vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
11:50 | 13 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 3573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biz kimik...

... və hara gedirik?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəlkə də vaxtında dünyadakı separatizm ocaqları və separatçı tendensiyalar haqqında daha dolğun təsəvvürümüz olsaydı Qarabağla bağlı siyasətimiz başqa cür qurulardı.

Amma məsələnin qəlizliyi bundadır ki, nəinki Azərbaycanda, eləcə də Gürcüstanda və Moldovada separatçı tendensiyalar milli dövlət quruculuğunun ilk çağlarına təsadüf etdi - ilk dövrlərdə real hakimiyyət və səlahiyyətlər sovetin əlində idi, sonrakı vaxtlarda isə bu ölkələrin ərazilərindəki separatizm ocaqlarına təsir etmək üçün zəruri imkanları hələ yaranmamışdı.

Sovetlərdən həm də onların məkrli geosiyasi ambisiyalarını təhvil alan Rusiya isə bundan məharətlə istifadə edirdi və nəticədə də belə vəziyyət yarandı.

Bunları niyə deyirik? Yaxınlarda bir xəbər diqqətimizi cəlb etdi - ruslar Fransa prezidenti E.Makronun Korsikaya səfərindən yazmışdı. Həmin bölgə Fransanın ən narahat hissələrindən biridir və potensial separatizm ocağı sayılır.

Xüsusən də ki, yerli qanunvericilik institutuna seçkiləri millətçi - patriotlar udandan sonra vəziyyət bir az da qəlizləşib, sadəcə, bir məsələ var ki, varlı Kataloniyadan fərqli olaraq Korsikanın mərkəzi Fransadan iqtisadi və maliyyə asılılığı böyükdür, hər il Fransa hökuməti bölgəyə 2 milyard dollarlıq subsidiya ayırır.

Sözsüz, belə bir amil Korsikadakı mərkəzdənqaçma meyllərini istər-istəməz tormozlayır. Amma Korsika separatçıları Makronun səfərindən yenə də çox şey umurdular, fəqət, Fransa prezidenti onların istədiklərini nəinki dilə gətirmədi, əksinə bir daha Korsikanın Fransanın ayrılmaz hissəsi olduğunu bildirdi.

Fransa Minsk Qrupunun üç həmsədrindən biridir. Elə Makronun səfəri haqqında oxuyanda ağlımıza gələn ilk fikir bu oldu ki, nədən bəs Paris Dağlıq Qarabağ problemində bu cür birmənalı mövqe tutmur və erməni separatizminə qəti şəkildə «yox» demir?

Desək ki, bu, hansısa bir konkret geosiyasi maraqlarla bağlıdır, heç də düz olmaz, çünki Parisin Ermənistanda geosiyasi maraqları qəti sezilmir və Rusiyadan fərqli olaraq onun Ermənistanı özünün regiondakı forpostuna çevirmək fikri də yoxdur və fransızlar üçün Dağlıq Qarabağ və erməni mövzusunu maraqlı edən yalnız sonuncuların Fransadakı çox güclü diasporudur.

Elə ABŞ-ın da ermənilərə marağını şərtləndirən eyni amildir ki, biz gərək bunu nəzərə alaq, çünki, məsələn, ABŞ-ı İsrailyönümlü siyasi kurs yürütməyə məhz güclü yəhudi lobbisi vadar etdi. Ona görə də unutmayaq ki, ABŞ-da və Fransadakı erməni lobbisi bizim üçün də, elə Türkiyə üçün də böyük bir problem ola bilər, ona görə artıq indidən biz Türkiyə ilə diasporlarımızı birləşdirmək haqqında düşünməliyik.

O ki qaldı E.Makron və Qarabağ məsələsinə, elə yaxınlarda Fransadakı erməni lobbisi onu Dağlıq Qarabağa səfər etməyə dəvət etmişdi, halbuki nəinki prezidentin özünün, hətta bu ölkənin yüksək çinli məmurunun da Dağlıq Qarabağ səfəri açıq diplomatik jest, hətta qondarma «DQR»i Fransa hökumətinin tanıması kimi yozula bilərdi ki, buna da heç vaxt üç həmsədrdən biri olan Paris razı olmaz...

Ermənilərin hiyləgərliyi və simasızlığı, bilirsinizmi, nədədir? Bunların  90 faizi nəinki Dağlıq Qarabağın, heç Ermənistanın perspektivinə inanmır. Amma belə hal onlara Makronu Dağlıq Qarabağa dəvət etməyə mane olmur...

Əvvəlki yazılarımızda etnik separatizmin siyasi-hüquqi və geosiyasi tərəfləri haqqında çox yazmışıq. Ümumi halda götürdükdə, bu fenomen yalnız bəzi hallarda geosiyasi maraqlar üzündən dəstək tapır. Bütövlükdə isə o, həm dünyadakı qlobal demokratik tendensiyalarla və həm də dövlətlərin ərazilərini qorumaq istəyi ilə ziddiyyət təşkil edir və hələ onu demirik ki, onun geniş meydan alması hətta beynəlxalq təhlükəsizliyə böyük təhdiddir.

Kataloniya separatizmi Avropanın siyasətçilərinə müəyyən qədər təsir etdi. Şərq Tərəfdaşlığı sammitində ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı istisna edilmədi, digər münaqişələrə hansı münasibət sərgiləndisə, ona da eyni prizmadan yanaşıldı.

Düşünürük ki, proses inkişaf edəcək və bizim, məsələn, Fransa ilə anlaşma imkanlarımız artacaq, yetər ki, biz də ölkə və yaxud cəmiyyət   olaraq Avropa ailəsinin üzvü olduğumuzu təsdiq edək. Həm də unutmayaq ki, Rusiyaya qarşı sərt münasibət istər - istəməz Qərbi onun keçmiş sovet məkanındakı mövqelərini laxlatmağa sövq edir. Sadəcə, bir daha «geosiyasi indentifikasiyamız» haqqında düşünməliyik: biz kimik və hara gedirik? Belə olarsa, gec-tez dəstək də tapılacaq, problemlərimiz də çözüləcək - əsas odur, bu qəliz Dünyada yerimizi tapaq...