Bakıdan “yox” cavabı alan Rusiyanın qisası
Lavrovun imzaladığı sazişin mürəkkəbi qurumadan Kreml onu pozdu
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Azərbaycan sülh prosesini dəstəkləyən ən fəal tərəfdir. Bunu Qərb də yaxşı anlayır, Rusiya da yaxşı bilir. Amma tək Bakının bu aktivliyi Ermənistanı danışıqlar masası arxasında uzunmüddətli sülhə nail olmaq üçün kifayət etmir. Biz bunun 44 günlük müharibənin bitməyindən sonra geridə qalan ilyarımdan çox müddət ərzində də şahidi olduq və indi də bu prosesdə hər hansı bir ciddi dəyişikliyi müşahidə etmirik.
İrəvanın 10 noyabr üçtərəfli bəyanatından tutmuş, Brüssel görüşlərində əldə olunan razılıqlarda götürdüyü öhdəliklərə kimi icra etməyi üçün mütləqdir ki, Qərb və Moskva Ermənistana təzyiqləri artırsınlar. Çünki Bakının təzyiqi fonunda sözügedən tərəflər ümumi orkestrdən geri qalırlar, xüsusilə də bu mənada Moskvanın adını çəkə bilərəm.
Eyni şeyi Tehrandan birbaşa Bakıya səfərə gələn Rusiya Xarici işlər naziri Sergey Lavrova Azərbaycan Prezidenti də bildirib. Dövlət başçısı Bakıda baş tutan görüş zamanı Rusiya XİN rəhbərinə “Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik” deməklə rəsmi Moskvanın regionda uzunmüddətli sülh naminə gördüyü işlərin yetərsiz olduğu mesajını vermiş olub.
İlham Əliyev bu açıqlama ilə rəsmi Moskvanı əməlli-başlı səhlənkarlıqda ittiham etmiş oldu desək, yanılmaram. Dövlət başçısı bu məsələdə məsuliyyət daşımalı olan əsas tərəflərdən biri kimi Rusiyanı göstərdi və istər Zəngəzur dəhlizi ilə Naxçıvana yük və vətəndaşlarımızın çatdırılması (İlham Əliyev: “Ümid edirik, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir” – red.), istərsə də regionda sülhün bərqərar olmasında Moskvanın öhdəlikləri olduğunu xatırlatdı. Ölkə başçısının Lavrovla görüşü zamanı bu ifadələrindən açıq aydın olur ki, Azərbaycan Kremlin regionda sülhdə çox da maraqlı gorünmədiyini, bu istiqamətdə hər hansı bir fəallıq, yaxud da rəsmi İrəvana bu kontekstdə hansısa təzyiq etmək istəmədiyinin fərqində olduğunu Rusiya XİN rəhbərinin nəzərinə çatdırdı və sərhədlərin delimitasiyası, eləcə də sülh məsələsi istiqamətində Moskvanın fəaliyyətindən Bakının narazılığını ifadə etmiş oldu.
Belə aydın oldu ki, Lavrovun Bakı səfərində çantasında əsas 3 məsələ yer alırdı:
– Moskvanın Azərbaycan-Ermənistan məsələsində üzərinə götürdüyü sülh missiyasını, moderatorluğu Qərbdən qoparmaq
Lavrovun Bakı turnesinin əsas məqsədlərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə bağlı məsələlərə təkan verməkdir. Əslində Lavrovun Bakı səfəri zamanı gözlənilirdi ki, əsas müzakirə predmeti sərhədlərin delimitasiyası ilə bağlı olacaq. Çünki Rusiya tərəfi son vaxtlar bu istiqamətdə fəal vasitəçilik missiyası həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Çünki son vaxtlar Avropa İttifaqının bu istiqamətdə fəallaşması müşahidə olunmaqdadır. Rəsmi Moskva isə sülh prosesinin onun nəzarətindən kənar həyata keçirilməsini özü üçün arzuolunmaz hesab edir. Ona görə də, bu məsələyə xüsusilə həssas yanaşdığından Rusiyanın vəziyyəti ələ alaraq moderatorluqda əsas tərəf kimi fəaliyyətini var gücü ilə davam etdirmək niyyətində kimi görünür.
Əslində Bakıya sərhədlərin delimitasiyası və sülh məsələsində kimin (Bunun Moskva, yaxud Avropa İttifaqı olmasının Bakı üçün bir fərqi yoxdur – red.) vasitəçilik etməsindən daha çox, praktiki addımların atılması istiqamətində keyfiyyətli işlərin görülməsi daha önəmlidir.
Rusiyanın fəal vasitəçilik mövqeyindən çıxış etməsi Azərbaycan üçün həm də ona görə vacibdir ki, bu ölkənin Ermənistan üzərində çox böyük təsir imkanları var. Yəni Rusiyanın prosesdə iştirakı Ermənistanın təxribat xarakterli manevr cəhdlərini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da İrəvanın üzərinə götürdüyü öhdəlikləri qısa zamanda icra etməsinə imkan yarada bilər.
– Azərbaycandan silah daşınması üçün tranzit yol kimi istifadə
Rusiya XİN rəhbərinin Bakı səfərindən öncə Tehrana getməsi bəzi maraqlı məqamlarla bağlı iddiaları artırır. Onun İran səfərinin əsas məqsədlərindən biri Rusiyanın vaxtilə istehsal edib, İrana satdığı hərbi texnikaları yenidən onlardan geri almaq variantı çox inandırıcı görünür. Çünki Ukrayna ilə müharibədə artıq Rusiya demək olar ki, silah-sursatının, hərbi texnikasının böyük bir hissəsini itirib. Hazırda Rusiyanın uzunmüddətli müharibə üçün yetəri qədər hərbi texnikasının olmadığı barədə məlumatlara istinad etsək, o zaman Lavrovun Tehran səfərinin Şərqi Avropaya silah daşımaq məqsədi güddüyünü ortaya atmış olur.
Ona görə də, Rusiya vaxtilə İrana satdığı həmin o silah, texnikaları yenidən alıb gətirmək niyyətindədir ki, bunu da İrandan çıxarmaq üçün Rusiyanın əsasən 2 yolu var. Azərbaycan ərazisindən keçməklə Xəzər dənizi vasitəsi ilə və Ermənistandan Gürcüstana, oradan da Rusiyaya...
Məhz bu səfər sonrası Moskva üçün ölüm-qalım məsələsi olan Ukrayna ilə müharibə fonunda Lavrovun birbaşa Bakıya gəlməsinin əsl səbəbini anlamaq çətin deyil. Amma görünür Lavrova Bakıda izah edildi ki, Azərbaycan heç vaxt bu münaqişənin tərəfi olmayacaq.
Təbii ki, rəsmi Bakının bu barədə mövqeyi öncədən də aydın idi. Həm Ukrayna, həm də Rusiya bizim strateji partnyorlarımızdır. Rəsmi Bakı müharibənin ən qısa zamanda dayandırılmasının və iki dövlət arasında sülh körpülərinin qurulmasında maraqlıdır. Azərbaycan bunun reallaşması üçün özünün vasitəçilik imkanlarını ortaya qoya bilər.
Rəsmi Bakı yaxşı anlayır ki, İrandan Ukraynadakı müharibəyə silah daşınması məsələsində Rusiyaya yol verilərsə, o ölkənin özü də Qərbin sanksiyalara məruz qalan dövlətlər siyahısında yer ala bilər. Hər iki kontekstdə məsələyə baxsaq, Azərbaycan öz regionunda sülh istəyən əsas tərəf kimi, Ukrayna-Rusiya məsələsində də tez bir zamanda sülhə nail olunması istiqamətində ən maraqlı tərəflərdən biridir.
– Moskvanın Cənubi Qafqazda 44 günlük müharibədən sonrakı vəziyyəti qaytarmaq niyyəti
Lavrovla Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun görüşü zamanı tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparmaqla yanaşı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.
Bununla da Moskva Ukrayna ilə müharibə məsələsində Rusiyanın apardığı savaşın tənqid olunmasının qarşısını almaq istəyir. Azərbaycan mediasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən açıq-aşkar materiallara ara verilməsi məqsədi güdür. Rəsmi Moskva yaxşı anlayır ki, Rusiyanın istər sülhməramlılarının Qarabağdakı “səhlənkarlığı”, Azərbaycan əleyhinə Rusiya media qurumlarında bir qrup ermənipərəst propoqanda tərəfindən aparılan qarayaxmalar və Ukrayna ilə müharibə Azərbaycanda birmənalı qarşılanmır, bu, Rusiyanın nüfuzunu Azərbaycanda ciddi zərbə altında qoyub.
Heç şübhəsiz ki, bu məsələdə Bakının Moskvadan edəcəyi daha çox tələb və istəkləri var. Çünki Rusiyada bir neçə rusdilli saytımız bloklanması azmış kimi Rusiyanın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımladı ki, bu da Azərbaycanda ciddi haqlı narazılığa səbəb oldu.
Bakı bu sazişlə Rusiyanın dövlət nəzarətindəki media qurumlarının Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamasına, bir də elə xoşagəlməz halların təkrarlanmamasına çalışdı.
Amma təəssüf ki, Rusiya deyəsən qaş düzəltdiyi yerdə göz çıxarmağı, Bakını daha da qıcıqlandırmağı düşünür. Belə olmasaydı ermənipərəst səyyah və bloger Aleksandr Lapşinin qanunsuz yolla yenidən Azərbaycan ərazisinə gəlib, Qarabağda erməni terrorçu Monte Melkonyanın abidəsini ziyarət edilməsinə şərait yaradılmazdı. Maraqlısı burasındadır ki, Lapşin Azərbaycan ərazisinə Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidən, onların blok-postlarından keçərək gedib.
Çox güman ki, Lapşin İrəvandan Xankəndinə gələn Ermənistan parlamentinin deputatları ilə birlikdə Qarabağa gəlib. Yəqin ki, Qarabağa səfəri hazırlanmış bir səfərdir və bu səfərin Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfəri ərəfəsində reallaşması nəinki təsadüfi deyil, hətta məqsədlidir. Çünki Qarabağda yerləşdirilinən Rusiya sülhməramlılarının Lapşini qanunsuz olaraq Azərbaycana buraxmasının başqa adı yoxdur.
Belə aydın olur ki, Rusiya Azərbaycanla müttəfiqlik, əməkdaşlıq haqqında nə qədər sənədə qol çəksə də, realda bunun tam əksini edir. Lapşini və erməni deputatları qanunsuz olaraq Xankəndinə buraxmaq Azərbaycana meydan oxumaqdan başqa bir şey deyil.
Bu azmış kimi Saqatelyan Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında min oyundan çıxır. Qarabağdakı ermənini qoydum bir kənara, Ermənistanın “Daşnaksütyun” partiyasının funksionerləri, qısacası Ermənistan vətəndaşları, revanşistlər Xankəndini, Xocalını, Əsgəranı, Xocavəndi gəzib, rayon-rayon Azərbaycan əleyhinə təbliğat aparır. Rusiya sülhməramlıları isə buna nəinki mane olmur, hətta onlara bunu etmək üçün münbit şərait yaradırlar.
Rusiyanın bu addımları kontingentin 5 ilin tamamında Qarabağdan çıxması məsələsini daha da aktuallaşdırır, bu məsələnin həyata keçməsi üçün Bakını tamamilə həmin istiqamətə fokuslayır.