vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
“Mən bundan narahatam” 00:14 | 21 iyun 2025 | Şənbə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən bundan narahatam”

Putinin III Dünya müharibəsi ilə bağlı açıqlaması: “Ehtimal artır”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən və təxminən 4 saat davam edən “əsas sessiya”da gündəmlə bağlı açıqlamalar verib.

Ukraynanı “təslim etməyə” çalışmadıqlarını bildirən Putin, “Biz meydandakı reallıqların qəbul edilməsini tələb edirik”, – deyib.

Rusiya ordusunun Ukraynanın Sumı bölgəsində irəliləməsindən danışan Putin, “Sərhəddə təhlükəsizlik zonası yaratmalıyıq. Çünki onlar (Ukrayna əsgərləri) artilleriya və pilotsuz təyyarələrlə oradan davamlı hücumlar təşkil edir” deyib.

Sumi bölgəsindəki dərinliyin 10-12 kilometr civarında olduğunu və regional mərkəzin Sumi şəhərinin ondan kənarda olduğunu bildirən Putin, “Biz Sumı almaq niyyətində deyilik, amma bunu istisna etmirəm”, – deyib.

Panelin moderatorunun Rusiya ordusunun Ukraynada nə qədər irəliləməyi planlaşdırdığı ilə bağlı sualını cavablandıran Putin, “Rus və Ukrayna xalqının bir xalq olduğunu düşünürəm. Bu kontekstdə bütün Ukrayna bizimdir. Rus ordusunun ayaq basdığı ​​yer bizimdir”, – deyib.

Ukraynanın Rusiyaya qarşı “çirkli bomba” istifadə etməsi ehtimalından danışan Putin, “Bizdə bunu təsdiqləyən hər hansı məlumat yoxdur. Ancaq Ukrayna çirkli bomba istifadə etsəydi, bu, çox böyük səhv olardı. Nüvə doktrinamız tələb edir ki, biz eyni şəkildə və hər zaman cavab verməliyik. Buna cavabımız çox sərt olacaq və yenidən fəlakətə səbəb olacaq”.

Putin 3-cü Dünya Müharibəsi ehtimalından narahat olub-olmaması ilə bağlı suala “Mən bundan narahatam. Xüsusilə Ukraynadakı hərbi münaqişələri, Yaxın Şərqdəki hadisələri, İrandakı prosesləri və mümkün riskləri nəzərə alsaq, ehtimal artır”, – deyə cavab verib.

 

“İqtisadiyyatda tənəzzülə yol verilməməlidir”

 

Paneldə Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edən Putin, iqtisadiyyatın balanslı bir böyümə prosesinə girməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Balanslaşdırılmış böyümə prosesinin orta inflyasiya və aşağı işsizliyi ehtiva etməsi lazım olduğunu bildirən Putin, “Eyni zamanda bəzi ekspertlər iqtisadi durğunluq və hətta tənəzzül risklərinə də işarə edir (Rusiyada). Buna heç bir halda icazə verilməməlidir”.

Putin həmçinin Rusiya iqtisadiyyatının yüksək texnologiyalardan daha çox istifadə etməli olduğunu vurğulayaraq, inkişaf etdirilən rəqəmsal rublun kütlələrə təqdim ediləcəyini bildirib.

Rusiya ordusunu müasir texnologiyalarla təchiz etməyi də planlaşdırdıqlarını bildirən Putin, “Dost ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik. Mən təkcə silahların tədarükü və ya modernləşdirilməsindən danışmıram, eyni zamanda ortaq layihələr, kadr hazırlığı və açar təslim müəssisə və istehsal müəssisələrinin yaradılmasından danışıram”, – deyib.

Rusiya və Çinin yeni bir dünya nizamı yaratmadığını bildirən Putin, “Biz bunu yalnız dəyişiklik təbii olaraq meydana gəldiyi üçün rəsmiləşdiririk”, – deyib.

***

İsrailin İrana şiddətli hücumları ilə başlayan qarşıdurmanı dəyərləndirən Putin, İsrailin İran lideri Xameneyini öldürməklə hədələməsi ilə bağlı “Kaş ki, bu müzakirədə qalsın. Rusiya hər zaman başqa bir ölkənin təhlükəsizliyinə zərər vurmamaq şərti ilə hər bir ölkənin təhlükəsizliyinin təmin edilməsini dəstəkləyir”, – deyib.

İsrail ilə İran arasındakı gərginliyin azaldılmasında regional ölkələrin və Qlobal Cənubun rol oynaya biləcəyini bildirən Putin, “Bir tərəfdən, İran uranı zənginləşdirmək və dinc nüvə gücünə sahib olmaq hüququnu müdafiə edir. Digər tərəfdən İsrail öz təhlükəsizliyini təmin etməkdə israrlıdır. Hər iki ölkə üçün məqbul həll yolları tapıla bilər. Qlobal Cənub və mənim fikrimcə, həll prosesində regional ölkələr həll yolu tapmaqda kömək edə bilər”.

Həm İsrail, həm də İran tərəfləri ilə daim təmasda olduqlarını bildirən Putin, “Məsələnin həlli ilə bağlı bəzi təkliflərimiz var. Biz vasitəçi olmağa çalışmırıq, sadəcə, ideya təklif edirik. Əgər bu təkliflər hər iki tərəfə uyğun olarsa, bunu etməkdən məmnun olarıq. Fikirlərimizin həyata keçirilməsini istəyirik”, – deyib.


“Biz personalımızı Buşehr Atom Elektrik Stansiyasından təxliyə etmirik”

 

Rusiyanın İranla dostluq münasibətləri olduğuna diqqət çəkən Putin, “Bu kontekstdə biz hər zaman bütün öhdəliklərimizi yerinə yetiririk. Biz İranın qanuni maraqları, o cümlədən dinc nüvə enerjisi sahəsində maraqları uğrunda mübarizəsini dəstəkləyirik. Biz həmişə bu yanaşmanı mənimsəmişik. Bu mövzuda mövqeyimiz dəyişməyib”, – deyib.

Moskvanın bu işə qarışmaması ilə bağlı Qərb mətbuatında yazılan tənqidlərə gəlincə, Vladimir Putin belə deyib: “Kim deyir ki, biz daha çox iş görməliyik? Bizdən nə etmək lazımdır? Bizdən hərbi əməliyyatlar keçirməyi tələb edirlər? Rusiya artıq ona təhlükə yaradanlara qarşı hərbi əməliyyatlar aparır. Biz İranın dinc nüvə enerjisi əldə etmək hüququnu müdafiə edirik. Bunu sözlə deyil, konkret hərəkətlərlə edirik. Biz İranda Buşəhr Atom Elektrik Stansiyasını tikdik. İranın ətrafında daha iki atom elektrik stansiyası tikmək üçün müqavilə imzalamışıq. Bu istiqamətdə işimiz var, biz personalımızı oradan çıxarmırıq”.

İsrail və ABŞ ilə təmaslarında AES-də rusiyalı mütəxəssislərin təhlükəsizliyini gündəmə gətirdiyini qeyd edən Putin, İsrailin baş naziri Benyamin Netanyahunun bununla razılaşdığını və ABŞ prezidenti Donald Trampın tələblərin yerinə yetiriləcəyinə söz verdiyini ifadə edərək, “Bu, İranı birbaşa dəstəklədiyimiz deməkdir”, – deyib.

İrandakı nüvə obyektləri ətrafındakı vəziyyətin həyəcan verici olduğunu vurğulayan Putin, “Bunun hara aparacağından narahatıq”, – dedi.

Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Rusiyadan İsrailə mühacirət edən təxminən 2 milyon insanın yaşadığına diqqət çəkən Putin, İsrailin bu gün rusdilli ölkəyə çevrildiyini və bunun Moskva tərəfindən nəzərə alındığını bildirib.

Putin ərəb və İslam dünyası ilə dostluq münasibətləri, strateji tərəfdaşlıq və ittifaqlar qurduqlarını vurğulayıb.

Sessiyada Rusiya Prezidenti Putin, İndoneziya Prezidenti Prabovo Subianto, Cənubi Afrika Respublikasının vitse-prezidenti Pol Maşatil, Çin Baş nazirinin müavini Dinq Şueşiang və Bəhreyn milli təhlükəsizlik müşaviri və Kral Qvardiyasının komandanı Şahzadə Nasser bin Həməd bin İsa Əl Xəlifə iştirak ediblər.

 

“Bölgədəki münaqişəni kədərlə izləyirik”

 

İndoneziya prezidenti Prabowo Subianto buradakı çıxışında Yaxın Şərqdəki vəziyyətə toxunaraq, “Bölgədəki münaqişəni kədərlə izləyirik. Ümid edirik ki, tərəflər məsələni sülh yolu ilə həll edəcəklər” dedi.

Kanadada keçirilən G7 Zirvəsi əvəzinə SPIEF-ə qatıldığını qeyd edən Subianto deyib: “Bunu G7-yə hörmət etmədiyim üçün yox, bu foruma sadiq olduğum üçün etdim. Çünki G7-dən dəvət alana qədər bu foruma qatılacağımı bildirmişdim. Burada gizli heç nə axtarmayın. Ölkəmizin xarici siyasəti çox sadədir, dost min nəfər azdır, bir düşmən çoxdur. İndoneziya hamı ilə dost olmaq istəyir”.

 

“Rusiya ilə ABŞ arasında təmasların bərpası bütün dünya üçün faydalıdır”

 

Çin Baş nazirinin müavini Dinq də Rusiya ilə ABŞ arasında diplomatik əlaqələrin bərpasını alqışlayıb.

İki ölkənin aparıcı dünya qüdrətləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu qeyd edən Dinq, “Bu ölkələr arasında təmasların olmaması anormaldır. Rusiya ilə ABŞ arasında əlaqələrin bərpası bütün dünya üçün faydalıdır. Bu, beynəlxalq vəziyyətin sabitləşməsinə və dünya iqtisadiyyatının bərpasına töhfə verir”, – deyib.

Cənubi Afrika Respublikasının vitse-prezidenti Pol Maşatil də Afrikanın Qlobal Cənubun mərkəzinə çevrildiyini bildirərək, “Dünya çoxqütblü dünya nizamına keçir. Əminəm ki, çoxqütblülük dünyanın bütün ölkələri üçün davamlı inkişafı təmin edəcək. Afrika digər dövlətlərlə bərabərhüquqlu tərəfdaş olmaq istəyir və inanır ki, onun səsi beynəlxalq təşkilatlarda və planetin taleyinə təsir edən qərarlarda daha çox eşidilməlidir”. Bəhreynin milli təhlükəsizlik müşaviri Əl Xəlifə bütün ölkələrlə dost olmaq istədiklərini bildirərək, “Biz münaqişəli ölkələr arasında körpü olmaq istəyirik. Biz (Rusiya və Ukrayna arasında) sülh danışıqlarına ev sahibliyi etməkdən məmnun olarıq”, – deyib.