vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
19:34 | 6 may 2019 | Bazar ertəsi Məqaləyə 2445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həftənin analizi

Azərbaycandan və dünyada baş verənlərdən qısa-qısa ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışının ana maddələri bunlar idi: İslahatlar bir neçə istiqamətdə aparılır, yeni sosial-iqtisadi model hazırlanır. Buna baxmayaraq, prezident hər iclasda olduğu kimi yerli icra hakimiyyəti başçılarının yenidən bu sözlərlə xəbərdar etdi: “Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”. Prezident ictimai nəzarətin güclü olması fikrini də təkrarladı.

Gürcüstan-Azərbaycan sərhəddindəki son olaylar və gürcü rəsmilərin sərhədlə bağlı çoxsaylı açıqlamaları həftənin digər yadda qalan hadisəsi idi. Başda Gürcüstan prezident olmaqla gürcü rəsmiərinin tamamı həftə ərzində verdikləri açıqlamalarda sərhəddin yerdə qalan 34 faizinin qısa zamanda müəyyənləşməsi vacibliyini bildirdilər. Gürcü rəsmiləri bunu o şəkildə səsləndirdilər ki, sanki Gürcüstanın strateji tərəfdaşı Azərbaycanla sərhəddi tələsik müəyyənləşməsindən başqa dərdi yoxdur.

Rəsmi Bakı Tbilisi ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Elə buna görə də prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Halbuki, Xələf Xələfov 5 ay öncəsinə qədər elə bu vəzifədə idi. Görünür, Azərbaycan prezidenti də Gürcüstanla sərhəd mövzusundakı danışıqları gecikdirmək istəmir. Sərhəd mövzusunda peşəkar diplomat olan Xələf Xələfov Gürcüstanla danışıqlarda Azərbaycanı təmsil edəcək.

Həftənin digər vacib hadisəsi kimi 1-3 may tarixlərində Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərini göstərə bilərik. İki ölkə arasında birgə hərbi təlimlər tez-tez keçirilir. Eyni günlərdə Türkiyədə beynəlxalq hərbi sərgi keçirilirdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədəki sərgidə iştirak etdi. Azərbaycan Türkiyənin istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan Türkiyədən daha çox hərbi texnika ala bilər. Ermənistan və Dağlıq Qarabağ separatçıları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından narahatdırlar. Onlar Azərbaycan-Türkiyə hərbi təlimlərini özləri üçün təhlükə kimi görürlər. Erməni separatçıları hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa hücum əməliyyatları həyata keçirə bilər. Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. Separatçılar haqlıdırlar. Azərbaycan Türkiyə ordusunun döyüş təcrübəsini öyrənir. Azərbaycanın Türkiyədən alacağı hərbi texnikadan gələcəkdə istifadə oluna bilər. Türkiyə Azərbaycanda hərbi bazalar yerləşdirərsə, bu Azərbaycan torpaqlarını işğal edən Ermənistanı daha çox qorxudacaq.

İrəvanda Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin baş nazirlərinin toplantısı da diqqəti cəlb edirdi. Bu toplantı bir daha göstərdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi davam etdirmək istəyir. Halbuki, Paşinyan hakimiyyətə yeni gələndə balanslı xarici siyasətə üstünlük verəcəyini deyirdi. Paşinyan Avropa və ABŞ-dan ümid etdiyi maliyyə dəstəyini ala bilmədiyinə görə Rusiya ilə strateji müttəfiqliyin davamına üstünlük verdi.

Keçən həftə NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın 25 ili tamam oldu. Bu əməkdaşlığın bünövrəsi 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin NATO-nun mənzil qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzalamasıyla başladı. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir, NATO Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir, Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təhsil proqramlarında iştirak edirlər və bu Azərbaycan ordusunun bütün istiqamətlərdə NATO standartlarına yaxınlaşmağa imkan verir, NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

 

Ötən həftə ABŞ-ın İrandan neft alan ölkələrə qarşı da sanskiyaların tətbiqinə başlanıldı. Sanksiya mexanizmi hələ işə düşməyib. Ancaq bəllidir ki, hədəfdə Türkiyə də var. Türkiyənin İran neftindən tamamən imtina etməsi problematikdir. İrana qarşı neft embarqosunun neftin qiymətlərinə və ümumilikdə regional proseslərə mənfi təsirləri olacaq.

 

Azərbaycandan və dünyadan qısa-qısa:

 

- Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putini tənqid edərkən dedi ki, Kreml sahibi bir sıra ölkələrə təzyiq edir ki, onu həmin ölkələrə buraxmasınlar və bu sırada Azərbaycan da var;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübaruz Qurbanlı keçən həftə dedi ki, universitetlərdə din fənləri tədris olunmalıdır. Ancaq Təhsil Nazirliyi bu xəbəri təsdiq etmədi; 

- Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç keçən həftə Bakıda oldu. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, Xorvatiya Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirak etdiyi iqtisadi layihələrdə də maraqlıdır;

- ABŞ səfirinin müavini Uilyam Gill dedi ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü ABŞ-da keçirilə bilər. Bu barədə hazırda danışıqlar gedir;

- Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Yukia Amano İrəvana gedərək “Metsamor” atom elektrik stansiyasının durumu ilə bağlı danışıqlar apardı. Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Bu stansiyanın durumu bölgə ölkələrini də narahat edir;

- ABŞ prezidenti Donald Tramp mayın 4-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdı. Əsas 3 mövzu müzakirə olundu: Putinin Şimali Koreya lideri ilə görüşü, Ukraynada prezident seçkisinin nəticələri və Venesuelladakı vəziyyət. (“Atlas” Araşdırmalar Mərkəzi)