vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
12:29 | 12 iyun 2022 | Bazar Məqaləyə 4720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əlbəttə, görüşərik”

Anarın povest və hekayələr kitabı özbək dilində

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın özbək dilində çap olunan “Əlbəttə, görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib.

Daşkənddəki “Tamaddun” nəşriyyatında işıq üzü görən 350 səhifəlik kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist və tərcüməçi, “Gülüstan” jurnalının baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba əhatəli ön söz də yazıb.

Tədbirdə Özbəkistanın mədəniyyət, ədəbiyyat xadimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, tələbələr iştirak ediblər.

Təqdimatı Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid açaraq Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Anarın həyatı və yaradıcılığı haqqında məlumat verib, onun həm əsərlərinin keçmiş SSRİ, həm də müstəqillik dövründə Özbəkistan oxucuları tərəfindən sevilərək oxunduğunu, Daşkənddə əsərlərinin dəfələrlə çap olunduğunu diqqətə çatdırıb. 

AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələr haqqında danışaraq, Azərbaycan ədəbiyyatına göstərilən diqqətə görə Özbəkistan Yazıçılar İttifaqına təşəkkürünü bildirib. Qeyd edib ki, Xalq yazıçısı Anar çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri ilə oxucuların qəlbində yer tapıb və ədəbiyyat tariximizdə mühüm mövqeyə malikdir. Vurğulanıb ki,  əsərləri müxtəlif ölkələrdə, o cümlədən Özbəkistanda dəfələrlə çap edilən ədib, eyni zamanda ssenarist, rejissor kimi də milli kinomuza maraqlı ekran əsərləri bəxş edib.

Filologiya elmləri doktoru, professor Nurbay Jabbor, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvi, dosent Gülbahar Aşurova, Daşkənddə özbək dilində çap olunan “Cahon adabiyyati” jurnalının baş redaktoru Əhmədcan Melibayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Olimjon Davlatov və başqa çıxış edənlər kitabın müəllifi haqqında fikirlərini bölüşüblər.

Tərcüməçi Mamatkul Hazratkulov çıxış edərək Azərbaycan ədəbiyyatını çox sevdiyini, Anarın əsərləri ilə yanaşı, bir sıra yazıçılarımızın əsərlərinini də özbək dilinə çevirdiyini və bu işi davam etdirəcəyini deyib.

Sonda kitab oxuculara hədiyyə edilib. Kitabda Anarın “Dantenin yubileyi” və “Ağ qoç, qara qoç” povestləri, “Gürcü familiyası”, “Köhnə ilin son gecəsi”, “Etibar”, “Zəncir”, “Əl əli yuyar”, “Bir stəkan su” və digər hekayələri toplanıb.