vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
10:59 | 12 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İqtidardakı müxalifət

Yaxşı taktikadır...

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

2019-cu il Azərbaycan vətəndaşlarını təəccübləndirməkdədir. Ard-arda hökumət-xalq yaxınlaşmasına yönəlik addımların atılması vətəndaşlarda az qala şaşqınlığa bərabər müsbət emosiya yaradıb. Bu tendensiyanı əhalinin siyasətlə ilgilənməyən hissəsində daha aydın görmək olur.

Təşəbbüslərə şəxsən dövlət başçısı İlham Əliyev rəhbərlik edir. Şəhid ailələrinə birdəfəlik kompensasiyaların verilməsi törənində, Şamaxıda zəlzələdən ziyan çəkən əhali ilə görüşdə yaşananlar prezidentin təsəvvürlərdəki əlçatmaz obrazını darmadağın edib. Belə görünür, ölkə rəhbərini hər an fiziki olaraq məmləkətdəki olayların mərkəzində görmək olar.

Kənardan baxanda belə təəssürat yaranır ki, prezident İlham Əliyev vətəndaşla birbaşa təmas qurmağa borclu olsa da ünyetməz, səsçatmaz mövqe seçən məmur ordusuna qarşı müxalifətə keçib. Vəzifəli şəxsləri deyə bilmərəm, amma vətəndaş prezidentin öz komandasına barmaq silkələyərək onun yanında dayanmasından son dərəcə məmnundur.

Əhalinin sosial müdafiəsinə yönələn addımların atılması, o sıradan yaşayış minimumunun 180 manata yüksəldilməsi, bəzi struktur islahatlarına başlanması, korrupsiya və rüşvətin cəmiyyəti sarsıdan hədəf kimi göstərilərək bu bəlaya qarşı yeni cəbhə açıldığının elan edilməsi güzəranının yaxşılaşması üçün hökumətdən radikal addımlar gözləyən insanlara stimul verib.

Ancaq bu addımları bütün təbəqələrin eyni cür qarşıladığını söyləmək yersiz olar. Siyasi müxalifət məsələyə fərqli bucaqdan baxır, hakimiyyətin xalqla açıq dialoqa başlamasını gecikmiş, bəri başdan uğursuzluğa məhkum cəhd sayır. Əsas arqument odur ki, uzun illər sosial tələbləri görməzdən gələn iqtidarın addımları müvəqqəti dönəmə hesablanan müsbət imajyaratmadır.

İqtidarla müxalifət arasında davam edən bu psixoloji savaşı birmənalı iqtidar idarə edir. Müxalifətin hər dəfə irəli sürdüyü “arxasında konkret addım dayanmayan piardır” iddiasının qarşısına hakimiyyət yeni açılım sürprizi ilə çıxır. Yaxşı taktikadır... Çünki siyasi düşərgədə qüvvələr nisbətinin necə dəyişməsindən, hansısa siyasi yerdəyişmənin baş verib-verməməsindən asılı olmayaraq bu prosesdə qazanan vətəndaşdır. O vətəndaş ki, iqtidarların söykənə biləcəyi ən sağlam qüvvə öz komandasından öncə məhz odur.

Ötən həftə prezident yanında Əfv Komissiyasının yenidən işə başlaması xəbəri verildi. Ardınca siyasi məhbus siyahılarının gözdən keçiriləcəyi ilə bağlı insan haqları müdafiəçilərinin açıqlamalarını eşitdik. İndidən bəllidir ki, bir neçə dəfə təkrar olunan təcrübənin gerçəkləşməsi - Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanması olduqca realdır. Əgər iqtidar bu dəfə cəmiyyətin sağlamlaşdırılmasına yönəlik siyasətini davam etdirərək siyasi məhbus probleminin kökünü bir az da dərin qazısa, həm ölkə içərisindəki, həm kənardakı siyasi rəqiblərini köşəyə sıxışdırmış olacaq. Sosial müdafiəyə yönəlik addımları siyasi kontekstli qərarlarla “bəzəmək” nəticəni çox gözlətməyən uğurlu gediş olardı.

Onsuz da 2019-un ilk 40 günündə yaşananlar iqtidarın kiçik fiqurların həbsə atılaraq siyasi qəhrəmana çevrilməsi, ölkənin gərəksiz beynəlxalq təpki ilə üzləşməsinə şərait yaradılması xəttindən uzaqlaşması görüntüsü yaradıb. Bu xəttin ortaya çıxardığı süni gərginliyin azaldılmasının tək yolu prosesi geriyə döndərmək, genişmiqyaslı sosial projelərlə siyasi gərginliyi minimuma endirməkdir.

Vətəndaşın tələbi aydındır – o, korrupsiyasız, rüşvətsiz cəmiyyət, normal iş, problemi olanda döydüyü hökumət qapısında eşidilmək, bugünlərdəki kimi ciddiyə alınmaq istəyir. Ən əsası da vəzifə səlahiyyətlərini aşan məmurların cəzalandırılmasını.

Bu qədə sadə...