vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
13:12 | 21 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yorğana” böhtan atanlar

“Donosvari” şikayətlər əsasında yazılan “ekspertiza işi”

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası nəzdində Venesiya Komissiyasının (VK) “Media haqqında” qanun barədə yekun rəyi nəinki Azərbaycan qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi-normativ aktlara zidd iddialar toplusundan başqa bir şey deyil.

Venesiya Komissiyasının Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn, həmçinin əksər Avropa ölkələrində tətbiq olunan məhdudlaşdırıcı halların, hüquqi çərçivə və standartların, lisenziyalaşdırılma ilə bağlı prosedur qaydalarının “Media haqqında” Azərbaycan Respublikası Qanunundan çıxarılması barədə mülahizə yürütməsi ən yaxşı halda siyasi və hüquqi riyakarlıq nümunəsidir

Belə ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”.

Göründüyü kimi, sözügedən konvensiyada söz, fikir və ifadə azadlığının lisenziyalaşdırma tələbi üçün mane olmadığı bildirilsə də, Venesiya Komissiyası Azərbaycana münasibətdə bunun əksini düşünür və hesab edir ki, bizim ölkəmizdə “platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir”. Niyə? Nə üçün? Səbəbi bilinmir. Çünki əlahəzrət simasız Avropa Şurasının nəzdində Venesiya Komissiyası belə istəyir və təbii ki, başından böyük qələt edir!

Venesiya Komissiyası, eyni zamanda hesab edir ki, “Media haqqında” qanunda yer alan  məzmunla bağlı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır. Halbuki sözügedən qanunda məzmunla bağlı hüquqi çərçivələr elə Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə uyğun və bəlkə də daha yumşaq şəkildə tərtib olunub. Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndi haqqında yuxarıda söz açdığım üçün təkrarlamağa ehtiyac duymuram. 10-cu maddənin 2-ci bəndində isə bildirilir ki, 1-ci bənddə yer alan “azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.

“Media haqqında” qanunu dəfələrlə oxuduğuma baxmayaraq, Venesiya Komissiyasının təqdim etdiyi əsaslandırılmamış və arqumentləşdirilməmiş müddəalara yenidən nəzər saldım və bir daha əmin oldum ki, sözügedən qanunda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudlaşdırıcı hallardan kənar heç nə yoxdur.

Bu baxımdan, maraqlıdır, görəsən Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı yekun rəy hazırlayan ekspertləri istinad etdikləri Konvensiyanı oxuyublar, yaxud elə gözlərini yumub qərəzin kök saldığı qafalarından keçən nə varsa kompyüterin yaddaşına köçürüblər? Adını da qoyublar “Yekun rəy”.

Əslində, Venesiya Komissiyasının “Yekun rəy”ində yer alan ilk iddiadan da VK başbilənlərinin “qarın ağrısı”nın nədən ibarət olduğu açıq-aşkar nəzərə çarpır.

Venesiya Komssiyasının əsas dərdi, “Media haqqında” qanunun 26-cı maddəsidir. Yəni “Media subyektinə dair tələblər” və əsasən də bu tələblərin xarici ölkə vətəndaşları ilə bağlı hissəsi.

Venesiya Komissiyası hesab edir ki, “Media haqqında” qanunda yer alan xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair məhdudiyyətlər ləğv edilməlidir.

Maraqlıdır, o zaman Venesiya Komissiyası hansı səbəblərdən Rusiyaya məxsus informasiya resurslarının fəaliyyətinə və yayımına qadağaların tətbiq edilməsi ilə bağlı Avropa Komissiyasının, eləcə də Avropa İttifaqına üzv olan ölkələrin hökumətlərinə etirazlarını bildirmir? Avropa Komissiyası, Aİ üzvü olan ölkələr, ABŞ, Kanada və digərləri hansı səbəblərdən öz informasiya təhlükəsizliklərinin qayğısına qalırlarsa, Azərbaycan da həmin səbəblərdən qalır. Bir çox Avropa ölkələrində media resurslarının xaricdən maliyyələşməsinə məhdudiyyətlərin tətbiq edildiyi halda, Azərbaycandan informasiya məkanını xarici agentlərin ayaqları altına döşəməyi tələb etmək, bağışlayın, amma siyasi əxlaqsızlığın nümunəsidir.

Venesiya Komissiyasının iddiaları o qədər bəsit və qərəzlidir ki, doğrusu, komissiya üzvlərinin “Media haqqında” qanunu oxuduqlarına şübhə edirəm. Əgər oxusaydılar, başa düşərdilər ki, qanun çap, onlayn media məhsullarının nəşri, yayılması üçün heç bir məhdudiyyət yaratmır. Bunun üçün daha əvvəllər olduğu üçün müvafiq icra orqanlarının məlumatlandırılması yetərlidir. Media Reyestrinin isə media resursunun qeydiyyata alınması, nəşri, yayımı ilə heç bir əlaqəsi yoxdur.

Bu qədər... Venesiya Komissiyasının “Yekun rəy”i ilə tanış olduqdan sonra gəldiyim yekun qənaət ondan ibarətdir ki, sözügedən komissiyanın ekspertlərinin iddiaları onlara təqdim olunan “donosvari” şikayətlər əsasında yazılıb və qanun üzərində heç bir ekspertiza işi aparılmayıb. “Donosyazanlar” isə narahat olmasınlar. “Qrant”larını bundan öncə hansı üsul və vasitələrlə alırdılarsa, yenə də eyni üsul və vasitələrlə alacaqlar. Kəsəsi, “yorğana” böhtan atmasınlar. Çünki başları da, ayaqları da başqa yerlərdə “isinir”.