etnik səviyyəyə endirməmək üçün yeni, daha cəlbedici yanaşma lazımdır, bu da Vətəndaş Millətçiliyidir, yəni, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın rifah içində, hüquq çərçivəsində yaşamasıdır...